Türk və müsəlman dünyasının yeni ideoloji mərkəzi formalaşmaqdadır - Laçın Zirvəsinə fəlsəfi baxış

Dünyada və regional geopolitikada baş verən yeniliklər hazırda o qədər sürətlə dəyişir ki, bəzən gedən proseslərin elmi-nəzəri anlamda təfsirinə ciddi və uzun zaman lazım gəlir. Lakin məlumdur ki, əlahəzrət zaman və “geopolitik oyunlar” dünyada bir anlıq da olsun dayanmır, hər şey dəyişir, hər şey axır... Bu onunla bağlıdır ki, hazırda dünya nizamının qlobal anlamda konfiqurasiyasında əsaslı dəyişikliklər baş verməkdədir. Bu dəyişiklərin regionumuza yansıması isə şübhəsizdir, üstəlik Azərbaycanın son zamanlar yaratdığı yeni reallıqlar əslində, həm də qlobal miqyasda baş verən dəyişikliklər üçün stimul yaratdığı da dünya miqyasında müzakirə olunan mövzulardandır.
Mübaliğəsiz bir məsələni qeyd etmək lazımdır ki, Azərbaycan hazırda dünyanın mənəvi-humanitar-ideoloji mərkəzlərindən birinə çevrilməkdədir, daha doğrusu ölkəmiz qeyd olunan pozitiv proseslərin ideoloji mərkəzi kimi tarixinin son iki yüzillik bir dövrünün Zirvəsini yaşamaqdadır. Laçında baş tutan 3 qardaş ölkənin 28 May 2025-ci il tarixindəki görüşü əsl həqiqətdə, bəzi qüvvələrə regiona dayanıqlı sülhün gəlməsinin uzaqda olmadığı mesajını verməklə yanaşı, həm də qlobal və regional təhlükələr qarşısında Azərbaycanın tək olmadığı ismarıcını da çatdırdı: Türkiyə, Pakistan və Azərbaycan – üç qardaş ölkələrin əməkdaşlıqları daima yüksələn xətt üzrə davam edəcəkdir. Bu birlik başqalarına qarşı təhdid və güc vasitəsi deyildir və onun əsas hərəkətverici aktorlarını iqtisadi əməkdaşlıqlar, humanitar əlaqələr, milli-mənəvi dəyərlərin qorunması, mədəniyyət, dünyada sülh və əmin-amanlıqların qorunması və ədalətli legitim güc balansının yaranması təşkil edir.
Qeyd olunan bu zəruri Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Müstəqillik Günü münasibətilə Laçın şəhərində çox vacib və möhtəşəm çıxış etdi. Bu çıxışın möhtəşəmliyi onda idi ki, o yalnız bayram nitqi və təbriki deyil, həmçinin müasir Azərbaycan dövlətinin gücünü, Qarabağın azadlığını, xalqlarımızın gələcəyə olan böyük inamı, bölgədə sülh və təhlükəsizliyin əsaslarını özündə simvolizə edirdi. Eyni zamanda bu Zirvənin əhəmiyyəti həm də onda idi ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 107-ci ildönümünün Laçında təntənəli şəkildə qeyd olunması tarixi baxımdan əhəmiyyət daşıyırdı. Ali Baş Komandan öz çıxışında 2020-ci ilin sentyabrında başlanan və 44 gün davam edən Vətən müharibəsinin nəticələrindən danışaraq, xalqın birliyinin, ordumuzun rəşadətinin və dövlətin qətiyyətli siyasətinin Qarabağ və Şərqi Zəngəzurun azad olunmasında həlledici rol oynadığını xüsusi vurğuladı. Bu çıxış əslində, həm də Cümhuriyyət ideallarının bir növ tərənnümi, itirilmiş yüz ilin ekzistensial dirçəlişi, ideoloji birliyin tərənnümü idi. Bu baxımdan hazırda “Laçın Zirvəsinin” tarixi əhəmiyyətini qeyd edərkən mütəxəssislər Azərbaycan Prezidentinin qeyd olunan möhtəşəm çıxışını siyasi təcrübəsinin misilsiz növbəti mühüm göstəricisi, suverenliyin təcəssümlərindən biri olaraq təhlil edirlər. Bu görüşün tarixi-mənəvi əhəmiyyəti həm də ondadır ki, bu görüş üç ölkənin təkcə, iqtisadi, hərbi, maliyyə, ticari və s. yaxınlaşması deyil, həm də onların ənənəvi-ruhi əsaslarda birliyini tərənnüm edir.
“Bu nümunənin məna çalarlarından birini Prezident İlham Əliyevin Laçın Zirvəsində ifadə etdiyi aşağıdakı fikirlərdən aydın duyuruq: “Azərbaycan, Türkiyə və Pakistan hər zaman suverenlik, ərazi bütövlüyü və ədalətin tərəfində olub. 2020-ci ildə 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyə və Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyə görə bir daha minnətdarlığımızı bildiririk. Azərbaycan da öz növbəsində daim Türkiyənin və Pakistanın yanında olub”.
Danılmaz həqiqətdir ki, tarixi və mənəvi-mədəni əsaslardan çıxış edərək, ölkə başçısı Prezident İlham Əliyevin qeyd etdiyi kimi “Azərbaycan, Türkiyə və Pakistan - üç qardaş ölkə əməkdaşlığı ildən-ilə, gündən-günə gücləndirirlər. Biz yaxşı günlərdə də, ağır günlərdə də hər zaman bir-birimizin yanındayıq, həmrəylik, dəstək göstəririk. Bu gün ikinci üçtərəfli Zirvə görüşündə bir daha bizim strateji əməkdaşlığımız təsdiqləndi. İşğaldan azad edilmiş Laçında, Şərqi Zəngəzurda iki qardaş ölkənin liderlərinin iştirakı ilə keçirilən bugünkü mərasim Azərbaycan-Türkiyə-Pakistan birliyinin, qardaşlığının növbəti təzahürüdür.
Xüsusilə bu bölgədə, 30 il ərzində işğal altında qalan Laçın şəhərində bizim birgə olmağımız böyük rəmzi məna daşıyır. Çünki 44 günlük İkinci Qarabağ müharibəsi zamanı bizi Türkiyə və Pakistan dəstəkləmişdir. Türkiyənin və Pakistanın dəstəyi bizi ruhlandırırdı, bizə əlavə güc verirdi. Bu böyük siyasi və mənəvi dəstəyə görə biz hər zaman qardaş ölkələrin rəhbərlərinə, qardaş xalqlara minnətdarıq”.
Yuxarıda biz qlobal anlamda gedən geopolitik proseslərin xüsusiyyətlərindən qısa şəkildə bəhs etdik. Bu anlamda Şərqi Avropa, Cənubi Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərq ölkələrinin geopolitik situasiyalardan – hər bir ölkənin baş verən prosesdən yararlanmağa cəhd etməsi, baş verən proseslərdə öz milli maraqlarını qoruması, təmərküzləşmə prosesində “qazanan tərəf” kimi çıxış etməsi həm məntiqidir, həm də bu prosesin əsl geopolitik alt yapısında bir tarixi uyğunluq vardır. Ancaq məsələ onunla bağlıdır ki, bu mənzərənin, əgər belə demək mümkünsə əsas “Baş açarı” Cənubi Qafqaz hesab olunur. Cənubi Qafazın gələcək və müasir taleyi isə blavasitə Azərbaycandır desək yəqin ki, yanılmarıq. Fikrimizcə, bu həm Birinci, həm də İkinci Dünya Müharibələri dövründə belə olmuşdur və hal hazırda da, bu formada qalmaqdadır. Qeyd olunan məsələ isə şübhəsiz həm də hazırda bölgədə kimin güclü dövlətə çevrilmək şansının daha real olması ilə bağlıdır və bu imkanlar onun həm Qərb dövlətləri kontekstində, o cümlədən regionda mövqeyini əvəzsiz etməkdədir. Bu anlamda prosesin ən sadə şəkildə analizi göstərir ki, Bakı narahat dünyamızın mənəvi-ideoloji bir aktoru kimi hazırda bir çox dövlətlər və dövlətlər alyansının ümid məbəyinə, yeni mənəvi-mədəni-ideoloji mərkəzinə çevirilməkdədir.
Bu baxımdan aydındır ki, əgər regionun müxtəlif ölkələrinin hər birinin iqtisadi, coğrafi, siyasi, hərbi üstünlükləri mövcud olsa da, qeyd etmək lazımdır ki, Azərbaycanın yeni yaranan konfiqurasiyada yeri və rolu əvəzsizdir. Bu işdə Türkiyə və Pakistanın ona dəstək verməsi isə göstərir ki, digər regional güclərin də bu prosesdə müşahidəçi qismində iştirakı gələcəkdə mümkün də ola bilər. Bunu mütəxəssislər bir neçə fundamental amillə izah etsələr də, onların içərisində şübhəsiz Azərbaycanın regionda yaratdığı yeni reallıqlar, coğrafi üstünlük, enerji layihələri, iqtisadi dayanıqlılıq, nəqliyyat-kommunikasiya layihələrinin əlverişliliyi və ən əsası Azərbaycanın siyasi rəhbərliyinin qlobal təzyiqlər fonunda belə müstəqil siyasət yürütmək səriştəsi və s. keyfiyyətlərlə bağlı olması faktı hər kəs tərəfindən qəbul edilir. Üstəlik ən əsas məsələlərdən biri budur ki, Azərbaycan həm TDT-nın əsas aparıcı üzvlərindən biri, həm Qərb ölkələri, o cümlədən, Müsəlman dövlətləri ilə əlaqə və münasibətlərindəki dayanıqlı inkişafa görə xüsusi qeyd edilir. Bu anlamda Azərbaycanın həyata keçirdiyi çoxvektorlu siyasəti müxtəlif qütblərə parçalanmaqda olan tərəfləri ortaq məxrəc tapmaq üçün bir ideoloji mərkəz və bağ kimi də qiymətləndirmək olar. Bu paradiqmanın şübhəsiz mərkəzində dialoq və dialoq fəlsəfəsi dayanır ki, hazırda bu siyasət Bakının əsas ideoloji güclərindən biri kimi çıxış etməkdədir. Həmçinin bütün bu konfiqurasiyanın əsas hərəkətverici mənbəyi fikrimizcə, həm də onunla bağlıdır ki, Azərbaycan məsələn, ərazi, hərbi qüvvələrin, əhalinin sayı və s. nöqteyi-nəzərdən region dövlətləri ilə müqayisədə nisbətən “kiçik” görünsə də, əsl həqiqətdə, son onilliklərin geopolitik tendensiyası göstərir ki, Azərbaycan hər iki qütbün – Türk Dövlətlər Təşkilatı və Müsəlman dünyasının ideoloji-mənəvi mərkəzinə çevrilməklə yanaşı, Şərqi Avropa və Asiya ölkələri arasında da ciddi əlaqələndirici bir məkan kimi inkişaf etməkdədir. Laçında keçirilən Zirvə görüşünü mütəxəssislər müxtəlif kontekstdən dəyərləndirməyə çalışsalar da, fikrimizcə, bu görüşü üç qardaş ölkənin Cənubi Qafqazın Lider dövlətinin hərbi-diplomatik yolla işğaldan azad olunmuş Laçın şəhərində keçirməsi regionun gələcəyi üçün əvəzsiz bir ideya mənbəyidir – “Bakı İdeoloji mərkəzi” dünyanın gələcək taleyinin düzgün səmtə yöndəldilməsində, sülh və təhlüksəsizlik çətirinin dünyada tətbiq olunmasında əvəzsiz bir rol oynaya bilər.
Şölət Zeynalov
YAP Yasamal rayon AMEA Fəlsəfə və Sosiologiya İnstitutu ərazi partiya təşkilatının sədri, f.ü.f.d., dosent
10:00 03.06.2025
Oxunuş sayı: 9579