“Siyasi partiyanın maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi qaydası” qanununa dəyişiklik edilib

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 avqust tarixli 262 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 8 (II kitab), maddə 1245 (Cild I); 2024, № 9, maddə 1086) ilə təsdiq edilmiş “Siyasi partiyanın maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi qaydası”nın 5-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1. 5.1-ci bənd aşağıdakı redaksiyada verilsin:
“5.1. Siyasi partiyalar tərəfindən maliyyə hesabatı hər il aprelin 1-dən gec olmayaraq, aşağıdakı qaydada Mərkəzi Seçki Komissiyasına təqdim edilməlidir:
5.1.1. hesabat dövrü ərzində maliyyə fəaliyyəti olan siyasi partiya “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun əldə edilmiş auditor rəyi ilə birlikdə maliyyə vəziyyəti haqqında hesabatı, maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabatı və əhəmiyyətli uçot siyasəti və izahlı qeydləri;
5.1.2. hesabat dövrü ərzində maliyyə fəaliyyəti olmayan siyasi partiya yalnız maliyyə vəziyyəti haqqında hesabat üzrə mövcud qalıqların istifadəsinin və maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabat üzrə dəyişikliyin olmaması barədə arayışı (3 nömrəli əlavə).”.
2. Aşağıdakı məzmunda 5.1-1-ci bənd əlavə edilsin:
“5.1-1. Maliyyə hesabatı və bu Qaydanın 5.1.2-ci yarımbəndində göstərilən arayış siyasi partiyanın rəhbəri (siyasi partiyanın sədri, siyasi partiyada sədr vəzifəsi olmadığı halda, partiyanın qurultayarası kollegial idarəetmə orqanının rəhbəri) və baş mühasibi tərəfindən imzalanır və siyasi partiyanın möhürü ilə təsdiq edilir.”.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “ 9 ” “ sentyabr ” 2025-ci il
12:42 11.09.2025
Oxunuş sayı: 708