Rabatda 27 Sentyabr - Anım Günü ilə bağlı tədbir keçirilib
Mərakeşin paytaxtı Rabatda yerləşən Milli Kitabxanada 27 Sentyabr - Anım Gününün 5-ci ildönümü ilə bağlı dəyirmi masa keçirilib.
Crossmedia.az xəbər verir ki, Azərbaycanın Mərakeş Krallığındakı səfirliyinin Mərakeş Milli Kitabxanası və “Mərakeş-Azərbaycan Dostluq Cəmiyyəti” ilə birgə təşkil etdiyi bu tədbirdə Mərakeş dövlət rəsmiləri, icra hakimiyyəti qurumlarının təmsilçiləri, İslam dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) rəsmiləri, diplomatik korpus, media, qeyri-hökumət təşkilatları nümayəndələri, eləcə də Azərbaycan diaspor təmsilçiləri də olmaqla 50-dən artıq qonaq qatılıb.
Tədbirin əvvəlində şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra isə Anım gününə həsr olunmuş qısa videoçarx nümayiş olunub.
Tədbiri açan Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədov 44 günlük Vətən müharibəsi haqqında danışıb, ölkəmizin beynəlxalq səviyyədə tanınmış bütün torpaqları üzərində suverenliyini tam bərpa etməsinin müasir Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri olduğunu bildirib. Bu tarixi qələbənin Azərbaycan xalqının qətiyyəti, dövlətimizin qüdrəti və ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində mümkün olduğu xüsusi vurğulanıb. 27 Sentyabr- Anım Günündə vətənimizin müdafiəsi və Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin anılmasının hər bir azərbaycanlı üçün müqəddəs borc olduğu qeyd olunub.
Daha sonra “Mərakeş-Azərbaycan Dostluq Cəmiyyəti”nin sədri Muhamməd Fakiri Vətən müharibəsi nəticəsində Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin Azərbaycan xalqı üçün tarixi önəm kəsb etdiyini və bu hadisələrin Mərakeşdə də yaxından izlənildiyini qeyd edib. M.Fakiri 2008-ci ildən etibarən rəhbərlik etdiyi Cəmiyyətin iki ölkə arasında müxtəlif sahələrdə, xüsusilə də humanitar əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində bir sıra işlər gördüyünü vurğulayıb. Bununla yanaşı, ötən müddət ərzində əldə olunmuş nəticələri təqdirəlayiq hesab edən Cəmiyyət rəhbəri ölkələrimiz arasında əməkdaşlıq əlaqələrini və dostluq körpülərini möhkəmləndirməyə və bu istiqamətdə Azərbaycandan olan həmkarları ilə birgə fəaliyyət göstərməyə hazır olduqlarını diqqətə çatdırıb.
İslam dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Tərəfdaşlıqlar və Beynəlxalq Əməkdaşlıq Departamentinin rəhbəri Anar Kərimov çıxışında ICESCO-Azərbaycan münasibətlərinə toxunub, bu əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini bildirib. O, mədəniyyət, təhsil sahələrində və sivilizasiyalar arasında dialoqun möhkəmlənməsində göstərdiyi xidmətlərə görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın ICESCO-nun xoşməramlı səfiri adına layiq görülməsinin bu əməkdaşlığın əlamətdar məqamlarından biri olduğunu vurğulayıb. Qeyd olunub ki, Azərbaycan torpaqlarının işğal altında olduğu dövrdə və işğaldan azad edildikdən sonra təşkilat ölkəmizin haqq mövqeyini tam dəstəkləyib və Azərbaycan həqiqətlərinin İslam dünyasının diqqətinə çatdırılmasına töhfə verib.
Daha sonra çıxış edən Türkiyənin Mərakeşdəki səfiri Mustafa İlker Kılıç qardaş ölkə olan Azərbaycanın torpaqlarının işğaldan azad edilməsinin Türkiyədə böyük coşğu və fərəh hissi ilə qarşılandığını, “bir millət, iki dövlət” şüarı ilə hər zaman Azərbaycanın yanında olan Türkiyənin Azərbaycanın dövlətçiliyinin möhkəmləndirilməsi, suverenliyinin bərpa edilməsi və inkişaf yolunda uğurlarını öz uğurları kimi qəbul etdiyini bildirib. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsinin Türkiyədə də əziz tutulduğu xüsusi qeyd olunub.
Mərakeşin 2009-2016-cı illərdə ölkəmizdə səfiri olmuş Həsən Hami çıxışında 2000-ci illərin əvvələrindən başlayaraq, Azərbaycanın apardığı xarici siyasət kursu, regional siyasəti, çoxtərəfli diplomatiyasına dair məlumat verib, bölgədə yaranmış yeni reallıqların və sülhün bərqərar olmasının iqtisadi inteqrasiya və əməkdaşlığa müsbət töhfə verəcəyinə inandığını ifadə edib.
Həmçinin, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) Mərakeşdəki müxbiri Şuayib Brhadda, eləcə də ölkəmizə bu yaxınlarda səfər etmiş mərakeşli jurnalistlər qrupunun tərkibində olmuş Driss Lyakubi Vətən müharibəsi dövründə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında Azərbaycan mətbuatının, xüsusilə AZƏRTAC-ın rolundan bəhs edib, habelə işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı quruculuq və bərpa işlərinin əhəmiyyətini vurğulayıblar.
Mərakeşin aparıcı beyin mərkəzlərindən olan AMADEUS İnstitutunun Departament rəhbəri Amin Kabbaj, eləcə də Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri Ahmed Nureddin və Murad Davudi nitqlərində Azərbaycan-Mərakeş münasibətlərinə toxunub, dost ölkələr arasında müxtəlif sahələrdə yüksələn xətlə inkişaf edən əlaqələrin önəminə diqqəti çəkiblər. (Azərtac)
09:36 27.09.2025
Oxunuş sayı: 3739