Ən böyük məsuliyyət vətəninə bağlı inanclı insanların üzərinə düşür
Hüquqi dövlət olan Azərbaycanda dünyəvilik və vicdan azadlığı bir-birini inkar etmir, əksinə tamamlayır. Azərbaycan Konstitusiyasının 7-ci maddəsində təsbit olunan dünyəvilik prinsipi dövlətin bütün dinlərə bərabər məsafədə durmasını və idarəçiliyin dini ehkamlara söykənməməsini təmin edir. 48-ci maddə isə fərdin inanc seçimi, ayinlərdə sərbəst iştirakı və dini baxışlarını zahiri görkəmi, o cümlədən geyimi ilə ifadə etməsi kimi vicdan azadlığı hüququna təminat verir. Bununla belə, İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 9-cu maddəsinə əsasən, bu azadlıq mütləq deyildir; ictimai təhlükəsizliyin, sağlamlığın, asayişin və başqalarının hüquqlarının qorunması məqsədilə qanun çərçivəsində məhdudlaşdırıla bilər.
Bu hüquqi çərçivə göstərir ki, dövlətin ictimai sahədə müəyyən hüquqi qadağalar tətbiq etməsi özlüyündə hüquq pozuntusu deyil, legitim təhlükəsizlik və idarəetmə səlahiyyətidir.
Məlumdur ki, xarici dairələrin dindən siyasi təzyiq və təxribat vasitəsi kimi istifadə etməsi dövlətçiliyimiz üçün real təhlükəsizlik təhdididir. Dövlətin öz suverenliyini və dünyəvi quruluşunu qorumaq üçün bu cür şəbəkələrə qarşı sərt tədbirlər görməsi tamamilə qanuni və təbiidir.
Azərbaycanda dövlət-din münasibətlərinin və son illərdə müşahidə olunan həssas proseslərin kökündə Cənubi Qafqazın mürəkkəb geosiyasi arxitekturası, regional güc mərkəzlərinin toqquşan maraqları və dini hisslərin transmilli səviyyədə bir hibrid müharibə alətinə çevrilməsi reallığı dayanır. Müasir beynəlxalq münasibətlərdə kəşfiyyat-təxribat fəaliyyətləri artıq təkcə hərbi və ya diplomatik cəbhələrdə deyil, birbaşa ideoloji və mənəvi sahələrdə, xüsusilə də məzhəb və inanc platformaları üzərindən həyata keçirilir.
II Qarabağ Müharibəsindən sonra yaranan yeni reallıq bu ideoloji toqquşmanı daha kəskin mərhələyə daşıdı. Azərbaycanın tarixi zəfəri və regionda müstəqil güc mərkəzinə çevrilməsi bəzi qonşu teokratik mərkəzləri ciddi narahat etdi və onlar rəsmi sərhədləri aşaraq ölkə daxilində öz ənənəvi “mədəni və mənəvi sərhədlərini” genişləndirmək təşəbbüslərini nəzərəçarpacaq dərəcədə intensivləşdirdilər. Kənar güclərin bu ekspansiya siyasətinin təməlində vətəndaşın milli dövlətçiliyə və konstitusion nizama olan hüquqi sədaqətini dini-məzhəbi bağlılıqla əvəzləmək cəhdi durur. Bu yolla yerli dindar kəsimi mərhələ-mərhələ dövlət təsisatlarına yadlaşdırmaq və zərurət yarandıqda daxili təzyiq rıçaqı kimi istifadə etmək planlaşdırılır.
Xarici ideoloji şəbəkələr cəmiyyətdə parçalanma yaratmaq üçün süni şəkildə "məzlumiyyət" təbliğatı aparırlar. Dövlətin milli təhlükəsizlik və dünyəvi quruluşu qorumaq məqsədilə atdığı hüquqi addımlar bu qüvvələr tərəfindən qəsdən "dinə təzyiq" kimi qələmə verilir. Belə manipulyasiyalar dindar və dünyəvi kəsim arasında etibarsızlıq toxumu səpir, hicab kimi sırf fərdi etiqad atributlarını isə siyasi alətə və güc nümayişinə çevirməyə çalışır.
Məhz bu amillər dövlətin təhlükəsizlik orqanlarında tamamilə legitim, zəruri və ayıq-sayıq bir müdafiə refleksi formalaşdırır. Hər bir suveren dövlət öz konstitusion quruluşuna, çoxkonfessiyalı sabitliyinə və daxili ictimai harmoniyasına yönələn bu cür kənar təsirləri zərərsizləşdirmək məcburiyyətindədir.
Bu mürəkkəb prosesdə bütün məsuliyyəti yalnız dövlət institutlarının üzərinə qoymaq problemin həllini yarımçıq saxlayar; vətəndaş cəmiyyəti, ziyalılar, media və ən əsası mütərəqqi dindar kəsimin özü də bu sahədə dövlətə fəal dəstək verməlidir. Xarici təfriqəçi mərkəzlərin dini hisslər üzərindən qurduğu tələləri vaxtında zərərsizləşdirmək üçün ictimai şüur səviyyəsində ağla qaranı ayırd etməyi bacaran ayıq-sayıq bir həmrəylik mühiti formalaşmalıdır.
Burada ən böyük mənəvi və vətəndaşlıq məsuliyyəti məhz müasir dünyagörüşlü inanclı təbəqənin üzərinə düşür. Onlar öz saf inanc dəyərlərinin kənar siyasi maraqlara alət edilməsinə, ölkə daxilində məzhəb əsaslı qarşıdurma toxumlarının səpilməsinə hamıdan tez və hamıdan qətiyyətlə etiraz etməlidirlər. İnanclı icmalar daxilində radikal çağırışlara, xarici teokratik doktrinaların təbliğinə və dövlətçiliyə zidd meyillərə qarşı daxili bir immunitet yaranmalı, bu cür təxribatçı ünsürlər səmimi dindarlar tərəfindən açıq şəkildə pislənməlidir. Yalnız səmimi dindarların özləri radikallıqla vətənpərvərlik arasına dəqiq xətt çəkdikdə, kənar qüvvələrin «məzlumiyyət» maskası ifşa olunar və cəmiyyətdə mövcud olan dini-radikal mühit zərərsizləşdirilər.
Bütün bu ziddiyyətlərin qarşısını alacaq ən ümdə və strateji çıxış yolu isə tarixən xalqımıza məxsus İslam dəyərlərini özündə cəmləşdirən müstəqil dini modelin formalaşdırılmasıdır. Yad coğrafiyalardan, xüsusilə teokratik mərkəzlərdən idxal olunan, cəmiyyətimizin tarixi təbiətinə və dünyəvi ruhuna zidd olan dini-mənəvi ənənələr və geyim tərzləri çox vaxt fərdi inancdan daha çox kənar siyasi təsirin nümayişinə çevrilir.
Bunun əvəzinə, xalqımızın əsrlər boyu formalaşmış ismət, abır-həya və milli geyim mədəniyyətini müasir dövrün tələblərinə uyğunlaşdırmaq, ənənəvi Azərbaycan qadınının zərif və mötədil örtünmə formasını təşviq etmək lazımdır. Bu kontekstdə təhsil ocaqlarında tətbiq olunan vahid məktəbli geyim forması sağlam mənəvi mühitin və bərabərlik prinsiplərinin təşviqinə etibarlı zəmin yaradır. Çünki vahid forma gənc nəsli bir tərəfdən kənar teokratik mərkəzlərdən yeridilən yad dini təsirlərdən və radikal simvollardan qoruyursa, digər tərəfdən ifrat dərəcədə açıq-saçıq, milli əxlaq kodeksimizə zidd olan və zərərli liberal tendensiyaları təbliğ edən geyim tərzlərindən də eyni dərəcədə mühafizə edir. İctimai məkanda hər iki ifrat qütbdən — həm radikal dini doqmatizmdən, həm də mənəvi aşınmaya rəvac verən meyillərdən arınmış, milli identikliyimizlə vəhdət təşkil edən yerli geyim formalarının və milli modelin bərqərar olması həm cəmiyyətin mənəvi rahatlığını təmin edər, həm də kənar qüvvələrin dəyərlər üzərindən qurduğu ideoloji tələləri kökünd Cəmiyyəti xarici manipulyasiyalardan qoruyan başlıca sipər tənqidi təfəkkürə və dünyəvi təhsilə malik nəsillərdir. Xüsusilə inanclı ailələrdə qız övladlarının təhsil və inanc dilemması qarşısında qoyulması təhlükəli tələdir. Elm və peşə sahibi olan xanım kənar ideoloji şəbəkələrin təsirinə düşmür. Dünyəvi təhsil dindarı radikalizmdən qorumaqla yanaşı, erkən nikah, cəhalət və məişət asılılığı kimi sosial risklərin qarşısını alan ən etibarlı qalxandır.
Azərbaycanın dünyəvilik modeli dinə qarşı deyil; əksinə, dini siyasi alətə çevrilməkdən qoruyan və hər kəsin vicdan azadlığına zəmanət verən mütərəqqi bir sistemdir. Əsası müsəlman Şərqində ilk dünyəvi, demokratik respublika quran Azərbaycan Xalq Cümhuriyyətinin baniləri tərəfindən qoyulmuş bu prinsip din və dövlət işlərinin ayrılmasını, qanun qarşısında bərabərliyi və vətəndaş hüquqlarının toxunulmazlığını təcəssüm etdirən tarixi mirasımızdır. Cümhuriyyətin qadınlara seçki hüququ tanıyan, bütün etiqadlara bərabər məsafə saxlayan mütərəqqi dünyəvi təməlləri bu gün də cəmiyyətimizi yad dini-ideoloji təsirlərdən qoruyan ən güclü sütundur.
Müasir Azərbaycan dövlətçiliyində dünyəvilik prinsipi ilə vicdan azadlığı bir-birini istisna etməyən, əksinə, hüquqi dövlətin dayanıqlığını təmin edən tamamlayıcı mexanizmlər kimi çıxış edir. Dünyəvi dövlətçilik ənənəsi dini ictimai-siyasi manipulyasiyalardan qoruyaraq, bütün vətəndaşların etiqad və fərdi azadlıqlarına bərabərhüquqlu təminat yaradır. Nəticə etibarilə, milli təhlükəsizlik maraqları ilə fərdi azadlıqların hüquqi balansı qorunduqca, monolit ictimai həmrəyliyə söykənən dünyəvi idarəetmə modeli xarici təhdidləri neytrallaşdıraraq dövlət suverenliyini və vətəndaş sülhünü qorumaq iqtidarında olacaqdır.
Mübariz Ağalarlı
AMEA-nın Tarix və Etnologiya İnstitutunun dosenti
09:38 14.10.2026
Oxunuş sayı: 42