III MDB Oyunları: Dünyaya verdiyimiz sülh mesajının növbəti təzahürü
Beynəlxalq aləm sürətlə dəyişir. Bu dəyişkənlik mühitində idmanın inkişafı ölkələr üçün ən mühüm siyasətlərdən biri kimi qəbul edilmişdir. İdmana artıq elə bir fundamental sahə kimi yanaşılır ki, o, ictimai və humanitar elmlərin əsas mövzularından biri kimi ədəbiyyatlara daxil edilir.
İdman deyilən zaman ağla sağlam vətəndaş gəlir. Şübhəsiz ki, sağlam vətəndaş bir ölkə üçün ən böyük sərvət, insan kapitalı deməkdir. Bu cür insanlar milli rəqabətdə həlledici rol oynayırlar. Habelə idman təkcə fərdi yanaşılmalı bir amil deyil. Burada fərdin fiziki və psixi sağlamlığı qədər, təmsil etdiyi xalqın, cəmiyyətin mədəniyyətinin, həyat tərzinin göstərilməsi deməkdir.
Fiziki güc həm də milli güc deməkdir. Bu, iqtisadi, siyasi, tibbi, mədəni, təhsil və sosial nailiyyətlərlə də qarşılıqlı əlaqədədir. Göründüyü kimi, bu zəncirdir və nəticə etibarı ilə, idman cəmiyyətlərarası münasibətlər üçün körpü rolunu oynayır.
Bu gün dünya siyasətçiləri cəmiyyət daxilində gücləndirilən idman siyasətini beynəlxalq arenaya çıxartmaq üçün əzmlə çalışırlar. Çünki dövlət konkret məqsədə nail olmaq üçün bütün komponentləri düzgün dəyərləndirməli, kompleks halında bütün amilləri işlək mexanizmə gətirməlidir. Qlobal arenada özünü təsdiq edən Azərbaycan idman siyasətinə də böyük önəm verir. Cənab Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqətin nəticəsidir ki, Azərbaycan beynəlxalq idman ailəsində qəbul edilən, hörmət göstərilən etibarlı bir üzvdür. Bakıda 2015-ci ildə keçirilən Birinci Avropa Oyunları, 2017-ci ildə keçirilən dördüncü İslam Həmrəylik oyunları, Formula 1 zamanı da belə nüfuzlu tədbirlərin uğurla keçirilməsi, verilən qərarların ədalətli və keyfiyyətli olması üçün, təşkilati məsələlərin ən üst səviyyədə olması üçün Azərbaycan bütün resurslarını və gücünü səfərbər etmişdir. Çünki beynəlxalq idman oyunları xalqımızın sürdüyü həyat tərzinin dünyaya tanıdılması, onun üzqabığı deməkdir.
Dövlət başçımız Bakı ilə yanaşı regionlarda idman infrastrukturunun inkişafına böyük önəm verir. III MDB Oyunlarının açılış mərasimindən öncə cənab Prezident İlham Əliyevin Yevlax Olimpiya İdman Kompleksinin, Gəncə Stadionunun açılışında iştirak etməsi ondan xəbər verir ki, Azərbaycan bu məsələyə ciddi yanaşır, kompleks yanaşma tətbiq edir.
III MDB Oyunlarının tarixi Gəncə şəhərində, Şəki, Qəbələ, Yevlax, Mingəçevir, Göygöl ilə yanaşı Xankəndidə də keçirilməsi xüsusi önəm kəsb edir. Bu, torpaqlarımızın dünyaya tanıdılması, qədim məskən, yurd yerlərimizin özünütəsdiqi deməkdir. III MDB Oyunları dünyaya verdiyimiz sülh mesajları baxımından da önəmlidir. Oyunların açılış mərasimi zamanı cənab Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şəhid övladlarına göstərdiyi diqqət və qayğı isə xüsusilə vurğulanmalıdır. Bir daha sübut olunur ki, dövlətimiz hər zaman bu həssas kateqoriyanın yanındadır.
Azər Badamov,
Milli Məclisin deputatı
15:25 29.09.2025
Oxunuş sayı: 12146