İşğala son qoyan prezident İlham Əliyevin Zəfər qanunları - Zahid Oruc yazır
Qələbə ayında, Vətən müharibəsinin
başlandığı və başa çatdığı, yeni siyasi təqvimi, yeni qalib dövlət və yeni
milli kimlik qazandığımız bir
ayda-sentyabrda görüşürük. İki gün sonra biz təkcə torpaqlarımız uğrunda deyil,
çoxəsrlik itkilər tariximizdə daşlaşdırılan, normaya çevrilən, güclü dövlətlərin
zəiflər üzərində hökranlıq qanunlarına qarşı
Xilaskarlıq savaşına, qələmlə deyil, alın yazısı kimi qəbul edilən
qaçqınlıq, köçkünlük, məğlubiyyət aktlarına, başqaları tərəfindən imzalanan
müqavilələrə və sazişlərə qarşı silahlı müqavimətə, ümumxalq mübarizəsinə başladıq.
Tarixi dönüş anı-44 müqəddəs gün azərbaycanlıların yazdığı ədalət qanunudur.
Biz düşmənə qarşı təkcə hərbi texnologiyalarla
yox, ilk növbədə, Konstitusiyamızla, qanunlarla,
haqla, ədalətlə silahlanmışdıq. Onunla da qalib gəldik. Unutmayaq ki, son 30 ildə
100-lərlə qanunlarımıza edilən qeyd şərtlər-“Azərbaycan dövləti müəyyən ərazilərdə
qoşulduğu konvensiya, protokol və digər hüquqi aktların icrasına zəmanət
vermir”, əlavəsi işğalın qanunlarımız üzərində əksi idi. İndi Konstitusiyamız və
qanunlarımız da o ləkədən azad olunub. Son 30 ildə qanunların natamam işlədiyi bir coğrafiyaya artıq hüquqi
nizam, bütövlük və Yeni Vətən quruculuğunun ədaləti qayıdıb. Ən ədalətli Qanun
doğma torpaqlarında yaşamaqdır, qurub yaratmaq, onu qorumaq və gələcək nəsillərə
ötürməkdir.
İşğal dövrü qanunlarımızın da
sınağı oldu. Onlar yalnız statik hüquqi aktlar deyildi, xalq müqavimətinin və
dirənişinin siyasi bəyannaməsi idi.
Biz xalqımıza qarşı qəbul edilən və istər qonşu ölkələrdə, istərsə beynəlxalq
təşkilatların qanunsuzluqlarından çox əziyyət çəkmişik. İndi Donald Tramp
erasında ən yüksək münasibətə nail olduğumuz
ABŞ-da bir vaxtlar “Azadlığa dəstək” aktı adlı qanuna edilən haqsız
907-ci düzəliş bizi on illərlə hərbi, maliyyə və humanitar yardımlardan məhrum
etdi. Konqresdə onlarla qanun və qərar, o cümlədən, Avropa Şurası və
Parlamentində, Avropa Məhkəməsi və digər qərb hüquqi kontorlarında aktların əliylə
ölkəmizə qarşı aparılan təzyiq siyasəti iş]alı qanuniləşdirməyə xidmət edən 30
illik hüquq cinayətləri idi. O dövrdə
Ulu öndər Heydər Əliyevin Konstitusiyası mübarizəmizin ən böyük hüquq qalasına
çevrildi.
İndi yeni era başlanır, çünki dünyada ən ədalətli qanun bizim Zəfərimizdir.
Böyük qayıdış qanunları, dönüş və
quruculuq, sülh və əminamanlıq aktları İlham Əliyevin dəmir iradəsi ilə yazılır
və təkcə bir xalqın deyil, bütün bəşəriyyətin ehtiyac duyduğu əhdi ətiqlərdir.
Biz qanunlar əsasında dövrün siyasi-hüquqi və ya sosial mənzərəsinə qiymət
veririrk. Ona görə də Rəqəmsal İnkişaf və Ədliyyə nazirliyinin birgə yaratdığı
süni intellekt əsaslı e-qanun-ai
axtarış platforması ilk növbədə, elektron hökumət modelinə uyğun aparılan və
qanunlarımızın reestrini formalaşdıran mütərəqqi təşəbbüs olduğu üçün alqışa
layiqdir. Son bir ildə hər iki nazirlik tərəfindən istər qanunvericilik, istərsə
də praktiki tədbirlər xalqımızın hüquqi mənafelərinin qorunmasına xidmət etdiyi
üçün Milli Məclis, digər hakimiyyət institutları tərəfindən də dəstəklənir.
Təqdimat ilk növbədə, qanunlarımızı, hüquqi sistemimizi təkmilləşdirməyə
və konstitusion islahatlara töhfədir. Süni intelelkt əsaslı e-qanun.ai platforması Azərbaycanın hüquq sistemini daha əlçatan,
sürətli və dəqiq işləyən bir modelə çevirir, hüquqi axtarışları təkmilləşdirir, sürətli və keyfiyyətli tədqiqatlara
imkan yaradır, yenilikləri izləyir, təkcə peşəkarlar deyil, həm də geniş
xalq kütlələri üçün qanunların mürəkkəb dilini anlamağa imkan verir.
Platforma parlament və dövlətimiz
üçün Rəqəmsal Köməkçiyə çevrilir. Ensiklopedik arxivlə və Biq Data ilə işləyən
hər bir dövlət adamı üçün qərarqəbuletmədə müqayisəli təhlillər aparmaq
üstünlüyü yaradır.
Hüquqi məlumatların
inteqrasiyası zəngin və çeşidli qaynaqlara daxil olmaq imkanı
verir.
Nəticədə, qanunvericilikdəki boşluqların və çətinliklərin daha asan tapılması,
hüquqi qərarların şəffaflığı, effektiv
dövlət idarəçiliyi və vətəndaşlarla kommunikasiya imkanları güclənəcək.
Ən başlıcası, biz Azərbaycanda
qəbul edilən qanunların, sərəncamların, prezident fərmanlarının,
qanunvericilik təşəbbüslərinin, hökumət qərarları və digər hüquqi aktların hard diskini-reestrini, yəni dəqiq
sayını, düzgün təsnifatını, qəbul edilmə tarixini və keçdiyi evolyusion yolu təyin
etməyə imkan qazanırıq.
Eyni zamanda, qanunların hansı sahələrə aid olduğunu-məsələn, cinayət
hüququ, vergi qanunvericiliyi, əmək hüququ və s. təsnif etmək də asanlaşacaq.
Süni intellekt, qanunların tətbiq edildiyi tarixləri, dəyişiklikləri və əlavələri
izləyə bilir. Bu, qanunvericilik aktlarının tarixçəsini müəyyən etməyə imkan
verir. Qanunların hansı yenilənməyə ehtiyac duyduğunu, qüvvədən düşdüyünü və ya
ləğv edildiyini online rejimində göstərir. Platforma, qonşu ölkələrlə müqayisədə Azərbaycan qanunvericiliyinin hansı sahələrdə
daha inkişaf etdiyini və etməli olduğunu görməyə imkan verir.
Avropa Birliyi ölkələri ilə müqayisə edərək, Azərbaycan qanunvericiliyinin
uyğunluğunu və ya fərqlərini analiz etmək, hüquqi adaptasiyanı aparmaq üçün də fürsət yaranır. Eyni
zamanda, beynəlxalq hüquq standartlarını
təhlil edərək, Azərbaycan qanunvericiliyinin qlobal təcrübəyə uyğunluğunu qiymətləndirmək olur. Yerli hüquq mədəniyyətinin inkişafını, hüquq sistemlərinin tarixini, qanunların tətbiqi üsullarını və hüquqi etikanı daha yaxşı başa
düşməyə kömək edir.
Süni intellekt əsaslı platforma, digər ölkələrin qanunvericiliyini də öz
məlumat bazasına daxil edərək, qarşılaşdırma üçün uyğun alətlər təqdim edir.
Beləliklə, biz Azərbaycan əleyhinə olan qanun və ya qərarları, xarici dövlətlər tərəfindən aparılan
hüquqi tədbirləri izləyə bilərik.
İndi sülh erasına daxil
oıduğumuz Ermənistanda nəinki 90-cı illər hüquqi xaosunun nəticəsi olan və
işğalçılığı qanuniləşdirən Konstitusiyasını dəyişmək, o cümlədən, əleyhimizə qəbul
edilən qanunlar və qərarların, məlumatların
təhlili, hüquqi müqavimətimizin təşkili və beynəlxalq hüquqa uyğun addımların atılması imkanları
genişlənir.
Bir sözlə platforma Azərbaycanda hüquqi cəmiyyət quruculuğu yolunda Zəfərimizin
5 ilinə mühüm töhvədir.
Ona görə də təklif edirik ki,
Böyük qayıdışa və Zəfərimizin möhkəmləndirilməsinə xidmət edən qanunlar
ayrıca-qələbə qanunlarımız-qalibiyyət hüquqi aktları seriyası ilə sistemdə yerləşdirilsin.
Məcburi köçkünlük və
qaçqınlığa, soqırıma, faciə və itkilərə dair qanun və qərarlar göstərir ki,
millət necə yaşayırsa, onun hüquq və qanunvericilik sistemi də onun əksinə
çevrilir. İndi biz Konstitusion bütövlük əsrinə qədəm qoyuruq və Qələbəmizin
möhkəmləndirilməsinə xidmət edən qanunlar məğlubiyyət aktlarını tarixə çevirir.
İşğala son qoyan prezident
İlham Əliyevin Zəfər qanunları xalqımızı Qurtuluşdan quruculuq ideyasına,
müdafiədən inkişaf fəlsəfəsinə keçirir! Biz yarımçıq suverenlikdən tam
hüquqi-siyasi kimliyə qovuşuruq.
Sülhün inşası və barış Cənubi
Qafqazda yeni qanunları, hüquqi münasibətləri meydana gətirəcək. Biz silahla
qazandığımızı qanunlarla qorumalıyıq! Qələbəmiz 90-cı illər işğalın və ərazi
iddialarının simvoluna çevrilən Ermənistan Konstitusiyasını dəyişdirir.
Biz haqqımızı savaşla bərpa
etdik, indi onu ədalətlə, qanunla, Konstitusiya ilə yaşatmaq zamanıdır!
Gəlin, qanunlarımızla ucalaq!
12:59 25.09.2025
Oxunuş sayı: 3264