Gürcüstan telekanalı Azərbaycan Prezidentinin BMT Baş Assambleyasındakı çıxışından geniş material yayıb

Gürcüstanın 1Tv.ge televiziya kanalı Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin ən mötəbər beynəlxalq platformaların
birindən – BMT Baş Assambleyasının tribunasındakı çıxışından geniş material
yayıb.
Crossmedia.az xəbər verir ki, ingilis dilində
yayımlanan 17 dəqiqəlik videomaterialda, eləcə də gürcü dilində dərc olunmuş xəbərdə
dövlətimizin başçısının dünyaya çağırışı barədə məlumat verilir.
Materialda deyilir ki, Azərbaycan Prezidenti çıxışında
ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı, qanunun
aliliyinə hörmət edildiyi, sülhün təkcə sözlərlə deyil, əməli addımlarla təmin
olunduğu bir dünyanın qurulmasının zəruriliyini dilə gətirdi.
Azərbaycan Lideri bu tribunadan ölkəmizin baxışlarını,
prioritetlərini bəyan etdi: Beynəlxalq hüquqa əsaslanan sülh və inkişaf,
dövlətlərin daxili işlərinə qarışmama, qarşılıqlı hörmət və əməkdaşlıq.
Qeyd olunur ki, Prezident İlham Əliyevin Baş
Assambleyadakı çıxışı həm də tarixi bir an idi. Çünki Azərbaycan Lideri vaxtilə
ölkəmizin işğal, təcavüz və ədalətsizliyə məruz qaldığını bəyan etdiyi
tribunada indi işğala necə son qoyduğumuzu və sülhü siyasi vasitələrlə necə
təmin etdiyimizdən danışdı.
Eyni zamanda, materialda Azərbaycan Prezidentinin
enerji təhlükəsizliyinin sülh, regional inteqrasiya və iqtisadi inkişafla bağlı
olması barədə fikirləri qeyd olunur, Azərbaycanın bu məqsədlərə nail olmaqda
fəal rol oynamaqda davam etdiyi vurğulanır.(Azərtac)
22:18 26.09.2025
Oxunuş sayı: 1305