Əməkdar jurnalist: “Ulu Öndərin xüsusi diqqətində olmuş Azərbaycan idmanı etibarlı əllərdədir”

“Azərbaycan idmanının inkişafı və beynəlxalq nüfuz qazanması təsadüfi deyil. Bu sahədə atılan məqsədyönlü addımların, göstərilən diqqət və qayğının təməli Ulu Öndər Heydər Əliyevin respublikamıza uzun illər ərzində rəhbərlik etdiyi dövrdə qoyulub”.
Bu sözləri Crossmedia.az-a açıqlamasında Əməkdar jurnalist, Fəxri Bədən Tərbiyəsi və İdman işçisi Oqtay Bayramov deyib.
O bildirib ki, Heydər Əliyevin bədən tərbiyəsi və idmana göstərdiyi daimi diqqət və qayğının bariz nümunəsi 1974-cü ilin yayında keçirilmiş xüsusi yığıncaqdır: “Həmin vaxt Azərbaycan KP MK-nın birinci katibi olan Heydər Əliyev respublikada idmanın vəziyyətini yaxşılaşdırmaq üçün bu yığıncağın keçirilməsini zəruri saymışdı. Bu tarixi toplantı Azərbaycanın idman ölkəsi kimi formalaşmasında mühüm dönüş nöqtəsi olub. Bu gün minnətdarlıq hissi ilə xatırlayırıq ki, məhz həmin yığıncaq ölkəmizin güclü bir idman dövlətinə çevrilməsinə ciddi təkan verdi”.
O əlavə edib ki, Heydər Əliyev həmin yığıncaqda geniş nitq söyləyərək, idmanın bütün sahələrində mövcud vəziyyəti təhlil edib, problemləri göstərib və onların aradan qaldırılması yollarını təklif edib: “O zaman sağlamlıq, gümrahlıq, kütləvilik və böyük idmanda uğurların qazanılması yolları üzərində də xüsusi dayanıldı. İdman mütəxəssisləri bu çağırışa cavab verdilər. Tezliklə məşqlər üçün şərait yaxşılaşdırıldı və nəticələr də çox gözlətmədi. Həmin yığıncaq respublika rəhbərliyinin bu sahəyə göstərdiyi qayğının parlaq təzahürü idi. Sonrakı inkişaf da göstərdi ki, bu toplantı tarixi hadisəyə çevrildi və gələcək uğurlar üçün möhkəm zəmin yaratdı”.
O.Bayramov, həmçinin Ulu Öndər Heydər Əliyevin 1990-cı illərin sonunda idman ictimaiyyəti qarşısında çıxış edərkən dediyi sözləri də xatırladıb: “Mən gənclərə, idmana xüsusi qayğını öz üzərimə götürmüşəm və əmin ola bilərsiniz ki, bu qayğını daim hiss edəcəksiniz”. Bu siyasət bu gün də uğurla davam etdirilir. Hazırda Azərbaycan idmanı ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə davamlı inkişaf yolundadır. Artıq 28 ildir ki, Milli Olimpiya Komitəsinə rəhbərlik edən Prezident İlham Əliyev idmana göstərdiyi xüsusi diqqət və qayğı ilə Azərbaycan idmançılarına güvənli dayaq olur. İdmanımız etibarlı əllərdədir”.
Fatimə Nəbiyeva
20:03 09.05.2025
Oxunuş sayı: 1331