TƏBİB ölüm faktı ilə bağlı niyə vətəndaşı məhkəməyə göndərir? - Deputat aydınlıq gətirdi

Bir çox hallarda vətəndaşlar yaxınlarını itirdikdə təcili tibbi yardımın gecikməsi səbəbindən ölüm faktını rəsmiləşdirməkdə çətinlik çəkirlər. Ölümün tibbi şəhadətnamə ilə təsdiqlənə bilmədiyi bu hallarda ailələr yas mərasimləri ilə məşğul olmaq əvəzinə, məhkəmə qərarı almaq üçün hüquqi prosedurlara müraciət etməli olurlar. Bu vəziyyət artıq kütləvi hal alaraq cəmiyyət arasında narazılıq doğurur. Məsələ isə xeyli dərəcədə Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi (TƏBİB) ilə bağlıdır. Adı TƏBİB olan bu qurum həm də Azərbaycan xalqının milli mentalitetinə uyğun olmayan bəlaya çarə tapa bilmir.
Mövzu ilə bağlı Milli Məclisin Səhiyyə Komitəsinin deputatı Pərvanə Vəliyeva Crossmedia.az-a açıqlamasında bildirib ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli Qərarı ilə insanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası təsdiq edilmişdir: " Ölümün baş vermə səbəbi məlum olan hallarda tibbi şəhadətnamə bəzi hallar istisna olmaqla, vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. Hamiləlik və doğuşla əlaqədar baş vermiş ana ölümləri zamanı, infeksion xəstəliklər və ya onlara şübhə olduğu hallarda, tibbi müayinə və müdaxilə zamanı baş verən və səbəbləri araşdırılmalı olan ölüm hallarında, zorakı ölümə şübhə yarandığı hallarda, ölümün baş vermə səbəbi məlum olmayan digər hallarda, həmçinin ölənin qohumları tərəfindən müayinə və müalicəsi ilə bağlı şikayət olduğu hallarda tibbi şəhadətnamə yalnız patoloji-anatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi tərəfindən verilir.
Deputat vurğulayıb ki, ölüm hadisəsi vəfat edən şəxsin müayinə və ya müalicə olunduğu stasionar tibb müəssisəsində baş veribsə, şəhadətnamə həmin tibb müəssisəsi tərəfindən təqdim olunur. Onun sözlərinə görə, əgər ölən şəxs xəstəlik səbəbiylə stasionar və ya ambulator müəssisədə qeydiyyatda olubsa, onun ölüm səbəbi həmin xəstəliyin Beynəlxalq Xəstəliklər Təsnifatı (XBT) kodları üzərindən müvafiq olaraq qeyd olunur: “Zorakı ölümə şübhə yarandıqda və ya səbəbi məlum olmayan hallar olduqda, ölüm haqqında şəhadətnamə yalnız müvafiq tibbi ekspertiza qurumları tərəfindən verilməlidir. Tibb müəssisələrinin verdiyi arayışda ölüm səbəbi göstərilməlidir. Lakin bəzi hallarda bu müəssisələr -ambulator, stasionar və s. xəstəxanalar istisna olmaqla- ölən şəxsin ölüm səbəbini -xəstəlik, cinayət, intihar və s.- bilmədikləri üçün həmin arayışı verməkdən imtina edirlər".
Deputatın sözlərinə görə, bu cür hallarda poliklinika da bəzən şəxsin xəstəliyi ilə əlaqədar olaraq onun orada qeydiyyatda olmamasını əsas gətirərək ölüm haqqında arayış verməkdən yayına bilər: “Poliklinikalar bəzən şəxsin orada qeydiyyatda olmamasını əsas gətirərək arayış verməkdən yayına bilirlər. Belə hallarda ölənin yaxınları bu imtinaya qarşı məhkəməyə müraciət edirlər. Məhkəmə faktlar əsasında ərizəni təmin etməklə şəxsin ölməsi faktını müəyyənləşdirir və bu barədə qətnamə qəbul edir. Həmin qətnamə isə ölüm haqqında şəhadətnamənin əldə edilməsi üçün hüquqi əsas sayılır".
Fatimə Nəbiyeva
12:48 22.05.2025
Oxunuş sayı: 2159