Regional reallıqlar və geosiyasi perspektivlər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Əl-Ərəbiyyə" telekanalına verdiyi geniş müsahibə, regionda baş verən son proseslərə, post-müharibə mərhələsinə və geosiyasi nizamlanmalara dair mühüm mesajları özündə birləşdirdi. Bu müsahibə həm region ölkələri, həm də beynəlxalq ictimaiyyət üçün mühüm strateji baxış bucağı təqdim etdi. Prezident İlham Əliyevin çıxışı təkcə əldə olunmuş zəfərlərdən sonra yaranmış yeni reallıqların təhlili deyildi, həm də regionun gələcəyinə yönəlmiş siyasi vizyonun ifadəsi idi. Müsahibənin əsas məqamları bir neçə istiqamətdə cəmləşir: Vaşinqtonda baş verən son hadisələr və sənədlərin imzalanması, Vətən müharibəsinin nəticələri, regional nəqliyyat dəhlizləri, o cümlədən Zəngəzur dəhlizi ilə bağlı perspektivlər, məcburi köçkünlərin vəziyyəti və qayıdışı, Azərbaycan dövlətinin xarici siyasət prioritetləri.
Vaşinqton prosesləri: Prezident İlham Əliyev ABŞ-nin vasitəçiliyi ilə baş tutan və Ermənistanın da iştirak etdiyi Vaşinqton danışıqlarını dəyərləndirərkən qeyd etdi ki, bu görüşlər regionda uzun illər davam edən qarşıdurmanın diplomatik yolla aradan qaldırılması üçün real zəmin formalaşdırdı. 8 avqustda sülh müqaviləsinin paraflanması, Ermənistan və Azərbaycan arasında ilk dəfə olaraq qarşılıqlı razılığın bünövrəsini qoydu. Cənab prezident İlham Əliyevin vurğuladığı kimi, sənədlərin kim tərəfindən imzalanmasından asılı olmayaraq, bu sənədlər Ermənistan rəhbərliyi tərəfindən rəsmi olaraq imzalanıb. Bu fakt, sonrakı mərhələlərdə Ermənistanın sənədin legitimliyini sual altına alma cəhdlərinin qarşısını alır. Cənab prezident bu məsələni siyasi məsuliyyət nöqteyi-nəzərindən yüksək səviyyədə qiymətləndirir. O, açıq şəkildə bəyan edir ki, bu razılaşma qarşılıqlı hüquqi məsuliyyət yaradır və regional sabitliyin təmin olunmasında mühüm rol oynayacaq.
Ədalətin bərpası və xalqın qüruru müsahibədə diqqət çəkən əsas məqamlardan biri 2020-ci il Vətən müharibəsinin siyasi və mənəvi nəticələri oldu. Prezident İlham Əliyev qeyd etdi ki, 44 gün ərzində və 23 saat ərzində baş tutan lokal xarakterli antiterror əməliyyatı Azərbaycan Ordusunun qazandığı tarixi zəfər təkcə torpaqların işğaldan azad olunması deyil, həm də beynəlxalq hüququn bərpası və xalqın ləyaqətinin təmin olunması idi. 30 il müddətində Ermənistan tərəfindən işğal edilmiş Qarabağ və ətraf rayonlar nəinki hərbi zorla tutulmuşdu, eyni zamanda beynəlxalq hüquq normaları da kobud şəkildə pozulmuşdu. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməyə baxmayaraq, Ermənistan bu tələblərə məhəl qoymamışdı. Lakin Azərbaycan, beynəlxalq hüquqa əsaslanaraq, suveren ərazilərini geri aldı. Bu müharibə yalnız hərbi qələbə deyil, həm də xalqın iradəsinin, milli birliyin və siyasi liderliyin təntənəsidir.
Tarixi Zəfərimizi qazandıqdan sonra işğaldan azad olunmuş ərazilərin bərpası və həmin ərazilərə qayıdış prosesi son sürətlə başladı. Lakin cənab prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanın humanitar siyasəti işğal dövründə də prioritet olub. O, xüsusi vurğuladı ki, məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması, çadır düşərgələrinin ləğvi və yeni yaşayış komplekslərinin inşası Azərbaycanın sosial siyasətinin əsas istiqamətlərindən biri idi. Sonrakı illərdə isə "Böyük Qayıdış" proqramı çərçivəsində azad olunmuş torpaqlara köçürülmə mərhələli şəkildə həyata keçirilməyə başladı. Bu günə qədər 50 mindən çox insan doğma yurduna qayıdıb.
Regional inteqrasiyanın açarı müsahibədə xüsusi yer tutan məsələlərdən biri də Zəngəzur dəhlizi idi. Prezident İlham Əliyevin bildirdiyi kimi, bu dəhlizin açılması yalnız Azərbaycan üçün deyil, bütün region üçün iqtisadi, siyasi və nəqliyyat baxımından mühüm əhəmiyyətə malikdir. Dəhliz Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirəcək və bu, regiondaxili logistik inteqrasiyanın təmin olunmasına xidmət edəcək. Zəngəzur dəhlizi həm də beynəlxalq təhlükəsizlik zəmanətləri tələb edən strateji layihədir. Cənab prezidentin qeyd etdiyi kimi bu məsələdə Ermənistanın təkbaşına verdiyi vədlərlə kifayətlənmək olmaz. Zəmanətlər yalnız beynəlxalq tərəfdaşların iştirakı ilə təmin edilə bilər. Bu dəhlizin fəaliyyətə başlaması regionda sabitliyin və etimadın artmasına, iqtisadi əməkdaşlığın dərinləşməsinə yol açacaq. Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycanın əsas məqsədi yolun tikilməsi və təhlükəsizliyin təmin edilməsidir. Bu, yalnız logistik məsələ deyil, həm də milli təhlükəsizlik baxımından strateji hədəfdir. Yol infrastrukturu müstəqilliyin, suverenliyin və dövlətin iqtisadi gücünün təməl sütunlarından biridir.Cənab Prezident qeyd etdi ki, yolun tikintisi bir il ərzində başa çatdırıla bilər, amma bunun üçün real zəmanətlər və koordinasiyalı diplomatik dəstək lazımdır.
Müsahibədə diqqət çəkən başqa bir vacib məsələ Azərbaycanın xarici siyasət prioritetləri ilə bağlı idi. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan hazırda müxtəlif sahələrdə geniş əməkdaşlıq perspektivləri üzərində fəal şəkildə çalışır. Bu, enerji təhlükəsizliyi, nəqliyyat, müdafiə sənayesi, rəqəmsal transformasiya və humanitar sahələri əhatə edir. Siyasi əlaqələr isə bu əməkdaşlığın əsasında dayanır və mükəmməl səviyyədədir. Azərbaycanın balanslaşdırılmış və prinsipial xarici siyasəti ölkəni regionda etibarlı tərəfdaşa və sabitlik faktoruna çevirib. Ölkənin diplomatik uğurları, beynəlxalq təşkilatlarla əməkdaşlıq səviyyəsi və strateji tərəfdaşlıqlar bu siyasətin uğurla həyata keçirildiyini sübut edir. Nəticə etibarilə Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibə Azərbaycanın daxili və xarici siyasət strategiyasının, milli maraqlarının və regional təhlükəsizlik məsələlərindəki mövqeyinin dərin təhlilini təqdim edir. Bu müsahibə təkcə Azərbaycanın özünü dünyaya təqdim etməsi baxımından deyil, həm də regionun gələcəyi üçün irəli sürülən konstruktiv təkliflər baxımından böyük əhəmiyyət daşıyır.
Bəxtiyar Nəbiyev
YAP Yasamal rayon təşkilatının sədri
13:29 01.09.2025
Oxunuş sayı: 2584