Ağdamın yetirdiyi görkəmli alim – Ziyəddin Göyüşov

AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Ziyəddin Göyüşov (1920-1985) Azərbaycanda etika məsələlərini sistemli şəkildə araşdıran ilk alimdir.
Ziyəddin Bahadur oğlu Göyüşov 20 may 1920-ci ildə Şuşa qəzasının Boyəhmədli (indiki Ağdamın Boyəhmədli) kəndində doğulub, həmin kəndin orta məktəbini bitirmişdir. Tədqiqatçı-jurnalist Orxan Zakiroğlunun (Baharlı) “Ağdamda təhsil (1883-1993)” kitabında (Bakı, 2018) yazılmışdır ki, Boyəhmədli kənd orta məktəbinin tarixi haqqında məlumat alim tərəfindən 1975-ci ildə Ağdamda çap edilən yerli mətbuat orqanında verilmişdir. Bu mənada məktəbin yaranma tarixinin tədqiqi Ziyəddin Göyüşovun adı ilə bağlıdır. Boyəhmədli kəndində ilk dəfə birsinifli məktəb 1 sentyabr 1913-ci ildə açılmışdır. 1935-1936-cı dərs ilində orta məktəbə çevrilmişdir. Boyəhmədli Ağdam rayonunun ilk kənd onillik orta məktəbidir və alim bu orta məktəbin 1936-cı il ilk onillik təhsil alan məzunudur. Ziyəddin Göyüşov 1939-cu ildə Ağdam pedaqoji məktəbini fərqlənmə diplomu ilə bitirmişdir. O, burada təhsil aldığı illərdə yerli mətbuatda məktəb həyatına aid silsilə məqalələri, şeirləri “Lenin yolu” (indiki “Ağdam”) və “Gənc işçi” qəzetlərində dərc edilmişdir. Təhsilini başa vurduqdan sonra Boyəhmədli kənd orta məktəbində dərs demiş, rayon radiosunda işləmişdir.
Qeyd etmək lazımdır ki, Ziyəddin Göyüşov və kiçik qardaşı Azərbaycanın tanınmış arxeoloqu, tarix elmləri doktoru, professor Rəşid Göyüşov bu təhsil ocağının fəxr olunası məzunlarındandırlar.
Məktəb illərindən bədii yaradıcılıqla məşğul olan Ziyəddin Göyüşov 1945-1950 illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsinin nəzdindəki Fəlsəfə şöbəsində təhsil almışdır. Universiteti bitirdikdən sonra Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Fəlsəfə sektorunda (indiki Fəlsəfə və Sosiologiya İnstitutu) çalışmışdır.
Ziyəddin Göyüşov 1954-1957 illərdə Azərbaycan Elmlər Akademiyasının aspiranturasında oxumuşdur. 1957-ci ildə fəlsəfə elmləri namizədi, 1963-cü ildə fəlsəfə elmləri doktoru olmuşdur. O, 1964-cü ildə professor adını almış, 1976-cı ildə AEA müxbir üzvü seçilmişdir.
Elmi fəaliyyətə başlayandan ömrünün axırına kimi alim elmi yaradıcılıqla məşğul olmuş, fəlsəfi-etik əsərlər qələmə almışdır. Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Ziyəddin Göyüşov fəlsəfi-etik fikir tarixi problemlərinin görkəmli tədqiqatçısıdır. Alim etikanın həm tarixi, həm də nəzəri məsələlərini tədqiq etmişdir. O, “Azərbaycan maarifçilərinin etik görüşləri” (1960), “Sadəlik və təvazökarlıq haqqında” (1961), “Zərdabinin dünyagörüşü” (1962), “XX əsrin əvvəllərində Azərbaycan maarifçilərinin əsərlərində əxlaq məsələləri” (1964), “Əxlaqi sərvətlər” (1966), “XIX-XX əsrlərdə Azərbaycanda etik fikir”, “Həzz və iztirab” (1969), “Fəzilət və qəbahət” (1972), “Daxilə pəncərə” (1978) və b. dəyərli əsərlərin müəllifidir.
Ziyəddin Göyüşov etikanın həm tarixini, həm də nəzəriyyəsini araşdırmış, Azərbaycanda etika məsələlərini ilk dəfə olaraq sistemli şəkildə tədqiq etmişdir. Alim Həsən bəy Zərdabinin seçilmiş əsərlərini ilk dəfə tərtib və çap etdirmişdir.
Tədqiqatçının yaradıcılığında Azərbaycanın etik fikir tarixini qədim dövrdən XX əsrin əvvəllərinə qədər ardıcıllıqla izləmiş, araşdırmışdır. Ziyəddin Göyüşov göstərmişdir ki, Avesta Azərbaycanda qədim mədəniyyət tarixinin, xüsusilə etik fikrinin öyrənilməsində qiymətli mənbədir. Burada xeyir Hörmüz və şər Əhrimən davamlı şəkildə öz aralarında mübarizə aparırlar. Xeyir və şər arasındakı əbədi mübarizə fiziki dünyada işıq və qaranlıq, üzvi təbiətdə həyat və ölüm, ictimai həyatda ədalət və ədalətsizlik arasında öz əksini tapmışdır.
Qədim dövrün etik fikrinin öyrənilməsində Mani və maniçilik, Məzdək və məzdəkilik təlimlərinin də mühim yeri tədqiqatçı tərəfindən geniş şəkildə göstərilmişdir. VII əsrdə Azərbaycanda ərəblərin hücumu və bunun təsiri ilə yaranan ictimai və fəlsəfi mühitin təsvirini verən Ziyəddin Göyüşov xürrəmilik və babəkilik hərəkatından bəhs etmş, orta əsrlərdə Azərbaycan mütəfəkkirlərinin etik və əxlaq haqqında görüşlərini araşdırmışdır. Burada Xaqani Şirvani, Nizami Gəncəvi, Nəsirəddin Tusi, Mahmud Şəbüstəri, Məhəmməd Füzuli və başqalarının etik-fəlsəfi görüşləri işıqlandırılmışdır.
Azərbaycan maarifçilərinin etik görüşlərini hərtərəfli tədqiq edən Ziyəddin Göyüşov göstərmişdir ki, Azərbaycanda etik fikrin çoxəsrlik zəngin tarixi və mütərəqqi ənənələri vardır. Çoxəsrlik Azərbaycan mədəniyyəti dünyaya orta əsrlərdə Nizami, Xaqani, Bəhmənyar, Nəsimi, Füzuli, Şeyx Mahmud Şəbüstəri kimi dahi mütəfəkkir və şairlər, XVIII əsrdə Vaqif və Vidadi kimi şairlər, XIX əsrin I yarısında Qasım bəy Zakir, Mirzə Şəfi Vazeh, Abbasqulu ağa Bakıxanov, İsmayıl bəy Qutqaşınlı, Mirzə Kazımbəy, Mirzə Cəfər Topçubaşov kimi şairlər, yazıçılar, elm və mədəniyyət xadimləri vermişdir. Bunlar dünya mədəniyyəti xəzinəsinə başqa sahələrdə olduğu kimi, etika sahəsində də zəngin irs qoyub getmişlər. Maarifçilərimiz bu zəngin və çoxəsrlik ideya irsinin qanuni varisləri olmuşlar.
XIX əsrin II yarısında yaşamış Azərbaycan maarifçilərinin etik görüşlərini xarakterizə edərkən alim onların insan həyatının mənasını, səadət və xoşbəxtliyinin məzmununu aydınlaşdırmağa və bunun əsasında da ən yüksək əxlaqi vəzifəni və əxlaqın meyarını müəyyən etməyə çalışdıqlarını bildirmişdir. Onlar bu məsələni həll edərkən, yekdilliklə belə bir əqidəni rəhbər tutmuşlar ki, bütün insanlar istisnasız olaraq xoşbəxtliyə doğru can atırlar, şəxsi xoşbəxtlik arzusu insanın əxlaqi davranışlarının və ümumiyyətlə onun bütün fəaliyyətinin hərəkətverici qüvvələrindən biridir.
Alim arxiv materiallarından istifadə edərək XIX əsrin elmi-mədəni mühitinin təsvirini vermişdir. Bu dövrdə ana dilində məktəb açılması yolunda ziyalılar arasında təşəbbüskarlıq göstərildiyini qeyd edən Ziyəddin Göyüşov yazmışdır ki, çarizm nəinki azərbaycanlılar üçün ana dilində məktəblər açmırdı, hətta xalq kütlələrini maarifləndirmək işində qabaqcıl adamlarımıza da hər vasitə ilə mane olur, bu sahədəki bütün təşəbbüslərini boğurdu. Məsələn, Həsən bəy Zərdabi 19 yanvar 1896-cı ildə Bakı qubernatoruna ərizə ilə şəhərdə azərbaycanlı qızlar üçün birsinifli məktəb açılmasına icazə almaq üçün müraciət etmişdi. Lakin Bakı general-qubernatoru heç bir səbəb göstərmədən məktəbin açılmasına icazə verməmişdi.
Qeyd etmək lazımdır ki, alimin əsərlərində A.Bakıxanov, M.F.Axundov, S.Ə.Şirvani və b. maarifçilik, ədəbi fəaliyyəti əhatəli şəkildə göstərilir, onların fəlsəfi-etik fikirləri araşdırılır.
Ziyəddin Göyüşov Azərbaycan maarifçilərinin etik görüşlərinin ideya mənbələri haqqında da yazmışdır. Tədqiqatçının fikrincə, maarifçilər şifahi xalq yaradıcılığından – nağıllarımızdakı, aşıq şeirlərindəki, tapmacalar və atalar sözlərindəki nəsihətamiz və hikmətli sözləri, çox dərin mənalı fikirləri öyrənmiş və öz etik görüşlərində bunlardan geniş istifadə etmişlər.
Tədqiqatçı M.F.Axundova, S.Ə.Şirvaniyə və Həsən bəy Zərdabiyə bilavasitə təsir göstərmiş Qasım bəy Zakirin, Mirzə Şəfi Vazehin, Abbasqulu ağa Bakıxanovun etik görüşlərinə də diqqət yetirmişdir. Qasım bəy Zakiri (1781-1857) “XIX əsrin 30-50 illərində Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələrindən biri” kimi təqdim edən Ziyəddin Göyüşov onun Azərbaycanda müstəmləkə siyasəti yeridən çar məmurlarını “qoyun sürüsünə hücum edən canavara bənzədərək” ölkədə qayda-qanunun, ədalətin olmadığı zəmanə hesab etdiyini, Qasım bəy Zakirin çar məmurlarının öz vicdanlarını pula satdıqlarını, ölkədə pis əməllərin artmasına bais olduqlarını, M.F.Axundova göndərdiyi mənzum məktublarında yaşadığı Qarabağ vilayətinin vəziyyətini təsvirini verdiyini yazmışdır.
Alimin fikrincə, XIX əsrin birinci yarısında Azərbaycan maarifçi şairlərindən biri, M.F.Axundovun müəllimi Mirzə Şəfi Vazeh də (1805-1852) dini-feodal etikanın tənqidi və yeni, dünyəvi xarakter daşıyan etika yaratmaq sahəsində görkəmli rol oynamışdır. Onun Tiflisdə təşkil etdiyi “Divani-hikmət” adlı ədəbi-fəlsəfi dərnəkdə başqa fəlsəfi problemlərlə bərabər müntəzəm olaraq etika məsələlərindən də bəhs edilirdi. A.Bakıxanovun və başqalarının yaxından iştirak etdiyi bu dərnəkdə insan əxlaqı və onu saflaşdırmaq yolları haqqında mübahisələr aparılır, ayrı-ayrı filosofların etikaya aid əsərlərindən parçalar oxunurdu. Mirzə Şəfi öz etik görüşlərində etkanı ilahiyyatdan ayırmaq sahəsində ilk addım atmışdır.
Abbasqulu ağa Bakıxanovun Qüdsinin etik görüşləri ilə əlaqədar məsələləri işıqlandırarkən Ziyəddin Göyüşov Azərbaycanın ilk maarifçilərindən biri olan mütəfəkkirin öz etik görüşlərinin müntəzəm şərhini verdiyini bildirmişdir: “Abbasqulu ağa Bakıxanovun etik görüşləri sistemli halda onun “Təhzibi-əxlaq”, “Kitabi nəsihət” əsərlərində, qismən isə “Gülüstani-İrəm” əsərində şərh edilmişdir”. Tədqiqatçı A.Bakıxanovun etikasının mərkəzi məsələlərindən birinin xoşbəxtlik haqqında nəzəriyyə kimi dəyərləndirmiş, insanların gördükləri bütün işlərdən son məqsədin xoşbəxtlik əldə etmək olduğunu bildirmişdir.
Ziyəddin Göyüşov insanın mənəvi ehtiyaclarının ailəsinə, ətraf aləmə, vətənə məhəbbət hisslərilə ödənildiyini göstərmişdir. Alim vicdan, ədalət, sadəlik, təvazökarlıq, ləyaqət və b. kateqoriyalar haqqında əsərlərində bəhs etmişdir.
Ziyəddin Göyüşov əxlaqi şüur məsələsini işıqlandırarkən yazmışdır ki, əxlaqi şüurdan, bilikdən kənarda kamil şəxsiyyət düşünmək olmaz. Əxlaq, insanın öz hərəkətlərinin mümkün nəticələrini, ona xeyir və ya ziyan vurmasını əməli həyatda təcrübədən keçirib təhlil etməsi nəticəsində yaranmışdır. Başqa sözlə, insanın əxlaqi şüurunun çıxış nöqtəsi bilikdir, təcrübədir, əxlaqi hərəkətləri seçmək, bu hərəkətlərin mümkün nəticələrini irəlicədən görə bilmək, əxlaqi hərəkətlərin məqsədini və vasitələrini müəyyənləşdirmək, əxlaqi davranışlarda imkanı gerçəklikdən ayırd edə bilmək ancaq bilik vasitəsi ilə mümkün olur. Öz daxili mənəvi aləminə müntəzəm nəzər salmaq əxlaqi şüurun, özünü dərketmənin müqəddəm, ilkin şərtlərindən biridir. Əxlaqi şüurun yüksəldilməsində, mənəvi tərəqqi də özünəmüşahidənin, özünütəhlilin, özününəzarətin roluna müstəsna əhəmiyyət verir. Bunsuz özünütərbiyə, əxlaqca kamilləşmə mümkün deyildir.
Tədqiqatçı insanda mənəvi yüksəliş məsələsini araşdırarkən qeyd etmişdir ki, mənəvi yüksəlişi əxlaqi şüurdan kənarda təsəvvür etmək olmaz. İnsan yalnız öz şüuru, öz təbii hissləri ilə normaldır. Buna görə də əxlaqi təkmilləşdirmənin yeganə yolu məhz əxlaqi şüur, özünüdərketmə, xeyirxahlıq, xeyir əməllərdən məmnunluq və insana ən təmiz, ən saf məhəbbət hissləri üzərindən keçir.
`Göründüyü kimi, alimin yaradıcılığında etkanın tarixi və nəzəriyyəsi ilə bağlı məsələlər öz əksini tapmışdır. XX əsr Azərbaycan fəlsəfəsi tarixində alimin elmi irsinin özünəməxsus yeri vardır.
Orxan Zakiroğlu (Baharlı) Ziyəddin Göyüşovun həyatı boyu elinə-obasına bağlı olduğunu yazmışdır: 1975-ci ildə alim Boyəhmədli kənd orta məktəbinin müəllim və şagird kollektivi ilə görüşü unudulmaz hadisələrindən biridir.
Ziyəddin Göyüşov 9 fevral 1985-ci ildə vəfat etmiş, vəfatından sonra məzunu oldu¬ğu Ağdamın Boyəhmədli kənd orta məktəbi onun adını daşımışdı.
20 mayda Qarabağın gözəl guşələrindən Ağdamda doğulub böyümüş AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Ziyəddin Göyüşovun anadan olmasının 105 illiyidir.
Aytək Zakirqızı
fəlsəfə doktoru, dosent
17:03 19.05.2025
Oxunuş sayı: 1128