Daşkənddə "Məharət - 2025" birgə komanda-qərargah təlimi keçirilir

Azərbaycanın Müdafiə Nazirliyi ilə
Özbəkistanın Müdafiə Nazirliyi arasında 2025-ci il üçün ikitərəfli hərbi
əməkdaşlıq planı çərçivəsində Daşkənddə "Məharət - 2025" kompüter
dəstəkli birgə komanda-qərargah təlimi keçirilir.
Bu barədə Crossmedia.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Silahlı Qüvvələrin Modelləşdirmə və
Simulyasiya Tədqiqatları Tədris Mərkəzində "Qanunsuz silahlı birləşmələrin
axtarışı, lokallaşdırılması və neytrallaşdırılması" mövzusunda keçirilən
təlim iki mərhələdən ibarətdir.
Birinci mərhələdə iştirakçılar mövzu üzrə əməliyyatın
planlaşdırılmasını, ikinci mərhələdə isə modelləşdirmə və simulyasiya proqram
təminatları üzərindən müvafiq fəaliyyətləri icra edəcəklər.
"Məharət - 2025" təliminin məqsədi iki
dövlət arasında mövcud əməkdaşlıq əlaqələrinin daha da təkmilləşdirilməsi,
hərbi qulluqçular arasında qarşılıqlı əlaqənin inkişaf etdirilməsi və
qazanılmış hərbi təcrübənin mübadiləsidir.
19:26 24.09.2025
Oxunuş sayı: 1250