İran mövqeyini dəyişir, Zəngəzur dəhlizi açıla bilər

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tehran Dialoq forumunda iştirak etmək üçün İrana səfəri çərçivəsində ikitrəfli əlaqələrdən də danışıb. O, bildirib ki, Azərbaycan-İran iqtisadi əlaqələri davam etdirilməli, hətta daha da möhkəmlənməlidir.
Məlum olduğu kimi, Bakı- Tehran əlaqələri artıq yeni mərhələyə daxil olub. Bunu hər iki tərəfdən verilən müsbət mesajlar da göstərir.
Milli Məclisin deputatı Elşad Musayev Hikmət Hacıyevin verdiyi mesajlar, həmçinin ikitərəfli əlaqələrin perspektivi barədə Crossmedia.az-a danışıb: "Uzun müddət İranla Azərbaycan arasında gərgin münasibətlər olub. Bu, nə Bakının, nə də Tehranın maraqlarına uyğun idi. Münasibətlərin kəskin olmasının səbəbkarı qarşı tərəf idi. Bilindiyi kimi, orada səfirliyimizə hücum olmuşdu, diplomatik korpusumuzun əməkdaşı qətlə yetirilmişdir. Həmçinin Ermənistan-Azərbaycan münaqişəsində də İran müsəlmanlığa zidd olaraq əks mövqedə dayanmışdır. Bu məqamlar münasibətlərin pozulması üçün əsas nüanslardır".
Parlamentari İranın Azərbaycanın qonşusu və böyük dövlət olduğunu söyləyib: "Qonşu ölkədə 40 milyon soydaşımz var. Bizim münasibətlərimizin normal olması şərtdir. Hikmət Hacıyevin İrana səfəri,müxtəlif rəsmi şəxslərlə görüş keçirməsi münasibətləri normallaşdırmaq üçün fəaliyyət göstərməsi müsbət qiymətləndirilməlidir. Fikrimcə, bundan sonrakı mərhələdə də İran tərəf daha praqmatik addım atacaq və Azərbaycanla normal münasibətlər qurmağa çalışacaq. Hesab edirəm ki, rəsmi Thran Ermənistan-Azərbaycan məsələsində, İranın Zəngəzur dəhlizinin açılması ilə bağlı mövqeyində destruktiv mövqeyini dəyişəcək. Bu, münasibəltərin inkişafına əlavə töhfə ola bilər".
Nuray Mikayıllı
16:36 19.05.2025
Oxunuş sayı: 704