İran–İsrail qarşıdurmasının perspektivi və Azərbaycanın nümunəvi diplomatiyası

İran–İsrail müharibəsi, yalnız regional qarşıdurma deyil, həm də beynəlxalq münasibətlərin normativ əsaslarını dərin şəkildə sorğulayan geosiyasi hadisə oldu. Lakin, müharibə hələ bitməmişdir. Çünki tərəfləri məsuliyyətə cəlb edən hüquqi sülh sənədi ortada yoxdur. Bu faktın özü, XXI əsrdə münaqişələrin artıq BMT və beynəlxalq konvensiyalar vasitəsilə deyil, real güc və informasiya manipulyasiyası üzərində qurulduğunu göstərir. Belə vəziyyətdə, bölgədəki aktorların tutduğu mövqe təkcə lokal deyil, qlobal təhlükəsizlik arxitekturasının yeni modelini təyin edir. Məhz bu kontekstdə Azərbaycanın davranış modeli yalnız rasional siyasət nümunəsi deyil, həm də təhlükənin kənarlaşdırılmasında müstəsna rolu olan diplomatik güc nüvəsi kimi qiymətləndirilməlidir.
Atəşkəsin rəsmi sənədlə deyil, yalnız şifahi razılaşma əsasında əldə olunması beynəlxalq hüququn klassik məntiqini çökdürən tendensiyadır. Burada iki kritik nəticə önə çıxır:
BMT Təhlükəsizlik Şurasının və ya başqa beynəlxalq institutların qərar çıxarmaması, beynəlxalq hüququn “normativ idarəedici” yox, “istiqamətverici” funksiyaya keçməsini göstərir. Bu, “qanun yoxdursa, suverenin gücü var” tipli Hobbsçu anarxiya mühitini canlandırır.
Əgər tərəflər arasında razılaşma hüquqi deyil, güc balansına əsaslanırsa, bu o deməkdir ki, gələcəkdə hər hansı müharibə sadəcə “yenilənmiş balans” əldə olunana qədər davam edəcək. Münaqişə dondurulmur – taktiki fasiləyə alınır.
İranın İsraili dövlət kimi tanımaması təkcə siyasi ritorika deyil, həm də strateji oyundur. Bu, münaqişənin ideoloji təməllər üzərində qurulduğunu göstərir. Rasional diplomatiyanın imkanları məhduddur, çünki bir tərəf digərini hüquqi subyekt kimi qəbul etmir. İsrail üçün bu, təhlükəsizliyin təminatı məsələsidir: İranın onu dövlət kimi tanımaması, Tel-Əvivin “əvvəl zərbə” (pre-emptive strike) doktrinasını legitimləşdirir. Bu şəraitdə atəşkəsin şifahi olması o deməkdir ki, hər iki tərəf öz təhlükəsizlik ehtiyat planlarını saxlayır və status-kvo tamamilə müvəqqətidir.
Klassik “müharibə–sülh” modeli artıq əhəmiyyətini itirməkdədir. Bunun əvəzinə ortaya çıxan yeni format hüquqi deyil, psixoloji və strateji zəminə söykənir. Müharibə rəsmi olaraq elan olunmasa belə, diplomatik, iqtisadi, informasiya və kiber sahələrdə hücumlar dayandırılmır. Məqsəd sabitlik yox, risklərin optimal səviyyəyə endirilməsidir. Bu model "hibrid sabitlik" adlandırıla bilər – yəni sistem səthi olaraq sabit görünür, lakin daxildə daimi gərginlik potensialı saxlanılır.
“Süni sakitlik” şəraitində üçüncü aktorların oyun meydanı genişlənir. Hər iki tərəfin güc balansı yaratmaq naminə fasilə götürdüyü bir dövrdə, üçüncü tərəflər – proksilər, regional güclər, hətta korporativ aktorlar yeni məkan açır. Məsələn: Hizbullah Livanda, Husilər Yəməndə, Haşd əl-Şəbi İraqda özfəaliyyətlərini artıraraq münaqişəni qızışdırmaqla ya yeni qarşıdurma yarada bilər, ya da atəşkəsin dağılmasına səbəb ola bilər.
İran cəmiyyətində “güclü dövlət – məsum xalq” narrativi dağılır. Bu isə, yeni etiraz dalğalarının yaranmasına, rejimin öz daxilində fraksiyalaşmasına, ordu və SEPAH arasında kompetensiya konfliktinə səbəb ola bilər. Bu vəziyyət təkcə daxili sabitliyi deyil, regiona yönəlmiş strategiyanın effektivliyini də zədələyəcək.
Bu atəşkəs İsrail cəmiyyətində və ordu-siyasi elitasında “yenidən zərbə vurmaq” psixologiyasını gücləndirə bilər. Yəni bu sakitlik, növbəti daha sistemli hücum planının təkamül mərhələsi ola bilər.
İran və İsrail artıq münaqişəni təkcə raketlərlə deyil, kiberhücumlarla, süni intellektlə təchiz olunmuş sistemlərlə aparır. Gələcək dövrdə atəşkəs şifahi olsa belə, texnoloji savaş dayanmadan davam edəcək. Bu isə yeni tipli “soyuq müharibə” strukturudur.
Belə bir şəraitdə Azərbaycan kimi dövlətlərin ən doğru yanaşması “dinamik neytrallıq” və “aktiv balanslaşdırma” strategiyasıdır. Bu o deməkdir ki, atəşkəsi yalnız sülh kimi qiymətləndirməməli, bütün kanalları (diplomatik, iqtisadi, humanitar) açıq saxlayaraq prosesə təsir edən yox, yön verən aktora çevrilməli və informasiyanın idarə edilməsi, psixoloji sabitliyin qorunması və sərhəd təhlükəsizliyinin daim aktual saxlanılması prioritet olmalıdır.
Gələcəyin münaqişələri artıq sülh və müharibə arasında “kəskin seçim” yox, nəzarətli xaos və dəyişən normativlərin oyun meydanında baş verəcək. Hibrid sabitlik – bu dövrün yeni paradiqmasıdır. Atəşkəs – susmaq deyil. Bu, yenidən düşünmək və mövqeni tənzimləmək üçün açılmış strateji fasilədir. Və yalnız ağıllı aktorlar bu fasiləni sabaha dominant çıxmaq üçün istifadə edə biləcək.
İsrailin İrana qarşı hərbi zərbələri formaca lokal, coğrafi olaraq məhdud görünsə də, gerçək mahiyyət etibarilə ABŞ–İsrail tandeminin çoxvektorlu strateji hədəf paketinin tətbiqi idi. Bu, yalnız birbaşa təhlükəsizlik təşəbbüsü yox, həm də geosiyasi məkanın yenidən kodlaşdırılması cəhdidir.
Buradakı əsas məqam, zərbələrin kortəbii və ya reaktiv deyil, strukturlaşdırılmış, mərhələli və qarşıdurma sonrası diplomatik balansı hədəfləyən planın tərkib hissəsi olmasıdır.
İranın regionda təsir gücü onun birbaşa ordusu ilə deyil, asimmetrik proksiləri ilə təmin olunurdu. Hədəf alınan “müqavimət oxu” – yəni Hizbullah, Husilər, Haşd əş-Şaabi, Suriya rejimindəki SEPAH strukturlaşmaları – əslində bu təsirin geopolitik proyeksiyalarından ibarət idi.
Bu addım, Yaxın Şərqdə İranın “üfiqi ekspansiyasına” qarşı şaquli zərbə idi. Əfqanıstandan Aralıq dənizinə qədər uzanan şiə koridorunun dayandırılması məqsədi daşıyırdı. Eyni zamanda İranın ideoloji təsir gücünün texniki reallaşma kanallarına yönəlmiş “vur və tükət” strategiyası idi. Bu, yalnız İranın hərbi gücünü deyil, onun sosio-siyasi nüfuz doktrinasını da zəiflətdi.
Zərbələrin yalnız fiziki obyektlərə deyil, insani kapitala – yəni intellektual resurslara – yönəlməsi, bu savaşın fərqli mahiyyətini açır. İranın nüvə proqramı texnologiyadan çox bilgi və etibara əsaslanır. Kadrlar üzərinə yönəlmiş zərbələr nəinki mövcud sistemləri, həm də gələcək imkanları tormozlayır. Bu, İranın strateji qorxutma gücünü kəskin şəkildə azaldır, çünki texnologiyanın ötürülməsi mümkün olsa da, mütəxəssis itkisinin əvəzlənməsi uzun illər tələb edir.
Bütün bunlar göstərir ki, məqsəd təkcə təsirsizləşdirmək deyil, bərpa potensialını da sıfırlamaqdır.
İranın ballistik arsenalı onun təkcə taktiki deyil, strateji heysiyyətidir. Bu silahlar, regionda İsrailə qarşı çəkindirici balans vasitəsi, ABŞ bazaları üçün psixoloji təhdid aləti, Körfəz monarxiyaları üçün siyasi basqı rıçağı idi.
Zərbələrin bu sistemlərə yönəlməsi, İranın regional dialoqda əllərindəki yeganə “bargaining chip” olan uzaqvuran imkanlarını zəiflətdi. İrana kənardan sanksiya və təzyiq şəraitində daha zəif start mövqeyi qoydu. Geosiyasi cəhətdən İranın “asimetriya ilə simmetrik balans yaratmaq” strategiyasını dağıtdı.
Bu zərbələrin Rusiya və Çinlə böyük qarşıdurma kontekstində xüsusi məna daşıdığını nəzərdən qaçırmaq strateji səhv olardı. İranın zəiflədilməsi – Rusiya üçün arxa lojistik kanalın bağlanması deməkdir. İran, Ukrayna müharibəsində Rusiyaya PUA, döyüş sursatı və diplomatik dəstək verir. Bu kanalın zəiflədilməsi, Rusiyanın davamlılıq gücünü zədələyir.
Çin üçün “Bir Kəmər, Bir Yol”un sabitlik hissəsinin pozulmasıdır. İran–Pakistan–Orta Asiya xətti bu təşəbbüsün əsas qollarındandır. İranın qeyri-sabitləşdirilməsi, bu layihənin Qərb marşrutuna alternativini zəiflədir.
ABŞ üçün isə bu əməliyyat, eyni vaxtda üç regional nəhəngi – İran, Rusiya, Çin – balanslaşdırma üçün bir test meydanıdır. Yəni lokal zərbə, qlobal balanslaşdırmanın mikro modeli kimi işləyib.
Maraq doğuran budur ki, İsrail və ABŞ sabitliyi pozaraq daha böyük sabitlik qurmağa çalışır. Bu, “konstruktiv xaos” nəzəriyyəsinə uyğun bir yanaşmadır. Sistemin pozulması, köhnə güc mexanizmlərinin dağılması və yeni strukturun təşəkkül tapması deməkdir. Bu zaman “köhnə” İran – ideoloji ekspansionizmə əsaslanan, daxili repressiyalara dayanan – bir sistem olaraq, ya çevrilməli, ya da sıradan çıxmalıdır. Bu yanaşma son dərəcə risklidir, amma strateji baxımdan çox güclü ssenari nəzarət mexanizmləri ilə müşayiət olunarsa, effektivdir.
ABŞ–İsrail zərbələri ilə İran yalnız fiziki olaraq deyil, ontoloji və strateji baxımdan da zərbə aldı. Onun ideoloji şəbəkəsi dağıdıldı, texnoloji inkişafı ləngidildi, qlobal güclərlə koordinasiya imkanları zəiflədi. Bu, onu göstərir ki, III dünya savaşının lokal teatrı artıq Yaxın Şərqdir və bu savaş diplomatik səviyyədə başlamasa da, hibrid formatda gedir.
Bu hadisə beynəlxalq sistemin “dondurulmuş balans yox, daimi təsir savaşına əsaslandığını” bir daha sübut etdi. Azərbaycan və digər regional güclər isə, bu təsirlərin toqquşduğu mərkəzdə “strateji adaptasiya modeli” üzərində davranmalıdır. Bu, onların gələcəyinin yeganə dayanıqlı təminatıdır.
İsrail–İran müharibəsi coğrafi olaraq Yaxın Şərqdə baş tutsa da, onun geosiyasi, sosial və psixoloji dalğalanmaları Cənubi Qafqaz da daxil olmaqla geniş bir bölgəni əhatə etdi. Bu mənada Cənubi Qafqaz, xüsusən də Azərbaycan, nə müharibənin birbaşa iştirakçısı, nə də yalnız passiv müşahidəçi idi. Əksinə, böyük güclərin toqquşmasının regional kənarında yerləşən, amma hadisələrin yönünü dəyişə biləcək strateji qovşaq idi. Bu baxımdan, “səssiz qurban” anlayışı sadəcə zərər görən yox, həm də proseslərin gedişatını səssizcə dəyişə bilən amil mənasında işlədilə bilər.
İsrailin zərbələrinin İranın nüvə obyektlərini hədəfə alması yalnız texnoloji infrastrukturun sıradan çıxarılması deyildi. Bu zərbələr, İranın Buşəhr, Natanz və Fordo kimi mərkəzlərində potensial radioloji sızıntı ehtimalını doğurdu. Belə bir sızıntının hava və su yolları ilə Cənubi Qafqaza qədər təsir etməsi mümkündür, xüsusilə Xəzər hövzəsinin ekoloji sistemləri vasitəsilə.
Bu mənzərədə Azərbaycan üçün təhlükə sadəcə yaxınlıq deyil, ekoloji və humanitar nəticələrin idarə olunması öhdəliyi idi. Rəsmi Bakının beynəlxalq səviyyədə təmkinli qalaraq, bu ehtimalları səssiz diplomatik kanallarda qaldırması, əslində nüvə təhlükəsi qarşısında qeyri-hərbi təhlükəsizlik diplomatiyasının nümunəsi oldu.
İranın içindəki sabitlik, uzun illər “repressiv sabitlik” adı altında qorunmuşdu. Lakin, İsrailin zərbələri və hakimiyyətin zəif reaksiyası, xalqın "toxunulmazlıq illüziyasını" sındırdı. Xüsusilə Cənubi Azərbaycanda yaşayan milyonlarla türk əhali üçün bu, ikiqat zərbə oldu – həm dövlətin zəifliyi, həm də özlərinin “məchul statusu” fonunda gələcəyə dair qeyri-müəyyənlik.
Azərbaycanın bu kontekstdə göstərdiyi əsas strateji davranış ideoloji ritorikaya uymamaq, lakin sosial-humanitar məsuliyyəti hiss etdiyini diplomatik dillə bildirmək idi. Bu, onun “ideoloji müdaxilə yox, strateji nəzarət” modeli ilə hərəkət etdiyini göstərir.
Müasir münaqişələrdə real döyüş xətlərindən çox, hibrid təhlükələr ön plandadır. İranın daxilində olan silahlı qrupların və ya SEPAH-ın nəzarətindən çıxan fraksiyaların Azərbaycan sərhədinə yaxınlaşması ehtimalı real idi. Regionda informasiya müharibəsi – yəni etnik, dini, tarixi mövzular üzərindən azərbaycanlı cəmiyyətini təsir altına almaq cəhdləri çoxaldı. Bu baxımdan, Azərbaycanın sərhədlərində sabitliyin qorunması yalnız fiziki təhlükəsizlik yox, kiber və informasiya sferalarında da strateji nəzarət rejimi tələb edirdi. Hökumətin bu sahədə reaksiya verməkdə göstərdiyi koordinasiyalı və aşağı-profilli siyasət, təxribatlara yol açmayan qapalı nəzarət modeli idi.
Bütün bu təhlükələr fonunda Azərbaycanın əsas strategiyası, neytral görünmək, lakin əslində sahədə təhlükəni idarə edən oyunçu olmaq, İsraillə təmas qurub İranın türk bölgələrini vurmamasını təmin etmək – bu, açıq humanist mövqedən daha çox mülki təhlükəsizlik üzərindən strateji balanslaşdırma idi. İranla açıq qarşıdurmadan yayınmaqla geosiyasi "alətə çevrilməmə" prinsipi qorundu. Bu yanaşma Azərbaycanı “sabitlik aktoru” və “emosiyasız güc” modelinə çevirir. Eyni zamanda, ölkə regional münaqişə sferasında qlobal güclərlə eyni masada oturma hüququ qazanan nadir postsovet dövlətlərindən birinə çevrilir.
Cənubi Qafqaz bu savaşın sükutla keçdiyi coğrafiya deyildi, əksinə, onun psixoloji, demoqrafik və informasiya təsirlərinə ən açıq məkan idi. Azərbaycanın bu təsirlər qarşısında tutduğu strateji və diplomatik mövqe, səssiz müdaxilə modelinin ən bariz nümunəsinə çevrildi. Azərbaycan müharibəyə daxil olmadan onu yönləndirə bildi, regiondakı sabitliyin sükutda qurucusu rolunu oynadı və qlobal güclərlə hiss olunmayan, amma hesablaşmalı təsir gücünə malik olduğunu sübut etdi. Bu, “güc nümayişi yox, güc nümayəndəliyidir.” Azərbaycan bu savaşda söz yox, dəqiq mesajlar və səssiz diplomatiya ilə qalib gələn regional aktor oldu.
İranın İsraillə qarşıdurması fonunda yaranan geosiyasi konfiqurasiya, yalnız Yaxın Şərqi deyil, bütün Cənubi Qafqazı və Mərkəzi Asiya keçid zonalarını birbaşa təsir altına alır. Bu yeni mərhələdə İranın qarşısında iki fundamental yol mövcuddur: konstruktiv inteqrasiya və ya aqressiv təcrid. Hər iki yol yalnız Tehranın deyil, Bakının təhlükəsizlik arxitekturası və diplomatik mövqeləri üçün də dönüş nöqtəsi rolunu oynayır.
İran üçün bu ssenari regional əməkdaşlıq və iqtisadi inteqrasiya anlamına gəlir. Buraya aşağıdakılar daxildir:
Şimal–Cənub Nəqliyyat Dəhlizinə dərinləşmiş iştirak;
Araz koridoru vasitəsilə Zəngəzur keçidi ilə əlaqənin qurulması;
Regional ticarət və enerji bazarlarına çıxışın bərpası;
Xarici sərmayələrə açıq siyasət, texnoloji və maliyyə bazarlarının diversifikasiyası.
Bu yol İranı geosiyasi blokadadan çıxara və onu beynəlxalq sistemin struktur elementinə çevirə bilər. Azərbaycan bu modeldə kəsişmə nöqtəsi və mühüm logistika aktoru kimi çıxış edir.
Alternativ ssenari tədrici təcrid, radikallaşma və “müqavimət oxu”nun yenidən aktivləşdirilməsi ilə bağlıdır:
Proksi aktorlar vasitəsilə regionda təzyiq;
Sərhəd bölgələrində gərginliyin artması;
İnformasiya müharibəsinin intensivləşdirilməsi və kiber-təxribatlar;
Azərbaycan daxilində etnik və dini zəmində təsir cəhdləri.
Bu yol nəinki İranın daxili sabitliyini daha da pozar, həm də regionda yeni hərbi və ideoloji qarşıdurma xəttinin yaranmasına səbəb olar.
Azərbaycan diplomatiyası artıq hər iki ssenariyə eyni anda hazırlıq modelini tətbiq edir. Bu, klassik “ya sülh, ya savaş” yanaşmasından fərqli olaraq paralel reallıqların idarəedilməsi fəlsəfəsinə əsaslanır.
Açıq diplomatik kanallar – Bakı Tehranla kommunikasiya qapılarını açıq saxlayaraq, təxribatların qarşısını almağa çalışır. Eyni zamanda, İsrail və Qərb ilə koordinasiya möhkəmləndirilir.
Sərhəd təhlükəsizliyi və balanslaşdırılmış hərbi güc – İran sərhədindəki hərbi mövqelər gücləndirilib, informasiya təhlükəsizliyi sahəsində monitorinq artırılıb. Lakin bu proses hərbi ritorika ilə yox, gizli müdafiə strategiyası ilə həyata keçirilir.
Beynəlxalq tərəfdaşlarla əməkdaşlıq – BMT, Türk Dövlətləri Təşkilatı, Qoşulmama Hərəkatı və Avropa İttifaqı ilə informasiya, humanitar və texniki səviyyələrdə əməkdaşlıq dərinləşdirilir. Bakı artıq təhlükə zamanı təxliyə mərkəzi və logistika körpüsü kimi etimad qazanan aktora çevrilib.
Bu yanaşmalar göstərir ki, Azərbaycan artıq sadəcə regiondakı hadisələrə reaksiya verən dövlət deyil. O, proseslərin fasiləsiz monitorinqini aparır, münaqişə zonasına beynəlxalq hüquq və sabitlik prinsipini ötürmək cəhdindədir, bölgə dövlətlərinin davranış trayektoriyasına yumşaq, amma təsiredici təzyiqlər tətbiq edir. Bu, Azərbaycanı mühakimə edən yox, mühakimə yönləndirən bir gücə çevirir. Yəni, aktiv arbitraj funksiyası – böyük güclər arasında tarazlıq yaratmaq və regiondaxili aktorların davranışlarını yönləndirmək səriştəsidir.
İranın hansı yolu seçməsi – inteqrasiya, yoxsa təcrid – təkcə Tehranın gələcəyini deyil, Cənubi Qafqazın və daha geniş Avrasiya məkanının təhlükəsizlik konfiqurasiyasını müəyyən edəcək. Azərbaycan isə, artıq bu qərarın passiv iştirakçısı yox, formalaşdırıcı tərəfidir. Bu yeni rol – “emosiyasız strateji zəkayla davranan, lakin öz maraqlarını sərt şəkildə qoruyan” bir Azərbaycan modeli – regionun gələcəyində sabitliyin əsas təminatçılarından birinə çevrilmək potensialına malikdir.
İran–İsrail qarşıdurmasının görünən fiziki nəticələri ilə yanaşı, daha dərin və uzunmüddətli psixopolitik təsirləri ortaya çıxmaqdadır. Bu təsirlər, xüsusilə İranın daxili psixoloji arxitekturasında, xalqın dövlətə olan münasibətində və regionun siyasi dinamikasında mühüm dəyişikliklərə səbəb olur. Eyni zamanda, Azərbaycanın bu vəziyyətdə sərgilədiyi ağıllı və strateji davranış onu sadəcə təhlükəsizlik istehlakçısı yox, təhlükəsizlik istehsalçısı və regional arbitraja çevirir.
Son hərbi eskalasiya zamanı İranın hərbi elitasına, o cümlədən SEPAH komandanlığına və nüvə elitasına endirilən zərbələr ölkə daxilində sadəcə strateji boşluq yaratmadı – həm də milli kimlik və təhlükəsizlik anlayışında fundamental sarsıntı törətdi. Onillər boyunca İran cəmiyyətində formalaşdırılmış "məsum və güclü dövlət" imici – yəni, hər zaman müqavimət göstərə biləcək, düşmənə diz çökməyəcək və daxildən möhkəm olan rejim təsəvvürü – indi sarsılmışdır. Zərbələrin rəhbərliyə bu qədər asan çatması və münaqişənin İran torpaqlarına daşınması, dövlətlə xalq arasındakı psixoloji müqaviləni qırmışdır.
İran xalqı artıq bilir ki, dövlətin ideoloji ritorikası real təhlükələrə qarşı təminat yaratmır. Bu isə yalnız inamı yox, həm də rejimin legitimliyini zədələyir. Bu “psixoloji qırılma” ssenarisi, həm də İranın gələcək xarici davranışında impulsiv və aqressiv reaksiyaların artması deməkdir. Rejim, daxili sabitliyi bərpa etmək üçün xaricdə süni böhranlar yaratmağa cəhd göstərə bilər.
İran daxilindəki bu sarsıntıların fonunda Azərbaycanın tutduğu “səssiz, lakin təsirli” mövqe xüsusi əhəmiyyət kəsb edir. Bakı, geosiyasi partlayış zonasının kənarında qalmaqla kifayətlənməyib – əksinə, regional güc kimi prosesə passiv müşahidəçi yox, aktiv balanslayıcı kimi daxil olub.
Azərbaycanın hava və ərazi məkanı, heç bir formada İran əleyhinə istifadə olunmadı. Tehranla gərgin ritorikadan uzaq duruldu, sərhəd sabitliyi qorundu. Humanitar və təhlükəsizlik baxımından Azərbaycan, regional ağıl nümunəsi göstərdi. Bakı heç bir açıq bəyanat vermədən, lakin konkret diplomatik kanallarla Cənubi Azərbaycan türklərinin təhlükəsizliyinə yönəlik strateji mesajlar verdi. Bu, klassik “yumşaq güc” konsepsiyasından bir addım irəli gedərək, “səssiz güc” modeli ilə regional siyasətin yeni paradiqmasını təqdim etdi.
Əgər Tehran konstruktiv davranmaq qərarı verərsə, bu aşağıdakı istiqamətlərdə Bakının liderlik imkanlarını önə çıxaracaq. Şimal–Cənub nəqliyyat dəhlizi – Azərbaycanın logistik mövqeyi regionun açar mərkəzinə çevriləcək, Araz körpüsü və Zəngəzur keçidi İran üçün alternativ ticarət və enerji yolları olacaq, regional enerji əməkdaşlığı, İranın zəifləyən iqtisadiyyatına sabitlik gətirə biləcək enerji və infrastruktura əsaslanan iqtisadi diplomatiya nümayişi olacaqdır.
Azərbaycanın bu mərhələdə tutduğu mövqe onu sadəcə regional güc deyil, həm də geosiyasi sabitlik formatlayıcısına çevirir. Bu yeni liderlik forması – hərbi ritorika deyil, ağıllı səssizlik, təxribat yox, diplomatik əhatə, açıq müttəfiqlik yox, gizli koordinasiya üzərində qurulub.
İran daxilində baş verən psixoloji qırılma qarşısında sabit, balanslı və məsuliyyətli Azərbaycan dövləti, gələcəkdə bu regionun geosiyasi dizaynında mühüm rol oynamağa hazırdır.
İran–İsrail qarşıdurması sübut etdi ki, hüquqi sənədlərin yoxluğu və beynəlxalq institutların passivliyi fonunda regional sabitliyin əsas təminatçısı artıq rasional və məsuliyyətli dövlətlərin davranış modelidir. Bu baxımdan, Azərbaycan normativ boşluğu davranışla doldurdu, ikiqütblü münaqişədə neytral qalıb, effektiv oldu. Eyni anda İsrail və İranla əlaqə saxlayan nadir ölkələrdən biri kimi diplomatik məkan yaratdı.
Azərbaycan bu müharibədə nə səs saldı, nə təhdid etdi, nə də rəsmi bəyanatlarla gündəm yaratdı. Əvəzində çoxvektorlu, ağıllı və məsuliyyətli siyasətlə regionun mərkəzinə çevrildi. Bu, sadəcə siyasi uğur deyil, dövlətçilik məktəbi və gələcək geosiyasi nizamın yeni arxetipidir. Münaqişənin kölgəsində, Azərbaycan yeni bir modelin konturunu çəkdi – təmkinlə güc, diplomatiya ilə nüfuz, sakitliklə hegemonluq.
Rauf Məmmədov
Cross Media Təhlil Mərkəzinin analitiki, fəlsəfə doktoru
16:55 27.06.2025
Oxunuş sayı: 719
