44 Günlük Vətən Müharibəsi Azərbaycan tarixinin ən mühüm və şərəfli səhifələrindən biridir - DEPUTAT yazır
27 sentyabr 2020-ci il
tarixində Ermənistanın silahlı qüvvələrinin
genişmiqyaslı təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına
başladı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan hərbi əməliyyatlar
nəticəsində Azərbaycan Ordusu işğal altında olan ərazilərimizi azad edərək
tarixi ədaləti və ərazi bütövlüyümüzü bərpa etdi.
44 Günlük Vətən
Müharibəsi Azərbaycan tarixinin ən mühüm və şərəfli səhifələrindən biridir. Bu
savaş Azərbaycan xalqının iradəsini, birliyini və ərazi bütövlüyü uğrunda
mübarizəsini bir daha bütün dünyaya göstərdi.
Müharibənin nəticələri region üçün yeni mərhələnin başlanğıcını qoydu və Azərbaycanın
gələcək inkişafı üçün mühüm zəmin yaratdı.
Vətən müharibəsində
Azərbaycan xalqı birlik, həmrəylik və milli ruh nümayiş etdirərək, düşmənin layiqli cavabını vermişdir. Minlərlə igid oğullarımız bu yolda şəhidlik zirvəsinə ucaldı, on minlərlə
qazimiz mübarizənin canlı şahidinə çevrildi. Onların göstərdiyi rəşadət və vətənpərvərlik
gələcək nəsillər üçün əsl qəhrəmanlıq nümunəsi oldu.
2020-ci ilin 27
sentyabrında başlanan və 44 gün davam edən Vətən Müharibəsi yalnız bir hərbi qələbə
deyil, həm də Azərbaycan xalqının mübarizə iradəsinin, vətən sevgisinin və
birliyinin simvoludur. Bu
müharibənin ən qiymətli və müqəddəs səhifəsi isə şəhidlərimizin və
qazilərimizin, yəni
müharibənin canlı qəhrəmanlarının tarixə yazdığı şərəfli izlərdir.
Şəhidlik Azərbaycan
xalqı üçün hər zaman müqəddəs bir anlayış olub. 44 günlük müharibə zamanı minlərlə
igid oğul vətənin bütövlüyü uğrunda canından keçərək şəhidlik
zirvəsinə ucalmışdır. Bu şəhidlər Azərbaycanın
gələcəyi, torpaqlarımızın azadlığı və xalqımızın qüruru üçün əbədi yaşayacaqlar.
Şəhidlik zirvəsi qədər
müqəddəs olan digər bir məqam isə veteranlıq, yəni müharibədən
sağ çıxmış, lakin həyatını və sağlamlığını bu mübarizəyə həsr etmiş
insanlarımızdır. Onlar bu gün də xalq arasında hörmət və ehtiramla qarşılanır.
44 günlük Vətən
Müharibəsinin şəhidləri və qaziləri yalnız bir döyüşün deyil, bütöv bir
xalqın taleyinin qəhrəmanları oldular. Onlar sayəsində Azərbaycan 30
ilə yaxın davam edən işğala son qoydu, tarixi ədaləti bərpa etdi və yeni
reallıqlar yaratdı.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına
əsasən, hər il 27 sentyabr tarixi ölkəmizdə Anım Günü kimi qeyd
olunur. Bu gün, 2020-ci ildə başlayan və 44 gün davam edən Vətən müharibəsində
qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsinin
anıldığı gündür.
Bu gün dövlətimiz şəhid ailələrini yüksək səviyyədə dəstəkləmək məqsədilə
maddi, sosial və psixoloji yardım proqramları həyata keçirir.
Prezident
İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamı ilə Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər
muzeyinin layihələri hazırlanmış və tikinti işlərinə başlanılmışdır.
Müharibə dövründə bədən əzalarını
itirmiş qazilərimiz üçün ən müasir
protezlər sifariş edilmişdir. Əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar
nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət
tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş
cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün yaradılmış “YAŞAT” Fondu tərəfindən
indiyədək 18 mindən yuxarı hərbiçi öhdəliyə götürülmüşdür.
Bu gün bütün ölkə
boyu şəhidlərimizin xatirəsi dərin ehtiramla yad edilir, onların qəhrəmanlıq
dastanı müxtəlif tədbirlərdə, abidələr önündə, təhsil müəssisələrində, dövlət və
özəl qurumlarda qeyd olunur.
Azərbaycan cəmiyyəti
şəhid və qazilərə dərin ehtiram bəsləyir. Hər bir şəhərdə şəhid
bulaqları, xatirə lövhələri, şəhidlərin adını
daşıyan məktəblər və parklar yaradılır. Məktəblərdə
və universitetlərdə gənc nəsilə vətənpərvərlik ruhunun aşılanmasında şəhid və qazilərin
həyat yolu örnək kimi göstərilir.
Azərbaycan xalqı heç
zaman şəhidlərini unutmayacaq. Onların qanı bahasına qazanılmış bu Zəfər, müstəqilliyimizin
və dövlətçiliyimizin əbədi simvoluna çevrilmişdir.
Şəhidlər və qazilər Vətən Müharibəsinin əsl qəhrəmanlarıdır. Onların fədakarlığı sayəsində bu gün azad Qarabağ var. Bizim borcumuz bu qəhrəmanların adını uca tutmaq, onların ailələrinə sahib çıxmaq və gələcək nəsillərə vətənə sevgi, şəhidə ehtiram, qaziyə minnətdarlıq hissini aşılamaqdır.
Milli
Məclisin deputatı
Pərvanə
Vəliyeva
16:14 25.09.2025
Oxunuş sayı: 8200