Azərbaycan və Ermənistan liderlərinin görüşünü ABŞ təşkil edib?- Diqqətçəkən iddia

"Rusiya və Ermənistandakı şovinist dairələr Azərbaycan və Ermənistan liderlərinin Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidəki görüşünün təşkilinin arxasında Vaşinqtonun dayandığını irəli sürüblər. Yəni həmin dairələrin məntiqinə görə, BƏƏ ABŞ-nin bölgədə əsas müttəfiqlərindən biri kimi Vaşinqtonun təlimatı əsasında Azərbaycan və Ermənistan liderlərinin görüşünü təşkil edib".
Bu fikirləri Crossmedia.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
" Bunu həm də onunla izah edirlər ki, görüşdən bir gün əvvəl dövlət katibi Marko Rubio Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasıyla bağlı optimist fikirlər söyləyib. Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasında Vaşinqtonun maraqlı olmasında qeyri-adi heç nə yoxdur. Buna baxmayaraq, Bakı ilə İrəvan arasında mümkün razılaşmanın arxasında Vaşinqtonun dayandığı barədə iddialar şişirdilib. Birincisi, Vaşinqtonun istəyinə rəğmən, Bakı ilə İrəvan öz aralarında razılıq əldə etməsəydilər, Əbu-Dabidə görüş baş tutmazdı. Deməli, tərəflər arasında uzun müddətdir birbaşa aparılan danışıqlarda irəliləyiş əldə olunub və bunun əsasında liderlər görüşə və mümkün razılaşmaya ehtiyac duyublar. O ki qaldı, görüşün
BƏƏ-də keçirilməsinə, bu dövlətin ABŞ-nin tərəfdaşı olmaqla yanaşı, Azərbaycan və Ermənistanla da sıx iqtisadi münasibətləri var. Yəni BƏƏ Azərbaycan və Ermənistan liderlərinin görüş yeri kimi münasib məkanlardan biri kimi dəyərləndirilib. Bunun üçün Vaşinqtonun xüsusi təklifinə ehtiyacı olmayıb. Böyük ehtimalla görüş yeri kimi BƏƏ-də seçilməsi Prezident İlham Əliyevin təklifi olub", -müsahibimiz əlavə edib.
Onun fikrincə, Rusiyada və Ermənistandakı şovinist dairələr baş nazir Nikol Paşinyana qarşı yeni “arqument” ortaya ata bilərlər: "Deyəcəklər ki, Paşinyan məhz Əbu Dabidəki mümkün razılaşma ərəfəsində Ermənistandakı rəqiblərini sıxışdırmağa və həbs etməyə başlayıb. Guya bu qüvvələr sıxışdırılmasaydı, Paşinyanın Prezident İlham Əliyevlə mümkün razılaşmasına əngəl olacaqdılar. Halbuki, radikallar azadlıqda olanda nə qədər çalışsalar da, ermənilərin əksəriyyətini Paşinyana qarşı üsyana qaldıra bilmədilər".
Kənan Novruzov
18:56 10.07.2025
Oxunuş sayı: 1001