Heydər Əliyevin jurnalistika dərsləri: "Ulu Öndər deyirdi ki, gərək sensasiya da fakta əsaslansın"

Tarix bəzən bir insanın iradəsində cəmlənir. Bəzən bir xalqın taleyi bir liderin qərarlarında həll olunur. Azərbaycan tarixində məhz belə liderlərdən biri – Heydər Əliyev – anadan olduğu gündən 100 illər sonra da həm siyasətdə, həm də xalq yaddaşında yaşayır. Onun təkcə rəhbərliyi dövründə gördüyü işlər deyil, həm də gələcək nəsillərə buraxdığı mənəvi irs bu gün də ölkənin inkişafına yön verir.
1923-cü il mayın 10-da Naxçıvanda anadan olan Heydər Əliyev zəngin və mürəkkəb həyat yolu keçmişdir. Təhsilini Naxçıvan Pedaqoji Texnikumunda və sonradan Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində davam etdirmiş, dövlət təhlükəsizlik orqanlarında müxtəlif vəzifələrdə çalışmışdır. 1969-cu ildən etibarən Azərbaycan SSR-in rəhbərliyinə gələn Heydər Əliyev 1982-ci ildə SSRİ rəhbərliyində yüksək vəzifəyə – Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdi.
1987-ci ildə istefa verən Heydər Əliyev 1990-cı ilin qara yanvar hadisələrindən sonra xalqın səsinə səs verərək Azərbaycana qayıtmış və 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə gəlmişdir. Prezident kimi fəaliyyəti dövründə dövlətçiliyin əsaslarını möhkəmləndirmiş, müstəqil Azərbaycanın beynəlxalq nüfuzunu artırmışdır.
2003-cü ilin dekabrında ABŞ-da vəfat edən Heydər Əliyev Fəxri Xiyabanda dəfn olunmuşdur. Onun xatirəsi bu gün də ehtiramla yad olunur və ideyaları müasir Azərbaycanın inkişafında yaşayır.
Heydər Əliyevin dövlətə və xalqa xidmətlə dolu ömür yolu yalnız siyasi uğurlarla deyil, həm də müxtəlif sahələrə – o cümlədən milli mətbuat və informasiya siyasətinə verdiyi töhfələrlə yadda qalmışdır.
Azərbaycan mətbuatının keçdiyi çətin və şərəfli yol, onun inkişafı, söz azadlığının bərqərar olması birbaşa xalqımızın Ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. 1969-cu ildən başlayaraq, onun rəhbərliyi ilə ana dilimizin və milli mətbuatın inkişafında dönüş nöqtəsi baş verdi. Məhz onun təşəbbüsü ilə 1978-ci il Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olundu, milli qəzetlərin və Azərbaycan dilində televiziya verilişlərinin sayı artdı. Bu isə milli mətbuatın inkişafına geniş yol açdı.
Heydər Əliyev jurnalistikanı cəmiyyətin təməl dayaqlarından biri sayırdı. Onun fikrincə, “jurnalist əməyi qeyri-adi əməkdir” və bu sahə cəsurluq, fədakarlıq tələb edir. Onun təşəbbüsü ilə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində ixtisaslı kadrların hazırlanması gücləndirildi, əlaçı tələbələr Moskva Dövlət Universitetinə göndərildi ki, bu da müasir jurnalistikanın inkişafına ciddi təkan verdi.
1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra Heydər Əliyev Azərbaycan mətbuatını məhv olmaq təhlükəsindən xilas etdi. Senzuranın ləğvi, mətbuatın inkişafı üçün hüquqi bazanın yaradılması və yeni qanunların qəbul olunması ilə milli mətbuatın müstəqil inkişafı təmin edildi. 1998-ci ildə imzalanan fərmanla senzura tamamilə aradan qaldırıldı, 1999-cu ildə isə “Kütləvi informasiya vasitələri haqqında” qanun qəbul edildi. Bu addımlar Azərbaycan mətbuatının azadlıq, peşəkarlıq və demokratik prinsiplər üzərində yenidən qurulmasına şərait yaratdı.
Heydər Əliyevin fəaliyyəti nəticəsində söz azadlığı Azərbaycanda yalnız prinsip deyil, dövlət siyasətinə çevrildi. Onun qoyduğu təməl bu gün də jurnalistikamızın inkişafına dayaqdır.
Məhz bu istiqamətdə atılan tarixi addımlar Azərbaycan milli mətbuatının taleyində yeni bir mərhələnin başlanğıcına çevrildi.
Heydər Əliyevin Azərbaycan mətbuatına qayğısı ilə bağlı Crossmedia.az saytına açıqlama verən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru, Milli mətbuat tarixi kafedrasının müdiri, görkəmli jurnalist Cahangir Məmmədli bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra, 1992-ci ildə Xalq Cəbhəsi hakimiyyətə gəldikdə, ilk dəfə indiki formatda Milli Məclisin formalaşıb: "Həmin dövrdə qəbul olunan ilk qanun “Kütləvi İnformasiya Vasitələri haqqında” qanun oldu. Məqsəd guya demokratik mətbuat formalaşdırmaq idi. Lakin az keçməmiş, hakimiyyət orqanları ermənilər qarşısında nəinki müqavimət göstərə bilmədilər, hətta bu müqaviməti göstərmək istəmədilər. Onlar vəzifə, kürsü uğrunda bir-birlərini didib-parçaladılar. Nəticədə ölkədə ağır vəziyyət yarandı. O dövrdə prezident olan Əbülfəz Elçibəy müharibə şəraitində informasiya yayımına nəzarət olunması ilə bağlı sərəncam imzaladı. Bu isə əslində senzura xarakteri daşıyırdı. Həmin qərardan bəzi məmurlar sui-istifadə edərək jurnalistlərin sərbəst fəaliyyətinə ciddi maneələr törətdilər".
Professor Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra vəziyyətin dəyişdiyini qeyd edib: "O, dövlət quruculuğunu və demokratik prinsipləri əsas götürərək bildirdi ki, demokratik dövlətin qurulması üçün demokratik mətbuatın olması vacibdir. Demokratik mətbuat prinsipləri də məhz bu dövrdə əsl mənasında formalaşmağa başladı. 1995-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi. Bu Konstitusiya yeni Azərbaycan dövlətinin əsas hüquqi bazasını formalaşdırdı. Konstitusiyada ilk və əsas qanunlardan biri Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması idi. Doğrudur, Heydər Əliyev hələ 1976-cı ildə Azərbaycan SSR-in Konstitusiyasına bu qanunu daxil etdirmişdi. Lakin sonradan bu hüquq pozulmuşdu. Yeni Konstitusiya həm jurnalistlərə, həm də ümumilikdə vətəndaşlara informasiya almaq hüququnu tanıdı. Konstitusiyanın bir maddəsi isə bilavasitə jurnalistlərə aid idi – informasiya almaq, toplamaq, işləmək və yaymaq hüququ. Bu yaymaq hüququ jurnalistikanın əsas funksiyalarından biridir və Konstitusiyada açıq şəkildə təsbit olundu. 1998-ci il avqustun 6-da Heydər Əliyevin imzaladığı sərəncamla, Elçibəyin dövründə tətbiq olunan senzura ləğv edildi və Azərbaycanda müstəqil mətbuat formalaşdı. Həmin sərəncamdan sonra Azərbaycan mətbuatı sözün əsl mənasında müstəqillik qazandı".
Müsahibimiz Heydər Əliyevin jurnalistlərlə keçirdiyi görüşlərdə onlara həm də jurnalistika dərsləri verdiyini bildirib: "Bir çıxışında bildirmişdi ki, tənqidin yalnız müxalif mətbuatın üzərinə qoyulması doğru deyil. İqtidaryönlü mətbuat da tənqidlə məşğul olmalıdır ki, cəmiyyət hakimiyyətin necə işlədiyini bilsin. Bu yanaşma jurnalistlərə daha sərbəst şəkildə yazmaq və tənqidi fikirlər səsləndirmək imkanı verdi. Bir dəfə “Jurnalistlərin dostu” mükafatını qəbul edərkən Heydər Əliyev demişdi: “Yaxşı işləyirsiniz, çox razıyam. Siz olmasaydınız, ölkədə nələrin baş verdiyini bilməzdim. Bəzən isə sensasiyaya çox üstünlük verirsiniz. Başa düşürəm, sensasiya olmayanda sizi oxuyan olmur. Lakin sensasiya fakta söykənməlidir. Sensasiyanın özü də yalan və saxta informasiyaya əsaslanmamalıdır". Bu sözlər jurnalistlər üçün bir dərs idi. 1999-cu ildə Rusiyanın məşhur "Oqonyok" jurnalı özünün 100 illik yubiley nömrəsini Azərbaycana həsr etdi. Bu mühüm hadisə Heydər Əliyevin göstərdiyi xidmətlərə hörmətin təzahürü idi. Həmin nömrənin təqdimat mərasimində Heydər Əliyev jurnalistlərə dəqiq və vicdanlı informasiya təqdim etməyin vacibliyini vurğuladı. Bildirdi ki, jurnalist öz vicdanında senzura daşımalıdır. Azərbaycanın İsraildən tank almasına dair iddialarına diqqət çəkdi, belə bir hadisənin baş vermədiyini dedi. Sonra da əlavə etdi: “Tutaq ki, almışıq, onu özümə, ailəmə almıram, Azərbaycanı müdafiə üçün alıram. Belə informasiyaları efirdə və mətbuatda yaymaq olmaz"".
Həmsöhbətimiz 2016-cı ilin Aprel döyüşləri zamanı bəzi jurnalistlər tərəfindən yayılan həssas hərbi informasiyaların əməliyyatların yarımçıq qalmasına səbəb olduğunu vurğulayıb: "Məhz buna görə də, sonradan Prezident İlham Əliyev jurnalistlərlə görüşlərində bildirdi ki, vətən və xalq mənafeyi naminə bəzi informasiyaların ictimailəşdirilməsi yolverilməzdir. Bu səbəbdən də, 2020-ci il İkinci Qarabağ müharibəsi zamanı jurnalistlər Prezidentin ətrafında birləşərək öz vəzifələrini döyüşçülər qədər əzmlə yerinə yetirdilər. Bu gün də həmin jurnalistlər Prezident İlham Əliyevin siyasətini dəstəkləyir, dövlətin yanında yer alırlar. Xarici dairələrin səsləndirdiyi əsassız fikirlər bizi yolumuzdan döndərə bilməz. Çünki bu gün Azərbaycan inkişaf mərhələsindədir və ölkə elə bir lider tərəfindən idarə olunur ki, onun düşüncə tərzi planetar səviyyədə nümunə sayılır, fenomenal hadisəyə çevrilir. Bu səbəbdən Azərbaycan mətbuatı da dövlətimizin yanındadır və bu, bizim üçün qürur mənbəyidir".
Azərbaycan jurnalistikasının dünəni və bu günü barədə apardığımız bu söhbət, həm medianın ictimai funksiyasını dərk etməyə, həm də bu yolda milli düşüncə və dövlətçilik təməllərini qoymuş Ulu Öndər Heydər Əliyevin rolunu bir daha xatırlamağa imkan verdi. Onun 102-ci doğum günü ərəfəsində yalnız siyasi deyil, eyni zamanda mədəni və peşəkar irsinin də yaşadığını görmək mümkündür. Dahi rəhbəri dərin hörmət və ehtiramla yad edirik.
Pərvin Hacıyeva
11:53 09.05.2025
Oxunuş sayı: 1250