Azərbaycan BMT tribunasından qlobal əhəmiyyətli mesaj verdi - Deputat

27 Sentyabr Vətən müharibəsinin başladığı gün və qəhrəman şəhidlərimizin Anım Günü Azərbaycanın müasir tarixinə həm kədər, həm də qürur səhifəsi kimi yazılıb. Bu gün torpaqlarımız uğrunda canından keçmiş qəhrəmanların müqəddəs xatirəsi yad edilir, eyni zamanda onların qanı bahasına qazanılmış Zəfərin nəticələri dünya ictimaiyyətinə nümayiş etdirilir.
Məhz belə bir tarixi günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin 80-ci sessiyasında etdiyi çıxış ölkəmizin haqq səsini, beynəlxalq hüquqa sadiqliyini və sülhə verdiyi töhfəni bir daha təsdiqlədi.
Anım günü ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Rizvan Nəbiyev ölkə başçısının çıxışını Azərbaycanın işğaldan Zəfərə gedən yolunu, müharibədən sonra isə sülh quruculuğuna yönəlmiş siyasətini qlobal miqyasda təqdim etdiyini bildirib:
“Dövlət başçısının BMT tribunasından verdiyi mesajlar şəhidlərimizin qanı bahasına və öz resursları hesabına bərpa edilmiş suverenliyin və ərazi bütövlüyünün beynəlxalq səviyyədə təsbiti kimi qəbul oluna bilər. Prezident İlham Əliyevin ‘Gəlin, birlikdə ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı dünya quraq’ çağırışı, 27 Sentyabr Anım Günündə bütün dünyaya Azərbaycanın haqq səsini çatdıran tarixi bəyanatdır.
Azərbaycanın sülh təşəbbüsləri, regionda təhlükəsizlik və sabitliyi hərbi, siyasi və diplomatik vasitələrlə təmin etməsi sülh qazanmağın Azərbaycan modelini formalaşdırmışdır. Bu modelin beynəlxalq müstəvidə təqdimatl şəhidlərimizin ruhuna ən böyük ehtiramdır. Çünki onların qəhrəmanlığı nəticəsində qazanılmış qələbə bu gün regionda sülhün, əməkdaşlığın və ədalətin təmin olunmasına xidmət edir”.
Deputat həmçinin bu günü şəhidlərimizin müqəddəs xatirəsini anmaqla yanaşı onların uğrunda döyüşdüyü idealları - ədalət, suverenlik və sülh prinsiplərini daha sabit və rifaha malik dünya naminə bölüşdüyümüz gün olduğunu qeyd edib.
"Prezident İlham Əliyevin
BMT-nin ali kürsüsündən etdiyi çıxış isə bu idealların və ona əsaslanan sülh
gündəliyimizin qlobal miqyasda təqdimatı oldu" - deyə o əlavə edib.
Elmir Heydərli
18:00 27.09.2025
Oxunuş sayı: 4783