Azərbaycanın infrastruktur layihələri regionun strateji əhəmiyyətini artırır-Deputat
Azərbaycanın nəqliyyat və infrastruktur sahəsində həyata keçirdiyi iri miqyaslı layihələr regionda iqtisadi əməkdaşlıq və nəqliyyat əlaqələrinin inkişafına mühüm töhfə verir. Orta Dəhliz üzrə yükdaşımaların həcminin artması, Bakı Limanının genişləndirilməsi, eləcə də Bakıdan Zəngilan və Ermənistan sərhədinə qədər uzanan dəmir yolu layihəsi ölkəmizin tranzit potensialını daha da gücləndirir. Bu layihələr təkcə Azərbaycanın iqtisadi imkanlarını artırmaqla kifayətlənmir, həm də Cənubi Qafqazı beynəlxalq əməkdaşlıq məkanına çevirmək və regionun strateji əhəmiyyətini yüksəltmək baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev Nyu-Yorkda keçirilən 6-cı Xəzər Biznes Forumunda çıxışı zamanı qeyd edib ki, ölkəmiz əlavə investisiyalar və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq vasitəsilə bu sahədə mövqeyini daha da möhkəmləndirir. O, həyata keçirilən infrastruktur layihələrinin yeni imkanlar və perspektivlər açdığını, Azərbaycanın regional və qlobal miqyasda artan rolunu vurğulayıb.
Mövzu barədə Crossmedia.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, Prezidentin köməkçisi Hikmət Hacıyev ölkəmizin infrastruktur layihələrinin yeni keyfiyyətindən və onların genişləndirilməsi zərurətindən bəhs edib.
Deputatın sözlərinə görə, bu çıxış əslində Azərbaycanın reallıqlarını yenidən təqdim etmək və beynəlxalq əməkdaşların diqqətinə çatdırmaq baxımından mühüm addımdır: “Bu gün həyata keçirilən layihələr nəticəsində Azərbaycan ABŞ-dan tutmuş Londona, Çindən tutmuş Belçikaya qədər bir çox ölkələrin maraq dairəsindədir. ABŞ prezidenti belə Transxəzər marşrutu və Zəngəzur dəhlizini o qədər əhəmiyyətli hesab edir ki, hətta onu "Sülhə və rifaha marşrut" adlandırmaq istəyir. Bu, əlbəttə ki, böyük maraq və diqqət hadisəsidir. Hətta Prezident Donald Tramp dəfələrlə bununla bağlı fəxr etdiyini, qürur duyduğunu bildirib”.
Deputatın fikrincə, Azərbaycanın həyata keçirdiyi layihələr həm regional nüfuzun göstəricisi, həm də dünya siyasətini müəyyən edən güclərlə əməkdaşlıq imkanlarının genişlənməsidir: “Hikmət Hacıyevin toxunduğu məsələnin mahiyyəti də məhz bundadır. Yeni sifarişlərin yaranması limanların və yolların genişləndirilməsini şərtləndirir. Bu isə strateji baxımdan ölkəmizin təhlükəsizlik və iqtisadi inkişafına xidmət edən mühüm addımdır. Azərbaycanın tarixi imperiyaların təzyiqlərindən qurtulub müstəqil siyasət yürütməsi də bu layihələr vasitəsilə daha aydın görünür”.
Mehriban Yariyeva
11:51 26.09.2025
Oxunuş sayı: 12452