Fransa Makronun hakimiyyəti dövründə həm nüfuzunu, həm də siyasi sabitliyini sürətlə itirməkdədir - Açıqlama

Fransada hökumətə qarşı keçirilən etiraz aksiyaları geniş vüsət almaqdadır. Paytaxt Paris başda olmaqla, ölkənin müxtəlif şəhərlərində minlərlə insan küçələrə çıxaraq hökumətin siyasətinə etiraz edib.
Aksiyalar zamanı polis və etirazçılar arasında qarşıdurmalar yaşanıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, 200-dən çox şəxs saxlanılıb. Polis nümayəndələri zorakılıq hallarının qarşısını almaq üçün xüsusi vasitələrdən istifadə edib.
Mövzu ilə bağlı crossmedia.az-a politoloq Aydın Quliyev açıqlama verib: "Makronun hakimiyyəti dövründə Fransada baş verən hadisələr, Beşinci Respublikanın tarixində ya heç vaxt görünməyib, ya da çox nadir hallarda müşahidə olunub. Təkcə son iki ildə dörd hökumətin dəyişdirilməsi və prezident Emmanuel Makronun sabit bir hökumət formalaşdırmaq gücünü getdikcə itirməsi ölkə üçün ciddi problemə çevrilib".
Aydın Quliyev qeyd edib ki, beşinci Respublikanın tarixində ilk dəfə olaraq, hakimiyyət başçısı könüllü şəkildə parlamentdə özünə etimad səsverməsinin keçirilməsini tələb edib və nəticədə parlamentin mütləq əksəriyyəti ona etimadsızlıq göstərib: "Bu isə Fransa siyasi tarixində görünməmiş hal kimi dəyərləndirilir. Makronun hakimiyyəti hər dəfə sanki yeni sınaqlarla üz-üzə qalır. O, mövcud çətinlikləri aradan qaldırmağa nail olsa da, qısa müddət sonra daha böyük böhranlarla qarşılaşır. Prezidentin siyasəti əsasən hər vəchlə öz hakimiyyət ömrünü uzatmağa yönəlib. Əslində, dəyişən hökumətlərlə yanaşı, onun özü də istefa verməli idi. Amma Makron hökumətləri “qurban” verərək hələ də öz mövqeyini qorumağa çalışır".
Həmçinin politoloq vurğulayıb ki, xüsusilə də doqquz ay əvvəl təyin olunan Bayrou hökuməti prezidentin siyasi PR məqsədlərinə xidmət edən “sonuncu qurbanlıq” kimi qiymətləndirilir: "Çətinlik yaranan kimi hökumətləri dəyişməsi Makron üçün bir çıxış yolu olub. Lakin bu taktika artıq öz effektini itirmək üzrədir. Fransada vəziyyət əvvəlkindən daha gərgindir. Sol partiyaların koalisiyası parlamentdə və ümumilikdə siyasi müstəvidə aparıcı mövqelər qazanmaqdadır. Makron isə parlamenti buraxmaqdan başqa çıxış yolunun qalmadığı bir mərhələyə yaxınlaşır. Çünki parlament seçkilərindən sonra iki dəfə üstünlük qazanan sol qüvvələrə hökumət qurmaq şansı verilməyib və bu səbəbdən formalaşdırılan hökumətlər işləyə bilmir".
Aydın Quliyev bildirib ki, digər tərəfdən, Fransada iqtisadi çətinliklər, qiymət artımı və İslamofobiya dalğası da cəmiyyətdə gərginliyi daha da artırır: "Son dövrlərdə məscidlərin qarşısına kəsilmiş donuz başlarının atılması kimi təxribatların baş verməsi bu gərginliyin eybəcər formasını göstərir".
Politoloq qeyd edib ki, beləliklə, Fransa Beşinci Respublikası Makronun hakimiyyəti dövründə həm nüfuzunu, həm də siyasi sabitliyini sürətlə itirməkdədir: "Analitiklər hesab edir ki, respublika ideologiyasının təəssübkeşi olan fransız xalqı bu vəziyyəti Makrona asanlıqla bağışlamayacaq".
Xumar Emilqızı
17:17 10.09.2025
Oxunuş sayı: 744