Yaxın vaxtda Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanacaq - Deputatdan müjdə
Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı bildirib ki, Azərbaycan yeni bir dövrə qədəm qoyub.
Dövlət başçısı qeyd edib: "Biz həm müharibədə, həm də sülhdə qələbə qazandıq. İşğala son qoyduq və bərpa işlərinə başladıq. Ədalət zəfər çaldı, suverenlik möhkəmləndi və sülh de-fakto təmin olundu. Biz bu müsbət təcrübəmizi paylaşmağa hazırıq".
Təbii ki, ölkəmizin və müzəffər Ali Baş Komandanımızın uğuru danılmaz və bariz sübut ola biləcək haldır.
Ölkə liderinin səsləndirdiyi fikirlər barədə Milli Məclisin deputatı Tahir Rzayev Crossmedia.az-a açıqlama verib: "Azərbaycan Prezidenti cənab İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı tarixi bir hadisə kimi ölkənin daxili və xarici siyasətinə, iqtisadi inkişafımıza, qələbəmizə verilən dəyər kimi qiymətləndirilə bilər. Çıxış bir daha bütün dünyaya bəyan etdi ki, Azərbaycan xalqı sülhün, əmin-amanlığın, qarşılıqlı münasibətlərin və əməkdaşlığın tərəfdarıdır. Dövlətimiz və xalqımız əldə etdiyi qələbələrlə yeni bir dövrə qədəm qoymuşdur. Cənab Prezidentin çıxışına tarixi qələbələrimizin doğurduğu qürurla başlaması isə tamamilə təbiidir. Çünki 30 il işğal altında qalan torpaqlarımız məhz ölkə Prezidentinin – Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, müzəffər ordumuzun şücaəti və həmişə bir olan xalqımızın birliyi sayəsində düşməndən azad olunmuşdur. 44 günlük müharibə və 23 saatlıq antiterror tədbirləri bütün dünyaya göstərdi ki, Azərbaycan dövləti öz müqəddəratını həll etmək, torpaqlarını azğın düşməndən qurtarmaq və təcavüzkarı himayə edən dövlətlərin planlarını puç etmək gücünə malikdir. Cənab Prezident həmin çıxışında işğal faktorunu doğuran səbəbləri, bu səbəblərə dəstək verənlərin iç üzünü açıq şəkildə ortaya qoydu və təəssüflə bildirdi ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi olmasına baxmayaraq, beynəlxalq təşkilatlar, xüsusilə də Minsk qrupu münaqişənin həllinə heç bir real dəstək verməmişdir".
O, diqqətə çatdırıb ki, Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə etməklə torpaqlarını azad etdi: "Ədalət zəfər çaldı, suverenlik tam bərpa olundu və ölkənin ərazi bütövlüyü təmin edildi. Cənab Prezident bu qələbədə payı olan beynəlxalq təşkilatları qiymətləndirməklə yanaşı, həm də sülhün təmin olunması üçün 8 avqustda Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ dövlət rəhbərlərinin iştirakı ilə keçirilən görüşə diqqət çəkdi. Həmin görüşdə imzalanmış razılaşmaların Azərbaycan xalqının milli maraqlarını ifadə etdiyini, Minsk qrupunun fəaliyyətinin dayandırılmasının və “97-ci düzəliş”in dondurulmasının dövlətimizin ən böyük nailiyyətlərindən biri olduğunu vurğuladı. ABŞ Prezidenti Donald Trampın bu sahədəki fəaliyyətini yüksək qiymətləndirdi və əldə olunan razılaşmaların əhəmiyyətini xüsusi qeyd etdi.Bu, sözsüz ki, sülhə yol açdı, Azərbaycan–ABŞ münasibətlərində yeni mərhələ başlandı və şübhəsiz ki, yaxın gələcəkdə sülh müqaviləsi imzalanacaq. Cənab Prezident möhtəşəm çıxışında bir daha demokratiyaya, sülhə və əmin-amanlığa sadiqliyini nümayiş etdirdi. Humanist addımlardan, digər ölkələrə və yoxsul dövlətlərə göstərilən dəstəkdən, həmçinin ölkə iqtisadiyyatının şaxələnməsindən geniş şəkildə bəhs etdi".
Deputat, həmçinin nailiyyətlərimizin əsasında məhz iqtisadi inkişafımız dayandığını bildirib: "Bu gün ümumi daxili məhsul göstəricilərinin artması, valyuta ehtiyatlarımızın çoxalması, həyata keçirilən mühüm iqtisadi islahatlar, ölkənin neft və qaz ixracı sahəsində təşəbbüsləri, nəqliyyat infrastrukturunun yenidən qurulması, günəş, külək və su elektrik enerjisinin bərpasına diqqət yetirilməsi, bu sahədə əldə edilən uğurlar gələcək inkişafımız üçün möhkəm zəmin yaradır".
Elmir Heydərli
13:48 26.09.2025
Oxunuş sayı: 5759