Pezeşkianın Zəncan səfəri və İran siyasi elitasının dərinləşən ziddiyyətləri

Bu günlərdə İran Prezidenti Məsud Pezeşkian Azərbaycanın gözəl guşələrindən biri olan Zəncan şəhərinə səfər edib. Səfər zamanı keçirdiyi mətbuat konfransında yenə də öz təbiətindən və əxlaqından irəli gələn bir sıra mülahizələr irəli sürür ki, bu da bir qrup irançı funksionerin xoşuna gəlmir.
Tanınmış alim, professor Məhərrəm Zülfiqarlının “İran dini rejimində Azərbaycanla münasibətlərə nisbətən ən obyektiv rəy” adlandırdığı təhlil çox səmimidir və yalnız Bakıdan baxılarsa belədir. Burada Azərbaycan əxlaqı ilə İran əxlaqı arasında antoqonizimlər özünü göstərir.
İranın Azərbaycanda səfiri olmuş Əfşar Süleymanİ da bu hadisəyə münasibəti diqqəti cəlb edir. O, “manqurt” din xadimlərinə xatırladır ki, “beynəlxalq münasibətlərdə ya dediyini sübut etməlisən, ya da dedikləriniz mənasız bir sözdən başqa bir şey deyil”.
Məsələyə bir qədər fərqli bucaqdan yanaşaq. İranın Ali məclisində son illərdə geniş yayılmış bir “mem” ağızdan-ağıza gəzir. Azərbaycanlı millət vəkili Qazipurun məclis rəhbərinə yönəltdiyi bir sual “Ağayi Laricani sizin imam Hüseyinlə nə probleminiz var?...” ağızlarda gəzir. Həqiqətən də İran siyasi elitasının İmam Hüseyinlə nə problemi ola bilər? Bunu qarşınıza çıxan hər bir İran mollasından soruşun.
Bu çoxmənalı sual İranın qeyri-azərbaycanlılar yaşayan ərazilərində də soruşulacaq bir sualdır. Xüsusilə də İran məclisində təmsil olunan çox sayda marginal siyasi xadimlər, politoloqlar hansı əxlaqi normalarla fikir və düşüncələrini ifadə etdikləri məlum deyil. Prezidentiniz deyir ki, “biz qohum-qardaşıq”, bunu anlayırsınız?
Özlərini müsəlman sayan bu məmurlar rəsmi məqamlarından ayrıldıqda “Ya kuruş”, “Ya Daryuş” deyə səcdə edənlərdir və onlarla bizim əxlaqi dəyərlərimiz xeyli fərqlidir. Əlbətdə ki, tarixən bizim də əcdadlarımızdan atəşpərəstlər və məsihilər olub, lakin onlar da bizə imanda qüsur etməməyi miras qoyublar.
Məhz bu səbəbdən də M.Pezeşkianın “biz Azərbaycanla qohum-əqrabayıq, biz necə ümumi razılığa gəlməyə bilərik?..” fikrini anlamayan İrançı politoloqlar əslində kimdən və nə istədiklərini özləri də bilmirlər. Aydındır ki, anlayışlar arasında fərq var. Məgər 12 günlük üz qarası olan bombalanmaların günühkarı kimi cəzalandırılan əfqanlar farslarla qohum deyillər? İranın ən ağır və çirkli işlərini görən əfqanlılar cəsusluqla ittiham olunaraq ölkədən deport edildilər.
İlk baxışdan düşünürsən ki, müasir İran əxlaqında islam normaları əsas yer tutmalıdır. Əslində bizim də milli əxlaqımızda islam normaları mühüm rol oynayır. O zaman İran politoloqlarından soruşmaq lazımdır “danışdığınız lətifələrdə həzrəti Əbülfəzin məqamı nə üşün sizdə yumor yaradır? Məgər İran fars mifologiyasında Əbəlfəz kimi ailə bağlarına sədaqətli və mükəmməl “qardaş” modeli mövcuddur? Sizin hansı dastan və rəvayətinizdə Əbəlfəzin öz qardaşı üçün etdiyini kimsə edib? Bəlkə bu səbəbdəndir ki, M.Pezeşkiyan deyəndə ki, “biz qardaşıq” bu sizdə hiddət yaradır.
İranın “üzdəniraq” ekspertləri İsrailə yanacaq satanları axtara-axtara durub Azərbaycana gəliblər. Hind okeanında neft gəmiləri İran neftini yarı qiymətə satdıqları qaçaqçılardan soruşsunlar ki, İran neftini kimə göndərirsən? O zaman təyyarəyə doldurulmuş benzinin mənbəyi məlum olar. İsrailə püstə satmaq, xalça satmaq olar, yarı qiymətə nefti ikinci əldən də satmaq olar. İran generallarının gizli yerlərini də İsrailin xüsusi xidmətlərinə satmaq olar. Ancaq İsraillə bərəbər hüquqlu əməkdaşlıq etmək olmaz?
Bu hadisəyə “Azad İran” kanalının verdiyi şərhdə də “absalutizm”, bir qaba ümumiləşdirmə görsənməkdədir. “İranşəhrliləri” kütləvi ifşa etməklə onların hamısını əxlaqsızlıqda ittiham etmək olmaz. Onların bir çoxu xəyalpərəstdir. Arzu etmək heç də günah deyil. İranı ugurlu və xoşbəxt ölkə görmək arzusu bir mifologiya məhsuludur. İran Ali məclisinin bir azərbaycanlı nümayəndəsi ölkənin dini rəhbərliyinə deyir -“Siz dünyanın ən sərvətli ölkələrindən birinə 45 ildir ki, rəhbərlik edirsiniz. Bu illərdə nə əldə edə bilmisiniz? Bir neçə müharibə etmisiniz və hamısını da uduzmusunuz. İnsanlar fəlakət içində yaşayır. Artıq şayəd və bayəd zamanı deyil, artıq sizin heç bir fürsətiniz yoxdur.”
Tehranda bir kürdü milli paltarında görəndə bu irançıların elə bil “başlarına daş düşür”. “Tehran lotuları” bunu geri qalmışlıq olaraq məsxərə edirlər. Əslində isə o kürdün igid kimliyi və qürurlu şəxsiyyəti var. Əllərində olsa kürdləri də əfqanlar kimi deport edərlər. Ancaq nə etmək olar ki, kürdlər İranın ana ünsürləridirlər. Əlbəttə ki, Tehranda Azərbaycan milli paltarında birini görsələr də “qarınları ağrayır”, narahat olurlar. Ancaq səslərini çıxara bilmirlər. Bilirlər ki, cavabını verən olacaq...
Keçmiş Sovetlər birliyini təhlil edən avropalı ekspertlər istehza ilə deyirdilər ki, “bir eston ilə bir yakut və ya bir tuvalı necə eyni statuslu ola bilər, onların dili, mədəniyyəti, dəyərlər sistemi fərqlidir, sivilizasiyanın fərqli mərhələlərindədirlər...” İndi İrançı ekspertlərdən soruşmaq lazımdır ki, “siz nə vaxt bəlucları “ram etməkdən” və onları özünüzə oxşatmaqdan əl çəkəcəksiniz? Yaqin ki, bilirsiz ki, “təsir əks təsirə bərabərdir”.
M.Pezeşkianın irəli sürdüyü qonşu dövlətlərlə qardaşlıq, iyi qonşuluq və əməkdaşlıq konsepsiyası nəzəri olaraq düşünülmüş və təcrübədə təsdiqini tapmış bir modeldir. Lakin İran üçün keçərli deyil. Pezeşkian bilməlidir ki, İran dövləti həmişə bir mütləq gücün tabeliyinidə mövcud olub və bu mütləq güc zəiflədikdə İran da dağılıb. Bir fransız səyyah xatirələrində yazırdı ki, Zəndilər İranı birləşdirmək üçün Səfəvi şahzadələrindən birini tapıb hakimiyyətə qoymaq və onun adından ölkəni idarə etmək istəyirdilər. Ancaq alınmadı.
M.Pezeşkiana “Azərbaycan əzraildir” deyən politoloqlardan soruşmaq lazımdır ki, hansı “əzraili” nəzərdə tuturlar. Əgər islam doktrinasında olan “əzrail” nəzərdə tutulursa o zaman müqavimət etməyin, mənası yoxdur. İslam dini bizə öyrədir ki, əzrailə təslim olmaq lazımdır və gec ya tez o sizin sorağınıza gələcək.
P.S. Bir savadsız, Həsən Abbasi adlı yaşlı zabit İran İslam Respublikası adından Türkmənçay müqaviləsinə sahiblik etmək istəyir. Bir saray təlxəyinə oxaşayan İran mollası Turabi Amerika ilə İsrailə yenə də meydan oxuyur.
12:09 04.08.2025
Oxunuş sayı: 717
