Abbas Abbasov: “Müstəmləkə rejimi altında yaşayan xalqların səsləri artıq dünya ictimaiyyətinin diqqət mərkəzinə çıxarılıb”

“Konfransın əsas məqsədi kolonializmə qarşı mübarizəni daha çox elmi müstəviyə keçirmək, bu məsələyə dair beynəlxalq elmi və hüquqi yanaşmaları gücləndirməkdir”.
Crossmedia.az-ın xəbərinə görə bunu Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov “İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” mövzusunda keçirilən beynəlxalq elmi konfransda jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Bakı Təşəbbüs Qrupu BMT-nin müxtəlif qərargahlarında keçirilən beynəlxalq tədbirlərdə iştirak edib:
“Həmin tədbirlərdə fəaliyyət göstərən ekspertlər və tanınmış elm adamları ilə yaxından tanış olmuşuq. Görüşlərdə gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub və indi biz bu əməkdaşlıqları genişləndirmək niyyətindəyik”.
A.Abbasovun sözlərinə görə, yaxın gələcəkdə BMT-də fəaliyyət göstərən alim və ekspertlərlə birgə, elmi əsaslara söykənən bir şəbəkə qurularaq kolonializmə qarşı mübarizə daha sistemli şəkildə davam etdiriləcək.
“Bəli, bu sahədə nəzərəçarpacaq irəliləyişlər müşahidə olunur. Bildiyiniz kimi, müstəmləkə əsarəti altında yaşayan xalqların səsləri uzun müddət beynəlxalq təşkilatlarda və dünya ictimaiyyəti səviyyəsində yetərincə eşidilmirdi. Bu, prosesin qarşısında duran ən ciddi problemlərdən biri idi”– o, vurğulayıb.
İcraçı direktor qeyd edib ki, artıq ondan çox ölkə ilə əməkdaşlıq çərçivəsində müxtəlif memorandumlar imzalanıb, elmi konfranslar və beynəlxalq görüşlər keçirilib:
“Bu tədbirlər çərçivəsində BMT-nin qərargahlarında ona yaxın beynəlxalq konfrans təşkil olunub”.
“Son dövrlərdə əldə olunan statistik göstəricilər onu deməyə əsas verir ki, müstəmləkə rejimi altında yaşayan xalqların mövqeyi, tələbləri və problemləri artıq dünya ictimaiyyətinin diqqət mərkəzinə çıxarılıb. Beynəlxalq təşkilatlar və müxtəlif ölkələr bu prosesə artıq reaksiya verməyə başlayıblar. Bəzi dövlətlər bu mübarizəyə açıq şəkildə dəstək ifadə edirlər, digərləri isə müxtəlif səviyyələrdə mövqelərini ortaya qoyurlar” – A. Abbasov əlavə edib.
Onun fikrincə, bu göstəricilər Bakı Təşəbbüs Qrupunun fəaliyyətinin real nəticələr verdiyini və müstəmləkəçiliklə mübarizədə beynəlxalq həmrəyliyin formalaşmasına töhfə verdiyini göstərir.
Aybəniz Səfərova,
Fatimə Nəbiyeva
12:27 03.06.2025
Oxunuş sayı: 9115