“Səmada Görüş” - RESENZİYA

Kitab haqqında fikirlərimi söyləməzdən əvvəl müəllif haqqında bir neçə kəlmə demək istərdim. Əvvəla onu qeyd edim ki, Sabina Nasir ixtisasca nə jurnalistdir, nə də filoloq. Amma söz aləminə çox bələd biridir. Gənc yazar sözə məsuliyyətlə yanaşır və məharətlə düşüncələrini, istəklərini sözlə çözə bilir. Bu həm çox gözəldir, həm də ondan irəli gəlir ki, Sabina geniş mütaliə dairəsinə malikdir.
Sabina Bakıda Mühəndislik Universitetində və Marmara Universitetində Pedaqoqika ixtisası üzrə təhsil alıb. Hazırda Təhsil İnstitutunda Pedaqoji Psixologiya ixtisası üzrə doktorant təhsilini davam etdirir.
Onun bu günlərdə “Səmada görüş” adlı əsəri "Qanun" nəşriyyatında işıq üzü gördü. Çox yüksək səviyyədə ərsəyə gələn əsərin dizaynları Kənan Eynullayev və Gülnar Məmmədkərimlidir. Doğrusunu deyim ki, ilk diqqətimi çəkən də əsərdəki rəsmlərin məzmuna uyğun verilməsi oldu.
Sabina Nasir oxucularının görüşünə bu kitabından əvvəl “Azərbaycanı tanıyaq” adlı məktəbdənkənar oxu vəsaiti ilə gəlib. O, burada məmləkətimiz haqqında çox geniş məlumat verib. İkinci dəfə isə “Səmada görüş” əsəri ilə gəlib. Əsərdə Sabina xanımın esse və şeirləri verilib. Müəllif əsərində həm Şərq ölkələrinə etdiyi səyahətdən, həm də daxili dünyasının səyahətindən bəhs edir. Sabina Nasir “bu iki aləmin kəsişdiyi nöqtədə kəşf etdiyi” həyatın, dünyanın təbii harmoniyasını oxucuları ilə bölüşməklə yanaşı onları da bu “dünya”ya səyahətə çıxarır.
Əsərdə esselərin və şeirlərin başlığı da çox ustalıqla seçilib. Məsələn, “Dönüş nöqtəsi”, “Oyanış zəngi”, “Dünyanın ailəsi”, “İşıq və kölkə”, “Ağın qaraya eşqi”, “Qələmin üsyanı”, “Nəfs və nəfəs”, “Sonsuzluğun sonu” və s. qeyd edə bilərik.
Əsərdə gənc bir ananın analıq vəzifəsini necə əks etdirməsi ustalıqla təsvir edilib. Müəllif əsərində yalnız oxucusunu bu gənc ananın həyat hekayəsi ilə tanış etməklə kifayətlənmir. O, həm də bu ananın düşüncə, arzu, istək dünyasına səyahətə dəvət edir və bir qələm əhli olaraq bu dünyanın özünəməxsus gözəlliklərini, hiss və həyəcanı sözlə açıb bəyan edir.
“Bir qadın üçün əsl xoşbəxtlik nə ola bilər” sualını verən müəllif daha sonra əminliklə yazır ki, “Ana olmaq!”. Bəli. Sabina xanım tamamilə haqlıdır. Dünyada hər bir qadın üçün ana olmaqdan gözəl, ali, müqəddəs hiss yoxdur və ola da bilməz. Ana olmaq həyatı doya-doya yaşamaq deməkdir. Ana olmaq ən böyük məsuliyyətlə yanaşı, həm də ən böyük xoşbəxtlikdir. Bu xoşbəxtliyin gözəlliyini müəllif çiçəyin, gülün gözəlliyi ilə müqayisə edir və Ana olmaq gözəlliyini dünyanın bütün gözəlliklərinin zirvəsi sanır. Odur ki, bu ülvi, müqəddəs hissləri o qədər gözəl təsvir edərək ki, “ana olmaq dünyaya yenidən doğulmaqdır” söyləyir.
“Oyanış zəngi” adlı essedə insanın həyata gəlişindən, həyatı tərk edəcəyi bir yol təsvir edilir. Müəllif bu yolu doğum, yaşam və ölüm “xətti” üzrə bəyan edir. Cəmi 4-5 cümlədən ibarət olan essedə çox böyük yaşam fəlsəfəsi var. Müəllif prosesi rəmzi mənada rəsm dərsinə bənzədərək yazır: “Onun üçün rəsm ağ səhifənin saflığını itirdiyi, ağlamanın qaralamaya döndüyü bir həyat dərsi idi”.
“Dönüş nöqtəsi”ndə isə müəllif qəhrəmanını bizə belə təqdim edir. “O gün əhvalı kədərin bənövşəyi rəngində idi”. Burada insanın yaşamaq, yaratmaq uğrunda mübarizəsini dənizdəki fırtınaya bənzədərək “dalğaların qucağında yenidən doğulub, yoxdan var olacaq” yazırdı. “Dolub-daşan bu boşluqda özünü çəkmək istəsə də, nə yer tapır, nə də vaxt” söyləyirdi. “Qaranın milyon çaları yaşanan dünya” söyləyən müəllif burada da fəlsəfi dünyasına səyahət edir.
Müəllif “İşıq və kolgə” essesində işıqla gölkənin həyatdakı yerini təsvir edir və “günəşin kölgəsi olmayan sonsuz bir dünyaya düşür” deyərək “günəşin işığı nə qədər kiçik bucaqla düşərsə, cismin kölgəsi bir o qədər böyük olur” deyərək Günəşin varlığını əks etdirir.
İnsanları daima yaşamağa, yaratmağa çağıran müəllif şeirində yazır ki,
Həkim, mənə dərman yazsan, qoy içində
Bir az gülüş, bir az da həyat eşqi olsun!
Sabina Nasirin müraciətlərində fəlsəfi fikir hər an özünü əks etdirir və oxucunu düşündürür. Məsələn, “müasir dünyanın sürətlə qocaldığı” bir zamanda hər saat, hər an yeni texnologiyanın kəşfini “köhnə dəyərlərin yenidən doğulduğu bir dönəm” olduğu qeyd edilir.
Müəllif ölkəmizi “ruhu, sözü və torpaq bütövlüyü!” olan diyar kimi təqdim edir və xalqımızın vətənprəvərliyini, yurdsevərliyini, sözünə, əməlinə hər an sahib çıxmasını yüksək dəyərləndirir.
Xoşbəxtlik kimi, mücərrəd bir məfhuma müəllif əsərində dönə-dönə müraciət edir və “niyə xoşbəxtlik anlarla” bəxş edilir sualını verən müəllif ona yenə də fəlsəfi baxımdan yanaşır. Bu həyatda hər kəsin tapındığı, sığındığı xoşbəxt anlar var və bu anların ömrünü uzatmaq üçün insan bütün varlığı ilə çalışır.
Sevil Həsənova,
Filologiya elmləri doktoru, professor
16:29 08.06.2025
Oxunuş sayı: 2179