Azərbaycan dili – millətin ruhunun aynasıdır

Dil bir xalqın ruhudur. Azərbaycan dili isə yüzilliklər boyu bu ruhun daşıyıcısı, yaddaşların qoruyucusu və kimliyimizin ifadəsi olub. Hər il 1 avqust tarixində qeyd olunan Azərbaycan dili və əlifbası günü dilə verilən dəyərin və onun dövlətçilik ideologiyasındakı yerinin rəmzidir. Azərbaycan dili nəinki gündəlik ünsiyyət vasitəsi, həm də xalqın milli və mənəvi dirənişinin simvoludur. İşğal, sürgün, qadağalar — bütün bu sınaqlar zamanı dilimiz yaddaşımıza kök salıb, qəlbimizin ən dərin qatlarında yaşayıb. Bu dil elə bir xəzinədir ki, ana laylasından tutmuş, muğamın avazında ucalan qeyri-adi ahəngə qədər, hər səslə yaşadığımız tarixə şahidlik edir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Pərvanə Vəliyeva ilk olaraq bildirib ki, Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dili xalqımızın milli-mənəvi sərvəti, tarixi yaddaşı və mədəni kimliyinin daşıyıcısıdır:
“Bu dəyərli irsin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Məhz bu səbəbdəndir ki, hər il 1 Avqust tarixi ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü qeyd olunur. Bu əlamətdar günün qeyd olunması Ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli sərəncamı ilə təsdiqlənib. Həmin sərəncamda Azərbaycan dilinin inkişaf etdirilməsi, ədəbi dil normalarının qorunması və latın qrafikalı yeni Azərbaycan əlifbasının tətbiqinin sürətləndirilməsi məsələləri xüsusi vurğulanır. Bu addım həm də Azərbaycan dilinin dövlət dili kimi möhkəmləndirilməsi istiqamətində mühüm bir mərhələdir. Azərbaycan dili zəngin fonetik, qrammatik və leksik quruluşa malik olmaqla, əsrlər boyu xalqımızın düşüncə tərzini, həyat tərzini və dünya görüşünü ifadə edir. Bu dil Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə və digər böyük söz ustadlarının əsərlərində özünün ən gözəl və ən parlaq ifadəsini tapıb. Hələ dövlətimizin müstəqilliyindən öncə Azərbaycan dili uzun illər təsir və təzyiqlərə məruz qalıb, sıxışdırılıb, dilimizin inkişafına məhdudiyyətlər qoyulub. Ötən əsrin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirilib. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirilib. Qanuna əsasən, Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır”.
P.Vəliyeva vurğulayıb ki, latın qrafikalı yeni Azərbaycan əlifbasına keçid isə müasir mərhələdə dilimizin inkişafına mühüm töhfə verib:
“2001-ci ildən etibarən rəsmi sənədlər, dərsliklər və çap məhsulları tam şəkildə latın qrafikalı əlifbaya uyğunlaşdırılıb. Bu proses, Azərbaycan xalqının milli kimliyinə və müstəqilliyinə bağlılığının bariz nümunəsidir. Qanuna əsasən, Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Latın qrafikalı yeni Azərbaycan əlifbasına keçid isə müasir mərhələdə dilimizin inkişafına mühüm töhfə verib. 2001-ci ildən etibarən rəsmi sənədlər, dərsliklər və çap məhsulları tam şəkildə latın qrafikalı əlifbaya uyğunlaşdırılıb. Bu proses, Azərbaycan xalqının milli kimliyinə və müstəqilliyinə bağlılığının bariz nümunəsidir.
Ana dilimizin qorunmasında çox böyük və uğurlu addımlar atan Ulu Öndər Heydər Əliyevin siyasi xətti hazırda Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Ölkə başçısının tələbi və diqqəti nəticəsində “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli Sərəncamına əsasən, 2004-2008-ci illərdə latın qrafikası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanıb. Prezident İlham Əliyevin 2004-cü il 14 yanvar tarixli “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il 30 dekabr tarixli “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamları ilə ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşib. Prezident İlham Əliyevin 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir. Azərbaycan əlifbası və Azərbaycan dili günü xalqımızın milli kimliyinə, dilinə və mədəniyyətinə olan dərin ehtiramın təzahürüdür. Bu əlamətdar gün hər bir Azərbaycan vətəndaşının ana dilinə sevgi ilə yanaşmasının vacibliyini bir daha xatırladır. Azərbaycan dili – millətin ruhunun və düşüncəsinin aynasıdır”.
Nəzrin Salmanova
18:10 31.07.2025
Oxunuş sayı: 4347