Bizim müstəqilliyimiz – bizim hekayəmiz

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması XX əsrin əvvəllərində regionda və dünyada baş verən siyasi dəyişikliklərin fonunda baş verdi. Çar Rusiyasının süqutu, bolşevik inqilabları, dünya müharibəsi və s. hadisələr içərisində cümhuriyyətin qurulması əsl iradə, uzaqgörənlik və milli birliyin nəticəsi idi. Müsəlman Şərqində ilk dəfə olaraq parlamentli respublika məhz Azərbaycanda quruldu. Bu, sadəcə bir siyasi forma deyil, xalqın idarəetmədə iştirakını, hüquq və azadlıqların tanındığını, qadınlara səsvermə hüququnun verildiyini göstərən bir yenilik idi.
Cümhuriyyətin cəmi 23 ay yaşamasına baxmayaraq, bu qısa müddətdə görülən işlər müasir Azərbaycan üçün örnək və yol göstəricidir. Dövlət atributlarının yaradılması, milli ordunun formalaşdırılması, ilk universitetin – Bakı Dövlət Universitetinin təsisi, ana dilinin dövlət dili elan edilməsi, bərabərhüquqluluq prinsipləri – bütün bunlar dövlətçilik baxımından inqilabi addımlar idi.
Müstəqillik – təkcə hüquq deyil, həm də məsuliyyətdir. Tariximiz göstərdi ki, azadlıq qazanmaq nə qədər çətindirsə, onu qorumaq ondan da çətindir. 1920-ci ildə Cümhuriyyət süquta uğradı, ancaq xalqın ürəyin də müstəqillik ideyası ölmədi. Bu ideya xalqın yaddaşında, tarixşünasların əsərlərində, diaspor fəaliyyətində və ən əsası – milli ruhda yaşadı.
1991-ci ildə SSRİ-nin dağılması ilə Azərbaycan yenidən müstəqilliyini bərpa etdi. Bu dəfə müstəqillik təkcə siyasi azadlıq deyil, həm də iqtisadi, mədəni, diplomatik müstəvidə ayaqda durmaq bacarığını tələb edirdi. Bu mərhələdə ümummilli lider Heydər Əliyevin qətiyyətli siyasəti, xalqla dövlət arasında körpü yaradan liderliyi Azərbaycanı vətəndaş müharibəsindən, siyasi xaosdan çıxararaq sabitliyə, inkişaf yoluna çıxardı. Heydər Əliyev müstəqilliyi sadəcə siyasi bir anlayış deyil, millətin varlığı və dövlətin şərəfi kimi dəyərləndirərək demişdir: 'Müstəqillik bizim milli sərvətimizdir, bu sərvəti göz bəbəyimiz kimi qorumalıyıq.' Bu baxış bucağı müstəqilliyin mahiyyətini daha da dərindən anlamağımıza yardım edir."
Bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionun əsas güc mərkəzlərindən birinə çevrilib. 2020-ci ildə torpaqlarımızın azad olunması ilə nəticələnən Vətən müharibəsi bir daha sübut etdi ki, Azərbaycan xalqı həm müstəqilliyini, həm də ərazi bütövlüyünü qorumağa qadir xalqdır.
28 May – yaddaş və gələcək arasında körpüdür. Müstəqillik Günü bizim üçün sadəcə bir tarix deyil, həm də ruh halıdır. Bu gün Azərbaycan məktəblərində, universitetlərində, ailələrdə, hərbçi kazarmalarında, diaspor təşkilatlarında Azərbaycan Xalq Cümhuriyyətinin qurucularına minnətdarlıqla, sevgi ilə xatirələr söylənir. Bu gün bir vətəndaş olaraq azad məkanda nəfəs aldığımız üçün, öz dilimizdə danışdığımız üçün, bayrağımız altında yaşadığımız üçün qürur hissi keçiririk.
Leyla Hüseynova
YAP Yasamal rayonu AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini
10:32 27.05.2025
Oxunuş sayı: 7687