Azərbaycanda rusdilli məktəblər ləğv olunur?: "Milli təhlükəsizlik və milli kimliyin qorunması..."

Müasir dövrdə informasiya yalnız xəbər çatdırma vasitəsi deyil, eyni zamanda cəmiyyətlərə yön vermək, şüurları formalaşdırmaq və kütləvi rəy yaratmaq üçün ən güclü silaha çevrilib. Xüsusilə informasiya müharibələrinin intensivləşdiyi və saxta xəbərlərin geniş yayıldığı bir zamanda dil, bu mübarizənin həm hədəfi, həm də alətidir. Dil üzərində aparılan informasiya terroru bir millətin mədəni kimliyinə, düşüncə tərzinə və milli dəyərlərinə yönələn ən təhlükəli hücum formalarından biridir. Bu səbəbdən, dil təkcə ünsiyyət vasitəsi deyil, eyni zamanda informasiya basqısından çıxışın və milli müqavimətin də əsas açarıdır. Azərbaycanda uzun illərdir rusdilli məktəblər fəaliyyət göstərir. Bəs bu məktəblər dil terroru nümunəsi hesab oluna bilərmi? Rusdilli məktəblərin ləğvi zəruridirmi?
Mövzu ilə bağlı təhsil eksperti Vüsalə Ağabəyli Crossmedia.az-a açıqlama verib:
“Son dövrdə, xüsusilə Azərbaycan və Rusiya arasında baş verən gərginlik fonunda ölkəmizdə rusdilli məktəblərin fəaliyyətinə münasibət yenidən ictimai müzakirələrin əsas mövzusuna çevrilib. Bəziləri rusdilli məktəblərin bağlanmasını milli təhlükəsizlik və milli kimliyin qorunması və Rusiyaya qarşı kəskin mövqeyin sərgilənməsi baxımından zəruri hesab edirlər. Digərləri isə bu məktəbləri çoxdilli cəmiyyətin və beynəlxalq imkanların bir hissəsi kimi görürlər. Məsələ olduqca mürəkkəb və çoxşaxəlidir, bu səbəbdən həm tərəfdarların, həm də əleyhdarların arqumentlərinə diqqət yetirmək vacibdir. Digər tərəfdən isə Rus dili postsovet məkanında və beynəlxalq elmi sahədə hələ də əhəmiyyətli mövqeyə malikdir. Rus dilini bilmək Azərbaycan gəncləri üçün əlavə imkanlar yarada, onların təhsil, elm və biznes sahəsindəki perspektivlərini genişləndirə bilər. Üstəlik, Azərbaycan cəmiyyəti multikultural və çoxmillətli bir strukturda formalaşmışdır və tolerantlıq ideologiyasını sərgiləyir. Biz bu gün bütün dünyaya zalım, qəddar, amansız olmadığımızı sübut edirik, bütün dünya görür ki, erməni belə, arzulayırsa, Qarabağ torpaqlarında müstəqil şəkildə yaşaya bilər. Biz buyuq, barbar deyilik, humanizm tərənnümçüsüyük”.
Ekspert həmçinin bildirib ki, ölkəmizdə, xüsusilə Bakıda fəaliyyət göstərən bir çox rusdilli məktəb və liseylər yüksək təhsil səviyyəsi ilə seçilir, ölkəmizin elmi və texnoloji potensialına töhfə verən məzunlar yetişdirirlər: "Bu məktəblər təkcə rus dilində deyil, həm də Azərbaycan dili və ədəbiyyatına önəm verən, şagirdlərini hər iki dildə yetişdirən müəssisələr kimi tanınırlar. Bütün bunları nəzərə alaraq, belə qənaətə gəlmək olar ki, rusdilli məktəblərin tamamilə bağlanması radikal və nəticələri qeyri-müəyyən bir addım olar. Bunun əvəzinə, daha real və effektiv yanaşma bu məktəblərin fəaliyyətinin ciddi dövlət nəzarətinə alınmasıdır. Son illər rusdilli məktəblərdə tədris proqramlarının Azərbaycanın milli maraqları və dəyərləri ilə uyğunlaşdırılması və dövlət dilinin tədrisdə üstün mövqeyinin qorunması kimi məsələlərə xüsusi əhəmiyyət verilir. Nəticə etibarilə, Azərbaycanın gələcəyi üçün ən sağlam yol, milli dəyərlərini, azərbaycançılıq ideologiyasını və dövlət dilini qorumaqla yanaşı, çoxdilli təhsil mühitini idarəedilən, şəffaf və milli maraqlara uyğun şəkildə inkişaf etdirməkdir”.
Ayhan
15:11 02.07.2025
Oxunuş sayı: 7970