Elçin Əfəndiyev Azərbaycan ədəbiyyatında hansı irsi qoydu? - Rəylər

Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan yazıçı, dramaturq, nasir, tənqidçi və ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Elçin İlyas oğlu Əfəndiyev ömrünün 82-ci ilində vəfat edib.
60–70-ci illərdə hekayə janrında böyük ustalıqla tanınaraq ədəbiyyata daxil olan və yaradıcılığını sonrakı onilliklərdə də yüksələn templə davam etdirən müəllif Azərbaycan ədəbiyyatı və mədəniyyətinə göstərdiyi böyük xidmətlərinə görə “İstiqlal” ordeni də daxil olmaqla yüksək dövlət mükafatları ilə təltif olunub.
Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova mərhum yazıçı ilə bağlı Crossmedia.az-a açıqlama verərək bildirib ki, Elçin çağdaş Azərbaycan ədəbiyyatının ən görkəmli simalarından biri idi və onu itirmək ədəbiyyatımız, mədəniyyətimiz üçün böyük itkidir: “O, 60-cı illərdən bu yana ədəbiyyatımızın yaradıcıllıq problemləri ilə ardıcıl məşğul olub. Gözəl hekayə və romanların müəllifi kimi tanınıb, eyni zamanda ədəbi tənqid və publisistika sahəsinə də dəyərli töhfələr verib. “Nəsr və tənqid” kitabında 40–60-cı illər Azərbaycan nəsrini geniş şəkildə təhlil edərək həmin dövrün ən yaxından araşdıran ədəbiyyatşünaslardan biri olub. Sovet dövründə qələmə aldığı hekayələri 60-cı illər nəsrində hadisə hesab olunub və bu gün də romantik təhkiyəsi ilə seçilərək maraqla oxunur".
E.Akimova Elçin əsərlərinin həm mövzu aktuallığı, həm bədii dəyəri ilə seçilərək, Azərbaycan ədəbiyyatının inkişafına mühüm töhfə verdiyini qeyd edib: "Onun əsərləri həm mövzu aktuallığı, həm də bədii dəyəri ilə diqqət çəkib. “Ölüm hökmü” romanı 1937-ci il repressiyalarının mürəkkəbliyini, insan xarakterinin ziddiyyətlərini açmaq baxımından Azərbaycan ədəbiyyatının ən uğurlu nümunələrindəndir. Müstəqillik dövründə yazdığı “Baş” romanında isə 19-cu əsr Azərbaycan gerçəklikləri və Çar Rusiyasının siyasəti bədii şəkildə təsvir olunub. O, çağdaş ədəbiyyatla daim nəfəs alan, həm nasir, həm də tənqidçi postunu ləyaqətlə qoruyan yaradıcı şəxsiyyət idi. Müsahibələrində və məqalələrində həm dünya ədəbiyyatından xəbərdar eruditliyi, həm də müasir Azərbaycan ədəbiyyatına yaxından bələdliyi ilə fərqlənirdi".
Deputat vurğulayıb ki, mərhum ədəbi prosesə obyektiv yanaşaraq istedadlıların yaradıcılığını dəyərləndirirdi: "Elçin ədəbi prosesi yaxından izləyir, istedadlı gənc yazıçıların yaradıcılığına obyektiv qiymət verir, onların işıqlı cəhətlərini vurğulamağı özünə borc bilirdi. Onun publisistik məqalələrində ədəbi-estetik düşüncə geniş təhlil olunur və bu yazılar gələcək nəsillər üçün də örnək kimi qalacaq. Elçinin yaratdığı ədəbi irs bədii-estetik baxışın formalaşması baxımından mühüm məktəb rolunu oynayır və bundan sonra da işıq axtaranlara yol göstərəcəkdir. Onun həm tənqidi yazıları, həm də bədii mətinləri insan ağrılarını, daxili psixologiyanı dolğun təsvir etməsi ilə seçilir".
E.Akimova Elçinin ədəbiyyata sadiq qalaraq, mürəkkəb dövrün həqiqətlərini işıqlandıran və Azərbaycan ədəbiyyatında dəyərli irs qoyan görkəmli yazıçı olduğunu söyləyib: "Xüsusilə 1990-cı illərin ziddiyyətli və qarışıq mühitində Elçin ədəbiyyat meyarlarına sadiq qalan azsaylı yazıçılardan biri olub. Həmin dövrdə qələmə aldığı “Məmmədəmin Rəsulzadə” və “Nəriman Nərimanov” monoqrafiyaları mühacirət ədəbiyyatına yenidən dönüşdə, sovet epoxasının mürəkkəb proseslərinin aydınlaşdırılmasında mühüm rol oynayıb. Elçinin həm bədii, həm tənqidi irsi Azərbaycan ədəbiyyatında böyük xəzinədir və onun yaradıcılığı müəllifini hər zaman yaşadacaq".
Bakı Dövlət Universitetinin Milli mətbuat tarixi kafedrasının müdiri, professor, görkəmli jurnalist Cahangir Məmmədli isə bildirib ki, Elçin böyük nəsr ustası idi: “ O, bütün povest və hekayələrində insan qəlbinin sirlərini, adi sözlərlə ifadə olunmayan hissləri aşkar edib oxucuya çatdıran yazıçı idi. Elçin insanı, xarakteri və obrazı eksperimentdən çıxardış Onun nəsrinə bütöv şəkildə nəzər salsaq, fəlsəfi-etik modelin başlanğıc nöqtəsini görmək mümkündür. “On ildən sonra” hekayəsindəki yeniyetmənin daxili dünyası, “Beş dəqiqə və əbədiyyət”dəki rəhbər şəxsin qəzaya uğramaqda olan təyyarədəki işçilərinə etinasız münasibətindən sonrakı peşmanlığı, “Şuşaya duman gəlib”də milli-mənəvi dəyərlərə yazıçı münasibəti və s. əsərlərində öz obrazlarını qeyri-adi, qeyri-tipik situasiyalara salır: Düş bu situasiyalara görüm axı sən kimsən? Ədəbi tənqid ustası M.Cəfər Elçinin povestlərindəki təmizlik, düzlük, sədaqət, fədakarlıq keyfiyyətlərini müəllifin idealları kimi qiymətləndirir. Onun “Bir görüşün tarixçəsi” əsərindəki “Məmmədağa”, “Məsməxanım” obrazları milli-mənəvi dəyərlər sisteminə müəllif münasibətidir”.
Professor bildirib ki, ədib “Dolça” povestində müəllif iki ailəni, iki müxtəlif psixologiyanı qarşılaşdırıb: Onların biri təmiz, vicdanlı, milli dəyərlərə hörmət psixalogiyası ilə, o biri isə rüşvətdən doğan nankor xarakteristikası ilə oxucuda birinciyə sevgi, ikinciyə nifrəti aşılayır. Elçin bütün nəsrində qoyduğu və davam etdirdiyi belə bir konsepsiyanı qoruyur ki, insan ləyaqəti dünyada ən uca keyfiyyətdir. “Dolça”dakı “Ağababa” və “Ağabacı” bu ləyaqətin sahibləridir. Onun nəsr və dramaturgiyasında bu keyfiyyətlər aparıcı ideallar sırasındadır. Özünün estetik ideallar silsiləsini yaratmış və bu yaradıcılığı məktəb səviyyəsinə yüksəltmiş Elçin Əfəndiyevin itkisi bütöv bir millətin kədər faktıdır”.
Fatimə Nəbiyeva
21:14 04.08.2025
Oxunuş sayı: 3699