"Beynəlxalq ictimaiyyət ərazilərin minalardan təmizlənməsində Azərbaycanı kifayət qədər dəstəkləmir" - DEPUTAT

Azərbaycanın BMT yanında daimi nümayəndəsi səfir Tofiq Musayev BMT Təhlükəsizlik Şurasının “Yoxsulluq, geridəqalma və münaqişə: beynəlxalq sülh və təhlükəsizliyin qorunmasına təsirləri” mövzusunda keçirilmiş açıq debatında çıxışı zamanı bildirib ki, Ermənistanın işğalı nəticəsində Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələrdən birinə çevrilib: "Hazırda azad edilmiş ərazilərdə 1.5 milyondan çox mina və partlamamış hərbi sursat aşkarlanıb. Bu, təhlükəsiz geri dönüş prosesini və iqtisadi inkişafı ciddi şəkildə ləngidir".
Səfir qeyd edib ki, Ermənistanın 1991–1994-cü illərdə Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Qarabağ və ətraf yeddi rayon işğal edilib, 20 mindən çox azərbaycanlı həlak olub, bir milyondan artıq insan əsasən qadın və uşaqlar məcburi köçkünə çevrilib. Bu təcavüz zamanı xeyli sayda şəhər və kəndlər yer üzündən silinib, mədəni-tarixi abidələr dağıdılıb, təbii sərvətlər qanunsuz olaraq talan edilib.
T.Musayev vurğulayıb ki, 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Münaqişənin bitməsi ilə Azərbaycan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinə start verib.
Diplomat bildirib ki, Azərbaycan azad edilmiş ərazilərdə insan mərkəzli, innovativ və davamlı inkişaf modelinə əsaslanan strategiyanı həyata keçirir. Bu proses “ağıllı şəhər”, “ağıllı kənd” və “yaşıl enerji zonası” kimi innovativ yanaşmalarla müşayiət olunur. Səfirin sözlərinə görə, bir vaxtlar viranə qalmış ərazilər bu gün müasir yaşayış məntəqələrinə çevrilir. “Hər yeni infrastruktur layihəsi istər hava limanı, istər məktəb, istərsə də təsərrüfat həm inkişafı təmin edir, həm də sabitlik və sülhə töhfə verir,” – o vurğulayıb.
Ermənistanın davam edən mina terroru barədə Crossmedia.az-a danışan Milli Məclisin deputatı Elşad Musayev bildirib ki, dünyada ən çox minalardan əziyyət çəkən ölkələrdən biri Azərbaycandır: “Dünyada minadan ən çox əziyyət çəkən ölkələrdən biri Azərbaycandır. Bəlkə də, birincidir. Ermənistan yalnız Azərbaycan ərazilərini işğal etməklə kifayətlənməyib, həm də insanlara qarşı soyqırım həyata keçirib. Eyni zamanda təbii sərvətlərə və ekologiyaya ciddi ziyan vurulub".
Deputat qeyd edib ki, işğaldan azad olunan ərazilərdən Ermənistan qoşunları geri çəkilərkən, yəni kapitulasiya aktı imzalandıqdan sonra da, Azərbaycan bu ölkənin yaratdığı fəsadların acısını çəkmək məcburiyyətində qalıb: “Biz bunların hələ də ziyanlarını çəkmək məcburiyyətindəyik. Həmin ərazilər kütləvi şəkildə minalanıb və bu hal, bərpa və inkişaf işlərinin aparılmasına ciddi maneə yaradır. Mina təmizləmə prosesi çoxlu maliyyə və insan resursu tələb edir. Bu istiqamətdə müəyyən ölkələrdən yardımlar olsa da, beynəlxalq ictimaiyyət Azərbaycanı kifayət qədər dəstəkləmir. Ərazilərimizi minalardan təmizləyirik, amma hesab edirəm ki, beynəlxalq dəstək kifayət etmir”.
E.Musayev əlavə edib ki, Ermənistanın bu əməllərinə qarşı beynəlxalq miqyasda etiraz və qınama kampaniyası keçirilməlidir: "Təəssüf ki, ikili standartlarla idarə olunan dünya siyasətində bunun şahidi olunmur. Bütün hallarda Azərbaycan öz potensialı hesabına ərazilərini minalardan təmizləmək gücünə malikdir. Son illər bu sahədə həm mütəxəssislərin sayı artıb, həm də işin keyfiyyəti yüksəlib. Hesab edirəm ki, öz gücümüz, potensialımız hesabına biz bu ağır yükün altından da ləyaqətlə gələcəyik".
Fatimə Nəbiyeva
16:26 24.06.2025
Oxunuş sayı: 978