Yaxın Şərqə “gün doğur?”: “HƏMAS-la atəşkəs tam şəkildə qüvvəyə minərsə...”

Fələstin radikal hərəkatı HƏMAS vasitəçilərə İsraillə atəşkəs təklifinə müsbət cavab verib.
Bu barədə İsrailin "Ynet" xəbər portalı məlumat yayıb.
Portalın məlumatına görə, hərəkatın qərarı barədə növbəti saatlarda elan ediləcək.
Daha əvvəl HƏMAS öz teleqram kanalında bildirmişdi ki, hərəkat İsraillə Qəzza zolağında atəşkəs barədə vasitəçilər vasitəsilə aparılan dolayı danışıqlarda aldığı təklifləri nəzərdən keçirir. HƏMAS müzakirə olunan təşəbbüslərin nədən ibarət olduğunu açıqlamayıb.
Bununla yanaşı, yaraqlılar israr edirlər ki, potensial razılaşma "Qəzzada atəşkəsin təminatını, İsrail qoşunlarının oradan çıxarılmasını və anklavа humanitar yardımın gətirilməsini" özündə ehtiva etməlidir.
Bu, Yaxın Şərqdə davam edən savaşın, nəhayət, başa çatacağına dair ümidləri artırır.
Crossmedia.az-a danışan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti, politoloq Sultan Zahidov isə deyib ki, HƏMAS-ın atəşkəsi qəbul edib-etmədiyi hələlik məlum deyil: “Lakin İsrail razılığını verib. Son versiyaya əsasən, İsrail ordusu Qəzzanın bir çox hissəsindən çıxmağa da hazırdır. Əgər HƏMAS atəşkəsi qəbul etsə, bu, onun yalnız hərbi əməliyyatlara son qoyması deyil, eyni zamanda Qəzzadakı siyasi və hərbi mövqeyindən də geri çəkilməsi anlamına gələ bilər. Bu halda Qəzzədə yeni bir idarəetmə strukturu yarana bilər. Onun fikrincə, bu proses ya İsrailin dəstəklədiyi ərəb ölkələrindən birinin iştirakı ilə, ya da Fələstin Muxtariyyəti, Misir və Qətər kimi ölkələrin nəzarəti altında baş tuta bilər.
Bu, İsrailin regiondakı strateji mövqeyini daha da gücləndirəcək.Çünki uzun illərdir HƏMAS-ın fəaliyyəti İsrailin milli təhlükəsizliyi üçün ciddi təhdid yaradırdı və ölkənin digər regional təşəbbüslərə yönəlməsinə mane olurdu”.
Onun sözlərinə görə, İranın bölgədəki təsir imkanlarının azalması və təhlükə faktorunun zəifləməsi İsrailin iqtisadi və diplomatik təşəbbüslərinə daha çox fokuslanmasına şərait yaradacaq: “Süsusilə İbrahim sazişlərinin genişləndirilməsi istiqamətində fəallıq artacaq. Hazırda Səudiyyə Ərəbistanı və Suriyanın bu sazişlərə qoşulması ilə bağlı müzakirələr aparılır. Növbəti mərhələdə isə Azərbaycan və Mərkəzi Asiya ölkələrinin bu prosesə cəlb olunması gündəmdədir. İsrail regionda aparıcı iqtisadi layihələrin təşəbbüskarlarından biri olmaq niyyətindədir. İsrail ilə Avropa arasında neft və qaz layihələri planlaşdırılır. Həmçinin İsrail Körfəz ölkələri ilə Avropa arasında tranzit körpü rolunu oynamağa çalışır,” – deyə ekspert vurğulayıb.
Müsahibimiz qeyd edib ki, Hindistan, Səudiyyə Ərəbistanı, İraq, İsrail və Aralıq dənizi vasitəsilə Avropaya uzanan nəqliyyat-kommunikasiya layihəsi də gündəmdədir və bu layihə ABŞ tərəfindən də dəstəklənir: “Lakin indiyə qədər bölgədəki münaqişələr səbəbindən layihənin reallaşması mümkün olmayıb. Əgər HƏMAS-la atəşkəs tam şəkildə qüvvəyə minərsə və sabitlik bərqərar olarsa, bu tip iri layihələrin icrası da artıq reallığa çevrilə bilər. Ümid edirəm ki, bu atəşkəs davamlı olacaq və Yaxın Şərqə, nəhayət, sülh və sabitlik gələcək.
Mehriban Yariyeva
20:45 04.07.2025
Oxunuş sayı: 1351