Elçin Əmirbəyov: "Afina və Bakı arasında münasibətlər güclənməkdədir"

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Yunanıstana səfər edib.
Crossmedia.az xəbər verir ki, Əmirbəyov Yunanıstanın xarici işlər nazirinin müavini, səfir Aleksandra Papadopulo və baş nazirin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Tanos Dokosla, Yunanıstan Parlamentinin Milli Müdafiə və Xarici Əlaqələr üzrə Daimi Komitəsinin üzvü qismində hakim Yeni Demokratiya Partiyasından olan millət vəkili, xanım Sofia Voultepsi ilə də görüşüb. Bundan əlavə, Elçin Əmirbəyov Yunanıstan Avropa və Xarici Siyasət Fondunun (ELIAMEP) nümayəndələri ilə də müzakirələr aparıb.
Papadopulo və Dokosla aparılan danışıqlarda əsas mövzular ikitərəfli münasibətlər, Azərbaycan-Avropa İttifaqı əlaqələri və Ermənistan-Azərbaycan münasibətlərində davam edən normallaşma prosesi olub.
O, həmçinin Yunanıstanın "To Vima" qəzetinə müsahibə verib.
Elçin Əmirbəyov verdiyi müsahibədə siyasi dialoqun, eləcə də 2024-cü ilin martında keçirilmiş ikitərəfli siyasi məsləhətləşmələrin bərpa olunmasından məmnunluğunu ifadə edib. O, eyni zamanda ticarət əlaqələrinin gücləndirilməsinə, investisiya, kənd təsərrüfatı, nəqliyyat, turizm və digər sahələrdə əməkdaşlığın inkişafına ümid etdiyini bildirib.
Əmirbəyov xüsusilə vurğulayıb ki, iki ölkə münasibətlərin "xarici təsirlərdən azad şəkildə" inkişaf etdirilməsi qismində razılığa gəliblər. O, açıq şəkildə bildirib ki, Ermənistan hazırkı Yunanıstan - Azərbaycan münasibətlərindən məmnun qalmayacaq:
"Biz sıfır-cəmli oyun ("zero-sum game") nəzəriyyəsindən olan yanaşmaları rədd edirik və qəti şəkildə inanırıq ki, bir ölkənin digər ölkə ilə əla münasibətlərə malik olması onun üçüncü ölkə ilə də eyni səviyyədə münasibətlər qurmasına mane olmur".
Onun sözlərinə görə, Yunanıstanda həm Ermənistan, həm də Azərbaycanla paralel şəkildə yaxşı münasibətlərə malik ola biləcəyinə dair düşüncə getdikcə daha çox qəbul olunur.
14:33 09.07.2025
Oxunuş sayı: 711