Von der Leyenə etimadsızlıq səsverməsi Avropa Mühafizəkarlarını parçalayır

Avropa Parlamentində Ursula fon der Leyenə qarşı keçirilən etimadsızlıq səsverməsi Avropalı Mühafizəkarlar və İslahatçılar (ECR) Qrupunda ciddi parçalanmaya səbəb olub. Polyaklar və rumınlar təşəbbüsü dəstəkləsə də, italyanlar Komissiyanı müdafiə ediblər.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, etimadsızlıq təşəbbüsü ECR qrupunda dərin fikir ayrılıqlarını üzə çıxarıb. Hüquq və Ədalət Partiyasından (PiS) olan polyaklar və Rumıniyanın ultramillətçi AUR partiyası təşəbbüsə imza ataraq, fon der Leyenin rəhbərlik etdiyi Komissiyanı sərt tənqid ediblər. Buna qarşı olaraq, ECR-nin ən böyük partiyası olan İtaliya Qardaşları (FdI) və qrupun həmsədri Nikola Procaccini təklifin əleyhinə çıxıb.
Procaccini təşəbbüsü “səhv” və “opponentlərə siyasi hədiyyə” adlandıraraq, həmkarlarını sərt tənqid edib. O, PiS-dən olan Janusz Wojciechowski-yə və AUR-a istinad edərək, onların əvvəlki Komissiyaya niyə etiraz etmədiklərini sual edib. Rumıniya partiyası AUR-a isə açıq şəkildə lağ edərək, həm ölkələrində, həm də parlamentdə uduzduqlarını bildirib.
ECR daxilindəki mənbələr bildiriblər ki, Procaccininin çıxışı qrupun bəzi nümayəndə heyətlərində narahatlıq yaradıb. İddialara görə, bu çıxış İtaliyanın Baş naziri Giorgia Meloni tərəfindən diktə olunmuş ola bilər. Polşa nümayəndələri isə Procaccininin adından danışmağa səlahiyyəti olmadığını bildiriblər.
ECR qrupunun 79 üzvündən 50-yə qədərinin etimadsızlıq təklifini dəstəkləyəcəyi bildirilir ki, bu da qrup daxilində rəhbərlik uğrunda gərginliyi daha da artırıb. Etimadsızlıq təşəbbüsünü dəstəkləyənlər arasında Rumıniya, Polşa, Estoniya, Yunanıstan və Litvadan olan parlamentarilər var.
Mənbələrə görə, vəziyyət hələlik ECR-nin tam parçalanmasına səbəb olmasa da, daxilində ciddi fikir ayrılıqları və liderlik mübahisələri yaradır.
Zəhra Ağayeva
10:32 09.07.2025
Oxunuş sayı: 990