“Türk” etnonimi və törələri - YUNUS OĞUZ yazır

Herodot yazır:
"Hökmdar Tomris öz qoşununun və oğlunun taleyindən xəbər tutub Kirin hüzuruna onun bu sözlərini çatdırmaq üçün adam göndərməyi buyurur: "Ey, qana susamış Kır! Bu qələbənlə öyünmə! Sən mənim oğlumu şərəfli döyüş zamanı silah gücünə deyil, dəmi başımıza vuranda sizin özünüzü də ağılsızlaşdıran (içdikcə) əhəmənilərin nalayiq nitqlər seli püskürməyə başladığı üzüm tənəyinin meyvəsi sayəsində - bax bu acı vasitəsilə, hiyləgərcəsinə qalib gəldin. Bu belə. İndi də mənim xeyirxah məsləhətimə qulaq as: oğlumu mənə ver və massaget qoşunun üçdə bir hissəsini həyasızlıqla (hiyləgərcəsinə) məhv etməyə nail olsan da, mənim torpağımdan sağ-salamat çıxıb get. Belə eləməsən, massagetlərin tanrısına and içirəm ki, nə qədər acgöz olsan da, səni, həqiqətən qanla doyduracağam".
Lakin Kir Tomris xanın sözlərinə əhəmiyyət vermir. Əsir düşən oğul ayılanda düşdüyü vəziyyəti anlayıb intihar edir. Döyüşdə isə əhəmənilər məğlub olur, Kir isə öldürülür. Tomris xan Kirin meyidini tapdırır, başını kəsdirib qan tuluğuna soxdurmağı əmr edir və sonra deyir: "Mən sağ qalıb, səni döyüşdə məğlub etsəm də, sən oğlumu hiyləgərcəsinə əsir almaqla, hər halda məni məhv etmisən. Buna görə də, əvvəlcədən hədələdiyim kimi bax, indi səni qanla doydururam".
Herodot yazır ki, massagetlər də iskitlər kimi geyinirlər və iskitlərə oxşar həyat sürürlər...
Massagetlərin adətləri barədə bunları demək lazımdır: onlarda hər kişi ancaq bir arvad alır...
Bu hadisələr eramızdan əvvəl altı yüz il baş verməsinə baxmayaraq deməli, törələr o zaman da bütün gücü ilə işləyirmiş.
Sultan Raziyə bəyim
Müsəlman dövlətləri içində taxta çıxan ilk qadın Dehli türk dövlətinin sultanı Raziyə xatun olmuşdur. Bu dövlətin hökmdarı olmuş Eltutmuş (1211-1236) varisliyi öz qızına verəndə, buna ağız büzənlər ondan soruşmuşlar ki, oğlanları ola-ola hakimiyyəti qızına niyə ötürürsən? O da cavabında demişdir ki, dövləti idarə etməklə sərxoşluq düz gəlmir. Raziyə isə hökmdara məxsus məziyyətlərə malikdir: cəsur döyüşçü, elm adamlarını sevən, onların qayğısına qalan, məntiqli və səbrli insandır. Xatun hamının unutmuş olduğu, yaxud əməl olunmayan Səmsiyyə sülaləsinin ənənələrini və qaydaların bərpa etdi və məhkəmə işlərini ədalətlə həll edərək öz əlində cəmləşdirdi. O tez-tez səfərlərə çıxır, ordunun ehtiyacını ödəyir, bol-bol bəxşişlər verir, alimləri Dehlidəki mədrəsəyə dəvət edirdi.
Lakin həmişə olduğu kimi türk bəyləri artıq islamda qadınları kişilərlə bərabər saymadıqları üçün onun hakimiyyəti altında olmaq istəmədiklərindən 1240-cı ildə onu taxtdan endirdilər və qardaşı Bəhram Şahini Dehli türk sultanlığına gətirdilər. Bəyim isə həbs edilərək qalaya salınır. O burada da sakit durmayıb, özünə tərəfdarlar toplayır, əsirlikdən azad olunaraq son döyüşə girir və məğlub olur. Əsir düşməsin deyə döyüş yerindən uzaqlaşır. Lakin həyat ona daha acı ölüm hazırlayıbmış. Ona yolda bir hindli rəncbər rast gəlir, əynindəki zinət əşyaların sahib olmaq üçün onu qəfil öldürür və basdırır. Həmin bu zinyət əşyalarını bazarda satmaq istəyəndə məsələnin üstü açılır və məcbur olub bəyimin qəbrinin yerini göstərir. Bundan sonra onun mədrəsəsi səcdəgaha çevrilir. Bu xatun heç zaman hökmdarlığın iyrənc xüsusiyyətlərinə uymur, saray mühitinin iyrənc qanunlarına baş əymir, söz aparıb gətirənləri yaxına buraxmır, satqınlığı, xəyanəti, ara qarışdıranları sevmir, onlardan uzaq dururdu.
Raziyə bəyim hər zaman geyimi ilə seçilirdi; kişi paltarı geyinməz, divan, ya səfərlər zamanı üzünə niqab taxarmış.
Digər xatunlar haqqında
Türkan xatun
Xarəzmşah dövlətinin başçısı Məhəmməd şahın xatunu demək olar ki, ərilə bir yerdə dövləti idarə edir, daxili siyasətə birbaşa qarışırdı. Dövləti vəzifələrə təyinatlarda Türkan xatun söz sahibi idi.
Ərinin səfərdə olmasından istifadə edib düşmənlər Qarşı qala-şəhərə hücum edib, onu mühasirədə saxlayırlar. Lakin Türkan xatunun bacarığı və təşkilatçılığı sayəsində Qarşı müdafiə olunur. Hətta qaladan çıxıb, bəzən düşmənə qəfil zərbələr vurulur. Qalanı ala bilmədiyini (onlar hətta bilmirdilər ki, qalanın müdafiəsinə Türkan xatun başçılıq edir) və Məhəmməd şahın səfərdən dönməyini eşidən düşmən mühasirədən əl çəkir və geri dönür.
Türkan xatunun iradəli, hikkəli bir qadın olduğunu mənbələr də qeyd edirlər. Hətta deyirlər ki, bu xatun bir gün ərinin hamamda cariyələrlə əyləndiyini eşidir. Hikkəli xatun gəlib hamamın qapısını arxadan bağlayır və çıxıb gedir. Əgər nökərlər gəlib qapını açmasaydılar şah orada boğulacaqdı.
Türkan xatunun taleyi faciə ilə bitir. Monqol-tatarların Türküstana hücumunun sonunda Türkan xatun əsir düşür və başkənd Qaraqoruma göndərilir. Burada da, o sakit durmur, özünü şah elan edən oğlu Cəlaləddinin günü-gündən artan nüfuzuna görə Toluy xaqan (Çingiz xanın dörd oğlu vardı -Cuçi, Cağatay, Ugedey, Toluy) onunla qohum olmaq istəyini Türkan xatuna bildirir. Türkan xatun bu xəbəri Azərbaycana Cəlaləddinə göndərsə də, o buna əhəmiyyət vermir və fəthinə davam edir. Həmişə anasının əmrlərini yerinə yetirən Cəlaləddin, nədənsə Qaraqorumla qohum olmaq fikrindən daşınır.
Türkan xatun isə elə bu başkəndə dünyasını dəyişir.
Börte xatun (Çingiz xanın xanımı)
Deyilənə görə xatuna bərabər "xanım" sözü 1206-cı ildə yaranmışdır. Belə ki, Çingiz xan "monqol və tatar boylarını qurultayda yığıb deyir: "Ulusum, mən sizin xanınız - əlini Börteyə uzadıb əlavə edir. - Bu da mənim xanım". O zamandan xanın həyat yoldaşına xanım deyirlər.
Börte xatun Timuçinin Çingiz xan olmasında müstəsna xidmətlər göstərir. Onu min bir əzabla təkbaşına ölüm həbsxanasından xilas edir, yüksəldir, oğlanlarını böyüdür və məcbur edir ki, həmişə atalarını dinləsinlər, sözlərinə qulaq assınlar. Məhz bu xatunun əməyi, səyi nəticəsində Çingiz xan böyük bir imperiya yaradır, onu ən çətin anlarda öz ağıllı məsləhətlərilə vəziyyətdən çıxardır. Börte xatun yeganə adam idi ki, Çingiz xanın yanına qəbul qapısından girmirdi. Çingiz xanı hələ Timuçin olanda bir neçə dəfə çadırda ölümdən qurtarmışdı. Əri xan seçildikdən sonra demək olar ki, başkənd Qaraqorumdan çıxmamış, dünyanın hər yerindən gələn, daşınan misli görünməmiş sərvətin məsuliyyətinin birbaşa cavabdehi idi.
Timuçin, Çingiz adları türkcə, tatarca olduğu kimi "Börte"də əski türk anlamında "börd/qurd" anlamına gəlir. Hətta göy türkləri dəmir dağları yandırıb dünyaya savaş açdıqları zaman belə deyirdilər:
Ergenekon yurdun adı
Borteçine qurdun adı
Börte xatun 1230-cu ildə Qaraqorumda dünyasını dəyişmişdir. Amma mənbələr onun bir zamanlar əsir düşmüş Türkan xatunla münasibətləri haqqında heç bir məluman vermir. Ola bilməz ki, münasibətləri olmasın. Ən azı Börte xatun ərinin fəthlərini ciddi izləyirdi və ola bilməz ki, Xarəzmşah dövləti haqqında xüsusi bilgilərə Türkan xatun vasitəsilə yiyələnməsin.
Möminə xatun (Atabəylər dövrü, XIII əsr)
Azərbaycanın həşəmətli qadınlarından biri, dövrünün törələrinə əməl edən, amma ərinin yanından heç zaman ayrılmayan Möminə xatun. Onun haqqında az bilgilər olsa da, o da məlumdur ki, ilk dəfə sultan II Toğrula ərə gedib və ondan Arslan adlı bir övladı olub və bu şahzadənin Atabəyi sarayda Şəmsəddin Eldəniz olub. Dövrünə görə sultanın xanımı sıradan biri ola bilməzdi. Deyilənə görə, onun əsli-nəcabəti Əfrasiyabın (Alp Ər Tonqa) qız şahzadələri üçün tikdirdiyi Qa(ə)zvin şəhərinə gedib çıxır. Hər halda saraydakı ağıllı davranışı, hakimiyyət pillələrində hansı oyunların qurulduğunu gözəl bilən bu xatun bütün ədavətlərdən uzaq duraraq əvvəlcə sultan II Toğruldan olan oğlu Arslanı hakimiyyətə gətirmək, sonra sultan Məsudun onu oğlunun Atabəy Eldənizə verməsilə, sonuncunun sonsuz hakimiyyətə yiyələnməsi, ən sonda isə Eldənizdən olan övladlarının - Cahan Pəhləvanın və Qızıl Arslanın səlcuq dövlətinə yiyələnməsi onun hansı kökdən, nəsildən olmasından xəbər verir.
Deyilənə görə, Möminə xatunun birinci əri II Toğrula sui-qəsd (1235) olunmuş, lakin Möminə xatun oğlu Arslana xətər dəyməsin deyə susmuşdur. Sonradan sultan Məsud xatunu saraydan uzaqlaşdırmaq üçün oğlunun Atabəyi Eldənizə ərə vermiş və onlara əvvəlcə Bərdəni, sonra Gəncəni iqta etmişdir.
Möminə xatun Atabəy Eldənizi həmişə ölkə səyahətlərində müşayiət edirdi, Dövlət əhəmiyyətli məsələlərdə xatunun fikri ilə hesablaşırdılar. Möminə xatun xalq arasında böyük hörmətə sahib idi, mədəniyyətin, maarifin inkişafına köməklik edirdi. Bu ağıllı və hörmətəlayiq qadının şərəfinə ölümündən (1175) sonra memar Əcəmi tərəfindən Naxçıvanda "Möminə xatun" məqbərəsi tikilir.
Möminə xatun birinci oğlu Arslanla (onu hakimiyyətə Atabəy gətirmişdi) Eldənizin münasibətlərinin sağlam olması uğrunda mübarizə aparmışdır. Dövləti və övladlarını qorumaq onun əsas qayəsi idi. O dövrünün bütün siyasi hadisələrindən xəbərdar idi və vaxtında Atabəyi xəbərdar edirdi. Xatun həmçinin oğlu sultan Arslanla Eldəniz arasında vasitəçi rolunu oynayırdı. Bədxahlar onların arasını vurmaq istəyəndə Möminə xatun oğlunun yanına getmiş və salnaməçi Sədrəddin əl-Hüseyni bunu belə qələmə almışdır:
"Sultan Arslan yalnız formal, Eldəniz isə həqiqətdə hakim idi. (Atabəy) əmrlər verir, torpaqları iqta kimi paylayır, xəzinələri özü istədiyi kimi ölkənin hər hansı bir yerinə köçürərək, onların ixtiyarını əlində saxlayırdı. Sultan isə bu barədə onunla ixtilafa girə bilmirdi və bəzən onun sinəsi Atabəy Eldənizin idarə işlərindəki mütləqiyyətindən, əmrlər (verməməsindən), istədiyi adama iqta paylamasından sıxılırdı. Sultan bu barədə danışanda, onun anası Möminə xatun belə cavab verirdi: "Özünü o yerə qoyma! Bu adam özünü təhlükə altına qoymuş və dönə-dönə ağır döyüşlərə atılmışdı. (Bundan başqa) o, özünün ən qiymətli xeyirxahlığını əsirgəməmiş, səni sultan (taxtına) çıxaranadək özünün çoxlu qulam və silahdaşlarını ölümə göndərmişdi. Səlcuqların işərisində səndən böyükləri nə qədər var, ancaq həbslərdə yatırlar və həyatları sıxıntılı keçir. Onlar öz yerlərindən tərpənə bilsəydilər, qəsdləri yüksək olardı. Ancaq onlar bacarmırlar. Sən isə sultan taxtındasan, o da, onun iki oğlu da sənə qulluq edir, sənin qabağında durur, sənin düşmənlərinlə vuruşur, rəqiblərinə üstün gəlirlər, sən və sənin könlün bütün bunlardan azaddır! Atabəy hər nə edirsə-bağışlayır və ya geri alır - bunların hamısı sənin qüdrətli dövlətinin möhkəmləndirilməsi, hakimiyyətinin daha da bərkiməsi üçün edilir. Qoy onun hərəkətləri səni kədərləndirməsin, onun cəhdləri səni qayğılandırmasın. O ki, sənin məmlükündür!" O, öz anasından bunları eşitdikcə susurdu.
18:50 01.05.2025
Oxunuş sayı: 891