DİQQƏT: Bankların növbəti fırıldaqçılığı: müştərinin məlumatları üçüncü tərəfə verilir

Bu gün rəqəmsallaşan
dünya fonunda demək olar bütün dövlət qurumları, banklar, sosial qurumlar həm də
onlayn şəkildə fəaliyyət göstərir. Bu vətəndaşaların vaxt itkisinin qarşısını
alır və qurumun operativliyini artırır. Lakin bəzi hallarda bu sistemin mənfi
nüasnları vətəndaşları xoşagəlməz nəticələrlə üz-üzə qoyur. Belə ki, məlumatlar
silinə, bəzi hallarda dəyişdirilə və hətta sızdırıla bilir. Banklarda bu hal
tez-tez baş verir ki, vətəndaşların məlumatları üçüncü şəxslərə ötürülür. Bu isə
bir çox təhlükələrə, şəxsi məlumatların başqaları tərəfindən istifadəsinə yol
açır. Bu proses bir çox hallarda hakerlər tərəfindən dələduzluq məqsədi ilə həyata
keçirilsə də nəzərə almaq lazımdır ki, bu bankların texniki bazasındakı
boşluqdan qaynaqlanır. Kibercinayət kifayət qədər geniş yayılıb və bir çox sahədə
vətəndaşların şəxsi məlumatlarını, pul vəsaitlərini əldə edirlər. Bu problem
Azırbaycanın yox hazırda bütün dünyanın problemidir. Bəs qanunvericilik bu kimi
halları necə tənzimləyir? Belə ki, “Banklar haqqında” Azərbaycan
Respublikasının qanununun 41-ci maddəsində qeyd edilir:
“Azərbaycan Respublikasının Mülki Məcəlləsinə
müvafiq olaraq bank hesabının, hesab üzrə əməliyyatlar və qalıqların, habelə
müştəri haqqında məlumatların, o cümlədən müştərinin adı, ünvanı, rəhbərləri
haqqında məlumatların sirrinə bank təminat verir. Müştərilərin bank saxlancında
əmlakının mövcudluğu, bu cür əmlakın sahibləri, xarakteri və dəyəri haqqında məlumatların
sirrinə də bank təminat verir”.
Həmin
qanunun 41.2-ci maddəsi:
“Bank
sirrini təşkil edən məlumatlar müştərinin özünə və səlahiyyətli nümayəndəsinə,
habelə müştərinin yazılı razılığı ilə üçüncü şəxslərə verilir. Müştərinin
yazılı razılığı ayrıca sənəd formasında tərtib edilir və müştəri tərəfindən əl
imzası (notariat qaydasında və ya bankın səlahiyyətli şəxsi tərəfindən təsdiqlənməklə),
gücləndirilmiş elektron imza və ya məsafədən bank hesablarının açılması üçün Mərkəzi
Bank tərəfindən müəyyən edilən digər üsul ilə imzalanır. Həmin razılıqda bank
sirrini təşkil edən məlumatların verilməsi nəzərdə tutulan şəxslər, verilən məlumatların
dairəsi, məlumatların verilməsi müddəti (müəyyən edildiyi halda) və məlumatların
verilməsi ilə bağlı müştərinin zəruri hesab etdiyi digər şərtlər aydın şəkildə
göstərilməlidir.”
Qanundan
da göründüyü kimi məlumatın üçüncü şəxsə ötürülməsinin birmənalı şəkildə bir
günahkarı var o da banklar. Heç bir halda müştəri məlumatları
paylaşılmamalıdır. Bu məsələ banka olan inamı azaltmaqla yanaşı hüquqi aspektləri
də özündə birləşdirir.
Bəzi hallarda isə müştəri məlumatları üçüncü şəxslərə
ötürülür və bu qanunvericilikdə öz əksini tapıb.
41.2.1. nəzarət
funksiyalarının həyata keçirilməsi ilə bağlı – Mərkəzi Banka;
41.2.2. Azərbaycan
Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada – vergi
orqanlarına;
41.2.3. Azərbaycan
Respublikası Vergi Məcəlləsinin 76-1-ci maddəsində nəzərdə tutulmuş hallarda və
qaydada xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan
Respublikasının ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə
vergi orqanları vasitəsilə – həmin xarici dövlətlərin səlahiyyətli orqanlarına;
41.2.4.
“Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq – maliyyə monitorinqi orqanına;
41.2.5. Azərbaycan
Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq xüsusi seçki hesabına daxil olan
və xərclənən vəsaitlər barədə – Mərkəzi Seçki Komissiyasına;
41.2.6.
“Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununda
nəzərdə tutulmuş hallarda və qaydada – Əmanətlərin Sığortalanması Fonduna;
41.2.7.
“İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra sənədinin məcburi
icraya yönəldilməsi ilə əlaqədar bank saxlancında əmlakın və bank hesabının
mövcudluğu, habelə hesab üzrə qalıqlar barədə – icra məmurlarına;
41.2.8. Azərbaycan
Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada Azərbaycan
Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbilərin
və ya vətəndaşlığı olmayan şəxslərin müddətli əmanəti barədə – miqrasiya
orqanlarına;
41.2.9.
“Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq
– Azərbaycan Respublikasının Hesablama Palatasına;
41.2.10.
ixracda hesablaşmalara dövlət nəzarəti ilə bağlı ixrac olunmuş mal (xidmət)
müqabilində bank hesabına vəsaitin köçürülməsi barədə – gömrük orqanlarına;
41.2.10-1.
Azərbaycan Respublikasının Rəqabət Məcəlləsi ilə müəyyən edilmiş hallarda və
qaydada – rəqabət orqanına;
41.2.11.
cinayət işinin istintaqı, müştərinin pul vəsaitinə və bankın saxlancında olan əmlakına
həbs qoyulması, tələb yönəldilməsi və bunların müsadirə edilməsi ilə əlaqədar məhkəmənin
qanuni qüvvəyə minmiş qərarı əsasında – müvafiq dövlət orqanlarına və onların vəzifəli
şəxslərinə;
41.2.12. məhkəmənin
icraatında olan işlərlə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında – məhkəmələrə
41.2.13.
müştəri vəfat etdikdə onun hesabları və əmanətləri, habelə bank saxlancında
olan əmlakı barədə məlumatlar icraatında olan vərəsəlik işləri üzrə –
notariuslara, habelə müvafiq notariat hərəkətlərini icra edən konsulluq idarələrinə;
41.2.14.
bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bu Qanunda nəzərdə
tutulmuş qaydada – müvafiq kreditorlara;
41.2.15.
bankın aktiv və (və ya) öhdəliklərinin bu Qanunda nəzərdə tutulan qaydada
köçürülməsi (ötürülməsi/satılması) zamanı – aktiv və (və ya) öhdəlikləri qəbul
edən şəxslərə;
41.2.16.
bankın audit yoxlaması zamanı – kənar auditorlara;
41.2.17.
bankın qanuni maraqlarının qorunması məqsədilə və yalnız bu məqsədlər üçün tələb
olunduğu həcmdə müştərinin borc öhdəliyi barədə məhkəməyə, hüquq mühafizə
orqanlarına, banka hüquqi yardım göstərən vəkilə, habelə bankın öz təşəbbüsü,
yaxud qanunda və ya müqavilədə nəzərdə tutulduqda – arbitraj məhkəməsinə,
mediatora, mübahisələrin digər alternativ həlli mexanizmini həyata keçirən şəxslərə;
41.2.18.
ödəniş xidmətlərinin göstərilməsi zamanı – digər ödəniş xidməti təchizatçılarına,
vəsait alana və ödəniş əməliyyatının icrasında iştirak edən digər şəxslərə.
41.3.
Borcalanlar barədə məlumat kredit bürolarına “Kredit büroları haqqında” Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada verilir.
Qanunvericiliklə
tənzimlənmiş bu qaydalar istisna edilərsə, müştəri məlumatlarının hansısa
texniki yaxud da başqa səbəblərdən üçüncü şəxsə ötürülməsinin məsuliyyətini
bank daşıyır.
Mövzu ilə bağlı Crossmedia.az araşdırma aparıb.
Hüquqşünas Ayxan Məmmədli açıqlamasında bildirib:
“Azərbaycan
qanunvericiliyi bank məlumatlarının qorunmasını xüsusi əhəmiyyətli məsələ kimi
müəyyən edib. Bank sirri anlayışına müştərinin hesab nömrələri, əməliyyatları, əmanətləri,
kreditləri və digər maliyyə göstəriciləri daxildir. Bu məlumatların üçüncü şəxslərə
ötürülməsi yalnız qanunda nəzərdə tutulan hallarda mümkündür. Belə hallar əsasən
məhkəmə qərarı, istintaq orqanlarının rəsmi sorğusu və maliyyə monitorinqi ilə
bağlı halları əhatə edir. Müştərinin yazılı razılığı olmadan bank sirrinin
açıqlanması qadağandır. Əgər bank əməkdaşı və ya bank özü bu məlumatları icazəsiz
şəkildə ötürürsə, bu, hüquqi məsuliyyət yaradır. İnzibati Xətalar Məcəlləsinə
görə, belə hal aşkar edilərsə, həm bankın özü, həm də vəzifəli şəxs cərimə edilə
bilər. Cərimənin məbləği pozuntunun xarakterinə görə dəyişir. Əlavə olaraq,
bankın lisenziya fəaliyyəti üzrə məhdudiyyətlər tətbiq oluna bilər. Cinayət Məcəlləsi
də bu məsələyə xüsusi diqqət yetirir. Maliyyə və bank sirrinin qanunsuz
toplanması və açıqlanması halları cinayət tərkibli əməllər hesab edilir. Əgər
bu hərəkətlər nəticəsində şəxsin hüquqlarına və ya dövlətin maraqlarına ciddi
ziyan vurularsa, azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Cəzanın müddəti
üç ildən yuxarı ola bilər. Cinayət məsuliyyətinə həm bank əməkdaşı, həm də məlumatı
qəbul edən şəxs cəlb edilə bilər. Mülki məsuliyyət mexanizmi də mövcuddur. Müştəri
məhkəməyə müraciət edərək həm maddi, həm də mənəvi zərərin ödənilməsini tələb
edə bilər. Bu halda bankın reputasiya itkisi də qaçılmaz olur. Qanunsuz məlumat
ötürülməsi bankın maliyyə bazarındakı etibarını zəiflədə bilər”.
Hüquqşünas
həmçinin qeyd edib:
“Azərbaycan Respublikasının “Banklar haqqında”
Qanunu bu məsələdə əsas hüquqi baza rolunu oynayır. Qanunun müvafiq maddələrində
bank sirrinin qorunması bankların borcu kimi göstərilir. Həmçinin, məlumatların
üçüncü şəxslərə ötürülməsi qaydaları dəqiq müəyyən edilib. Müştərinin
hüquqlarının qorunması maliyyə sabitliyinin əsas şərtlərindən biri sayılır.
Beynəlxalq təcrübədə də bank sirrinin qorunması maliyyə sektorunun əsas
prinsiplərindən hesab olunur. Azərbaycan da bu istiqamətdə beynəlxalq öhdəliklər
götürüb. Bu baxımdan, hər hansı pozuntu təkcə milli qanunvericiliyə deyil, həm
də beynəlxalq prinsiplərə ziddir. Bankların müştəri məlumatlarını üçüncü şəxslərə
ötürməsi çoxsaylı hüquqi nəticələr doğurur. Bu nəticələr inzibati, cinayət və
mülki məsuliyyət formalarında özünü göstərir. Qanunvericilik müştərilərin
hüquqlarını qorumaq üçün kifayət qədər sərt mexanizmlər nəzərdə tutur. Ona görə
də belə halların baş verməsi həm hüquqi, həm də reputasiya baxımından bank üçün
çox ciddi riskdir”.
Hüquqşünas
bank məlumatlarını hər hansı yolla üçüncü şəxsə ötürənlərin qanunvericilikdəki
cəzalarını qeyd edib:
“İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə
görə, bank sirrinin qanunsuz açıqlanmasına görə bank vəzifəli şəxsləri 1000
manatdan 1500 manatadək cərimə edilə bilər. Hüquqi şəxs kimi bankın özü isə
5000 manatdan 8000 manatadək cərimə olunması ilə üzləşir. Əgər pozuntu təkrar
baş verərsə, cəzalar daha ağır ola bilər. Bundan əlavə, Maliyyə Bazarlarına Nəzarət
Palatası və Mərkəzi Bank bankın fəaliyyətinə məhdudiyyət qoya və ya
lisenziyanın ləğvi üçün məhkəməyə müraciət edə bilər. Cinayət Məcəlləsinin
200-1-ci maddəsinə əsasən, bank sirrini qanunsuz əldə etmə və yayma əməlləri
cinayət məsuliyyəti yaradır. Bu halda cərimə 3000 manatdan 7000 manatadək müəyyən
edilə bilər. Alternativ olaraq, təqsirkar şəxs iki ilədək islah işləri və ya üç
ilədək azadlıqdan məhrumetmə cəzası ilə üzləşə bilər. Əgər bu hərəkətlər nəticəsində
külli miqdarda zərər vurularsa, cəza beş ilədək azadlıqdan məhrumetmə ola bilər.
Cinayət Məcəlləsinin 302-ci maddəsi də xüsusi hallarda tətbiq edilir. Əgər bank
sirri dövlət təhlükəsizliyi və ya iqtisadi təhlükəsizliklə bağlı məsələlərdə
qanunsuz açıqlanırsa, cəza daha ağır olur. Bu halda təqsirkar altı ilədək
azadlıqdan məhrum edilə bilər. Məsuliyyətə yalnız bank əməkdaşı yox, məlumatı
qanunsuz qəbul edən üçüncü şəxs də cəlb edilə bilər. Mülki Məcəlləyə əsasən,
müştəri öz hüquqlarının pozulmasına görə mənəvi və maddi ziyanın ödənilməsini tələb
edə bilər. Bank sirrinin açıqlanması nəticəsində müştərinin nüfuzuna xələl gəlməsi
də kompensasiyaya səbəb ola bilər. Belə iddialar məhkəmədə qaldırıla bilər və
bank həm maliyyə, həm də reputasiya itkisi ilə üzləşir. Beynəlxalq təcrübəyə əsasən,
maliyyə məlumatlarının qorunması bank sektorunun əsas prinsiplərindəndir. Azərbaycan
da bu öhdəliyi daşıyır və beynəlxalq bankçılıq normalarını tətbiq edir.
Qanunsuz məlumat ötürülməsi həm milli qanunvericiliyin, həm də beynəlxalq öhdəliklərin
pozulması deməkdir”.
Bankların bu cür addımları hüquqşünasın açıqlamasından da göründüyü kimi əməl törədənləri və bankın özünü ciddi məsuliyyətlə üz-üzə qoyur. Bəs bununla bağlı hansı addımlar atılmalıdır? Banklar bu problemlərlə bağlı hansı zəruri tədbirlər görməlidir?
“Polisə dəstək
ictimai birliyi”nin sədri Şəmsəddin Əliyev məsələ ilə bağlı qeyd edib:
“Bu çox ciddi məsələdir. Son zamanlar kiberdələduzluq artmaqda davam edir. Hətta Avropa ölkələrinin banklarından da dələduzluqla böyük məbləğdə pullar əldə edirlər. Təbii ki, hər bir şüurlu insanda belə bir fikir formalaşır ki, bankların özünün iştirakı olmadan bu prosesin həyata keçməsi mümkün deyil. Əgər doğurdan bu gün Azərbaycanda da bu kimi hallar baş tutursa, banklar öz şəxsi maraqlarının təmin olunması üçün üçüncü şəxslərə ötürürlərsə bu onlara etibar edilən vəzifədən sui-istifadə və vəzifələrinə xəyanətdir. Burada vətəndaşa dəymiş ziyan birmənalı şəkildə ödənilməlidir. Bu sui-istifadə halları ilə bağlı istintaq aparılırsa cəza tədbiri də istintaqa və ittihama uyğun cəza veriləcək. Əməl kifayət qədər təhlükəlidirsə təbii ki, cəza da yüksək və ağır olacaq”.
İqtisadçı
Akif Nəsirli açıqlamasında məsələnin həlli prosesindən danışıb:
“Bu məsələ ciddi narahatlıq doğurur. Müştəri məlumatlarının
üçüncü şəxslərə ötürülməsi hüquqi, etik və reputasiya baxımdan risklərə səbəb
olur. Vəziyyətin hüquqi tərəfinə, mümkün cəza tədbirlərinə və səmərəli həll
yollarına diqqət yetirək. Azərbaycan qanunvericiliyində “bank sirri” və məlumatların
qorunması hüququ tanınır. Qanunvericiliyə görə, bank sirri anlayışına müştərilərin
hesablarda saxladığı vəsaitin olması, hesab əməliyyatlarının detallarının, müştəri
haqqında digər şəxsi məlumatların qorunması daxildir. Bu məlumatlar yalnız qanunla müəyyən edilmiş
hallarda açıla bilər – müştərinin özü, onun nümayəndələri, maliyyə nəzarəti
orqanları, audit orqanları və s. Bank sirrinin qanunsuz yayılması mülki məsuliyyət
(delikt) yaradır; qanun pozulduqda müştəri bankdan maddi və mənəvi ziyan
münasibətilə tam kompensasiya tələb edə bilər. Biznes və bank sirri ilə bağlı
cinayət məsuliyyətinin də müəyyən hallarda nəzərdə tutulması, qanunsuz yayılma
və istifadənin məsuliyyət daşıdığı maddələr var”.
Ekspert
görülə biləcək tədbirlərdən danışıb:
“Xahiş edə bilərsiz ki, bank, dövlət orqanları
və vətəndaşlar üç istiqamətdə konkret addımlar atsın:
I. Şəffaflıq təmin edilsin: Əgər iddialar
varsa, Bank məsələni araşdırmalı, nəticələri ictimaiyyətə açıqlamalıdır.
II. Müştəri
məlumatlarının təhlükəsizliyi mexanizmləri gücləndirilsin: Şifrləmə, ikili
autentifikasiya, əməliyyatların izlənməsi, kibertəhlükəsizlik təlimləri və s.
III.
Maarifləndirmə kampaniyaları: Vətəndaşlara öyrədilməlidir ki, şəxsi bank məlumatlarını,
kart kodlarını, şifrləri kiməsə verməsinlər”.
Bu dələduzluq
hallarından bir çox vətəndaş zərər çəkib və çəkir. Qanunvericilik mövzu ilə
bağlı cəza tədbirlərini tam şəkildə özündə birləşdirir. Görünür ki, əlavə heç
bir zəruri qanuna ehtiyac yoxdur. Sadəcə banklar müəyyən qədər texniki
bazalarını möhkəmləndirməli, bu kimi halların qarşısını birdəfəlik almalıdır.
Ayhan
12:36 12.09.2025
Oxunuş sayı: 1672