Deputat: “Azərbaycan və İran münasibətləri dostluq və qardaşlıq üzərində qurulub”

Azərbaycan və İran arasında əlaqələr regional əməkdaşlıq və qarşılıqlı maraqlar əsasında inkişaf edir. Hər iki ölkə iqtisadi, mədəni və təhlükəsizlik sahələrində əməkdaşlığı genişləndirməyə çalışır. Son vaxtlar sərhəd təhlükəsizliyi və ticarət sahəsində müsbət addımlar atılıb. İki tərəfli görüşlərdə qarşılıqlı anlaşma və dostluq mühiti vurğulanır. Azərbaycan və İran gələcəkdə də əlaqələri gücləndirmək niyyətindədirlər.
Deputat Anar İsgəndərov, Azərbaycan-İran münasibətləri haqqında Crossmedia.az-a açıqlama verib.
Anar İsgəndərov bildirib ki, İran İslam Respublikası Azərbaycanın ən yaxın qonşusudur və bu münasibətlər yalnız iki qonşu dövlətin əlaqəsi kimi deyil, həm də eyni dildə danışan milyonlarla insanın birliyini ifadə edir. Deputat, “Azərbaycan 1813 və 1828-ci il müqavilələri ilə iki yerə bölünəndən sonra Şimali Azərbaycan və Cənubi Azərbaycan ifadələri meydana gəldi və tarix boyu da iki dövlətin ərazisində yaşayan Azərbaycan xalqı həmişə dost və qardaş münasibətlərinin qorunub saxlanılması üçün çalışıb” – deyə bildirib.
Deputat əlavə edib ki, 1918-1920-ci illərdə mövcud olan Azərbaycan Xalq Cümhuriyyəti iki dövlət arasında münasibətlərin səmimiliyinin artırılması üçün mümkün olanları edib. A. İsgəndərov, 1920-ci ilin martın 21-i iki dövlət arasında dostluq müqaviləsinin imzalanması və İran dövlətinin Azərbaycan Xalq Cümhuriyyətini deyuri və defakto tanıyan ilk dövlət olduğunu da vurğulayıb.
Anar İsgəndərov qeyd edib ki, Sovet dönəmində də Azərbaycan SSRİ-nin tərkibində olmasına baxmayaraq, eyni xalq kimi İranla əlaqələrini kəsilmədən davam etdirib. A.İsgəndərov, “Siyasətdən kənar şeir məclisləri, şairlərin görüşləri, musiqi tədbirləri və hətta İranın kinoları Azərbaycanda maraqla qarşılanıb” – deyə bildirib.
Deputat vurğulayıb ki, Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra İranla münasibətlərdə həm isti, həm də soyuq dövrlər yaşanıb. Buna baxmayaraq, son dövrlərdə İran İslam Respublikasının prezidentinin Azərbaycana səfəri və yüksək səviyyəli görüşlər bu əlaqələrin yenidən inkişaf perspektivlərini ortaya qoyub. İqtisadi sahədə əməkdaşlıq, xüsusilə Xudafərin körpüsündən keçəcək dəmir yolları və Şərq-Qərb ticarət yolunun fəaliyyəti iki ölkəni daha da yaxınlaşdırır.
Deputat Anar İsgəndərov diqqətə çatdırıb ki, İran tərəfdən bəzi qüvvələr bu yaxınlaşmaya mane olmaq istəsələr də, real vəziyyət belədir ki, Xudafərin körpüsü bu dövlətləri bir-birindən ayırmır, əksinə birləşdirir. O həmçinin əlavə edib ki, Azərbaycanın ərazisindən keçəcək yeni nəqliyyat və ticarət yolları bölgədəki əməkdaşlıq səviyyəsini yüksəldəcək.
Deputat Anar İsgəndərovun sözlərinə görə, Azərbaycan-İran münasibətlərinin siyasi və humanitar sahədə də xüsusi əhəmiyyət daşıdığını bildirib. Azərbaycan heç vaxt qonşusuna qarşı təcavüzə imkan verməz və Qərb dövlətlərinin İrana qarşı tətbiq etdiyi təcavüzkar siyasəti dəstəkləmir. Anar İsgəndərov bildirib ki, İran üzərindən tətbiq olunan embargolar qaldırılmalıdır ki, xalq əzab çəkməsin və ölkə inkişaf etsin.
Deputat həmçinin vurğulayıb ki, İran gəncləri və ziyalıları öz vətəninə və dövlətinə xidmət etməlidir: “Bu, iki xalqın dostluğunu və bölgədə sülhü möhkəmləndirəcək vacib amildir”.
Anar İsgəndərov fikrini yekunlaşdıraraq bildirib ki, Azərbaycan və İran münasibətləri gələcəkdə də uğurla davam etməlidir ki, iki xalq, iki dövlət bir-birinə daha yaxın olsun və bölgədə sülh, sabitlik təmin edilsin.
Bu fikirləri ilə deputat Anar İsgəndərov Azərbaycanın qonşu İranla münasibətlərinin tarixən dərin və mehriban olduğunu, qarşılıqlı əməkdaşlıq və dostluq əlaqələrinin gələcəkdə daha da inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.
Fatimə Nəbiyeva
13:12 19.05.2025
Oxunuş sayı: 877