15 sentyabr - Qardaşlıq simvolu

15 sentyabr Azərbaycan tarixində təkcə Bakının işğaldan azad edilməsi deyil, eyni zamanda Azərbaycan–Türkiyə qardaşlığının rəmzi kimi xüsusi əhəmiyyət daşıyır. Hərçənd bu dostluq tarixin bütün mərhələlərində özünü göstərmişdir, Birinci Dünya müharibəsi illəri (1914–1918) və sonrakı dövr (1918–1920) həmin münasibətlərin ən parlaq səhifələrindən biri olmuşdur.
1915-ci ildə Çanaqqala döyüşlərində Azərbaycan xalqı Osmanlı ordusunun yanında çıxış edərək qardaşlıq münasibətlərini əməli şəkildə təsdiqləmişdir. O dövrdə Rusiya imperiyasının sərt nəzarəti altında yaşayan azərbaycanlıların həbs və cəza təhlükəsinə baxmayaraq Osmanlı qoşunlarına qoşulması bu həmrəyliyin gücünü nümayiş etdirirdi. Təxminən 3000 azərbaycanlı döyüş meydanında şəhid olmuş, bu isə türk xalqlarının birliyi ideyasının canlı nümunəsinə çevrilmişdir.
Müharibənin sonlarına yaxın Osmanlı imperiyası ağır vəziyyətə düşmüş, Rusiya imperiyası isə minlərlə türk əsirini Bakının yaxınlığındakı Nargin adasında saxlamışdı. Təqribən 15 min əsgər və zabit acınacaqlı şəraitdə yaşayır, adada nəzarət isə erməni silahlı dəstələrinin əlində idi. Azərbaycan ziyalıları və imkanlı şəxslər vəziyyətə biganə qalmamış, gizli yardım təşkilatları vasitəsilə ərzaq, dərman və geyim göndərmişdilər. Xüsusilə “Qardaş köməyi” dərgisi də bu missiyanın əsas icraçılarından olmuş, həm yardım aksiyalarını həyata keçirmiş, həm də eyniadlı dərgi vasitəsilə ictimaiyyəti maarifləndirmişdir.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra dövlətçiliyin möhkəmlənməsi üçün paytaxtın Bakıya köçürülməsi zərurəti meydana çıxdı. Lakin şəhər bolşevik və daşnak silahlı qüvvələrinin nəzarətində idi və gənc dövlətin bu güclə təkbaşına mübarizə aparmaq imkanı yox idi. Belə bir məqamda Osmanlı imperiyası qardaş köməyini əsirgəmədi. Nuru Paşanın rəhbərliyi ilə yaradılan “Qafqaz İslam Ordusu” 1918-ci ilin mayında Azərbaycana daxil oldu. Onun tərkibində 5000-ə yaxın Osmanlı əsgəri və minlərlə Azərbaycan könüllüsü vardı.
İyun–iyul aylarında Göyçay və Kürdəmir istiqamətində mühüm qələbələr qazanıldı, sentyabr ayında isə Bakı mühasirəyə alındı. 14–15 sentyabr 1918-ci il döyüşləri nəticəsində bolşevik–daşnak birləşmələri darmadağın edildi, şəhər azad olundu. Qələbə xəbəri Nuru Paşa tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin rəhbəri Məhəmməd Əmin Rəsulzadəyə “Bakı artıq azaddır” sözləri ilə çatdırıldı. Döyüşlərdə 1130 Osmanlı əsgəri şəhid olmuş, onların xatirəsi bu gün də ehtiramla yad edilir. Bakının azadlığı Cümhuriyyətin ərazi bütövlüyünü təmin etmiş, paytaxtın bura köçürülməsinə imkan yaratmışdır.
Bu hadisə Azərbaycan–Türkiyə qardaşlığının tarixi gücünü bir daha bütün dünyaya göstərdi. Müasir dövrdə də həmin qardaşlıq ənənəsi davam edir. 2020-ci ildə İkinci Qarabağ müharibəsində, terrorla mübarizədə Türkiyə və Azərbaycanın bir-birinə siyasi, mənəvi və hərbi-texniki dəstəyi bunun ən bariz nümunəsidir. Hazırda iki dövlət yalnız regional təhlükəsizlik deyil, həm də beynəlxalq müstəvidə sülhün və əməkdaşlığın möhkəmləndirilməsi üçün birgə fəaliyyət göstərir.
1920-ci illərdə gedən siyasi proseslər nəticəsində AXC süqut etdi. Osmanlı imperiyası da parçalandı və Türkiyə Cümhuriyyəti quruldu. Bu dönəmdə belə Azərbaycanın sovet Rusiyası tərkibində olması da qardaşlıq əlaqələrimizin möhkəmliyini sarsıda bilmədi. Bu əlaqələr Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə daha da gücləndi. Müstəqilliyini yeni bərpa edən Azərbaycan Respublikasının ilk siyasi diplomatik əlaqələr qurduğu dövlət məhz Türkiyə Cümhuriyyəti oldu. Qurulan bu diplomatik, siyasi əlaqələr prezident İlham Əliyevin hakimiyyəti dövründə uğurla davam etdirildi.
Bu gün regionda sabitliyi və sülhü daimi təmin edən iki sima var: Azərbaycan və Türkiyə. Bu güclərdən xəbərsiz bölgədə hansısa layihə, plan həyata keçirilməsi mümkün deyil. Bunun əsas səbəblərindən biri dövlətlərimiz arasındakı münasibətlərin qonşuluq yox qardaşlıq prinsipinə əsaslanmasından qaynaqlanır. Həmçinin hərbi əməkdaşlıqlar, həyata keçirilən iqtisadi layihələr, Türk Dövlətləri Təşkilatında çərçivəsində əməkdaşlıq hər iki tərəfi daha da güclənməsinə, inkişafına təkan verir. Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı şəxsi münasibət də əlaqələrimizin yaxınlığından, səmimiliyindən xəbər verir. Bu gün Azərbaycan Türkiyə münasibətləri ola biləcəyi ən yaxşı vəziyyətdədir. Gələcəkdə bu münasibətlərin daha da inkişaf etdirilməsi üçün güclü zəmin artıq yaradılıb.
Beləliklə, 15 sentyabr Azərbaycan xalqı üçün azadlıq və dövlətçilik günü olmaqla yanaşı, Azərbaycan–Türkiyə qardaşlığının əbədiliyini xatırladan simvolik tarixlərdən biridir.
Ayhan
13:21 15.09.2025
Oxunuş sayı: 627