Misirli tarixçi: Fələstinin tanınması vaxt qazanmaq üçün taktikadır

Fələstinin BMT-də 157 ölkə tərəfindən tanınması tarixi bir addım kimi qiymətləndirilsə də, bu, vaxt qazanmaq üçün taktikadır.
Crossmedia.az "Haber Global"a istinadən xəbər verir ki, bu barədə misirli Yaxın Şərq tarixçisi Prof. Dr. Xalid Fəhmi deyib. Fəhmi, İsrailə qarşı konkret iqtisadi sanksiyalar tətbiq olunmadığı müddətcə Qəzza xalqına qarşı soyqırımın bitməyəcəyini vurğulayıb:
"Sanksiyalarla dəstəklənməyincə, tanınmanın heç bir real və konkret dəyəri yoxdur. İsrailə qarşı iqtisadi tədbirlər görülməsə, Qəzza xalqına qarşı soyqırım bitməyəcək. Dünya miqyasında artan Fələstin etirazları və həm milli hökumətlər, həm də BMT-nin Fələstinin dövlət kimi tanınması istiqamətində atdığı addımlar çox əhəmiyyətlidir. Fələstinin dövlət kimi qurulmasından 30 ildən çox vaxt keçdikdən sonra qlobal ictimai rəy və beynəlxalq təşkilatların tanınması istiqamətində atılan addımlar İsrailin siyasi çıxılmaz vəziyyətini ortaya qoyur. İsrail artıq “Fələstin torpaqlarını” deyil, “Fələstin dövlətini” işğal edən işğalçı ölkə vəziyyətinə düşüb".
Professor əlavə edib ki, İsrail işğal etdiyi torpaqlardan geri çəkilmədiyi halda tanınma, Fələstindəki faktiki vəziyyətin qəbul edilməsi anlamına gələr: "Təəssüf ki, Fələstin xalqı keçmişdə bu təcrübəni çox acı şəkildə yaşayıb. Tanınma qərarları sanksiyalarla dəstəklənmədikcə soyqırım dayanmayacaq. Unutmamaq lazımdır ki, beynəlxalq qərarlar hərəkət deyil, siyasətdir və tanınma sadəcə ilk addımdır.”
Fatimə Hacıəliyeva
23:30 28.09.2025
Oxunuş sayı: 985