"Azərbaycan göstərdi ki, heç kim bizimlə bu tonda danışa bilməz" - Deputat

Son günlər Rusiya rəsmilərinin Azərbaycanla bağlı açıqlamaları diqqət çəkir. Rusiyalı siyasətçilər Azərbaycanla münasibətlərin normallaşmasını təklif edirlər. Məsələyə ölkə rəsmiləri tərəfindən prinsipial və adekvat münasibət bildirilib. Azərbaycanın mövqeyi hər zaman beynəlxalq hüquq və milli maraqlar çərçivəsində formalaşır və bu yanaşma qarşı tərəfdən də nəzərə alınmalıdır.
Milli Məclisin deputatı Ceyhun Məmmədov Crossmedia.az saytına açıqlamasında bildirib: “Azərbaycan bir daha nümayiş etdirdi ki, onunla təzyiq və sərt tonda danışmaq mümkün deyil. Əgər ölkəmizə qarşı qeyri-qanuni addımlar atılarsa, Azərbaycan da qanun çərçivəsində cavab vermək iqtidarındadır. Hər kəs ölkəmizin mövqeyini nəzərə almalı və bu mövqeyə hörmətlə yanaşmalıdır".
Deputat qeyd edib ki, Azərbaycan Rusiya rəsmilərinin ölkəmizlə bağlı verdiyi bəyanatlara öz prinsipial və adekvat münasibətini ortaya qoyub. Onun sözlərinə görə, Azərbaycan göstərdi ki, heç kim bizimlə bu tonda danışa bilməz və əgər belə cəhdlər edilərsə, cavabını da alacaq.
Ceyhun Məmmədov vurğulayıb ki, istər İranla, istərsə də Rusiya ilə münasibətlərdə Azərbaycan daim qanunlar çərçivəsində və qətiyyətli mövqeyini ortaya qoyur. O, eyni zamanda, iki ölkə arasında əlaqələrin qorunmasının və münasibətlərin normallaşdırılmasının vacibliyini də qeyd edib.
Zahidli Bənövşə
15:35 09.07.2025
Oxunuş sayı: 917