Moskva “Sputnik Azərbaycan” rəhbərlərinin həbsi işi üzrə Bakı ilə təmasları davam etdirir – Rusiya XİN

Rusiya Azərbaycanda “Sputnik-Azərbaycan” rəhbərlərinin həbsi ilə bağlı Azərbycan tərəfi ilə, o cümlədən hüquq-mühafizə orqanları xətti ilə əlaqə saxlayır.
Crossmedia.az xəbər verir ki, bunu Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.
“Bu məsələ ilə bağlı Azərbaycan tərəfi ilə, o cümlədən hüquq-mühafizə orqanlarının xətti ilə təmasdayıq”, – deyə Rusiya XİN-in nümayəndəsi vurğulayıb.
Qeyd edək ki, Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə fevralın 24-də bildirmişdi ki, "Rossiya Segodnya"nın (Sputnik) Azərbaycandakı nümayəndəliyi ləğv edilib.
O söyləmişdi ki, sözügedən qurum yalnız bir müxbir vasitəsilə akkreditasiyadan keçə bilər.
Ancaq buna baxmayaraq, "Sputnik Azərbaycan”ın fəaliyyətini davam etdirdiyi, əməkdaşlarının işə çıxdığı məlum olub.
İyulun 1-də "Sputnik Azərbaycan" İnformasiya Agentiliyinin ofisində keçirilən əməliyyatla “Sputnik”in Bakı filialının icraçı direktoru İqor Kartavıxın və şef redaktoru Yevgeni Belousov saxlanılıb.
Onların hər ikisi Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2.2 (küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 192.2.3 (mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (xeyli miqdarda törədildikdə) maddələri ilə ittiham verilib və Xətai rayon Məhkəməsində barələrində həbs qətimkan tədbiri seçilib.
16:46 09.07.2025
Oxunuş sayı: 732