Pakistan ordusu Hindistan sərhədinə ağır hərbi texnika toplamağa başlayıb

Pakistan Silahlı Qüvvələri Hindistanla sərhəd bölgəsinə genişmiqyaslı ağır hərbi texnika və canlı qüvvə yerləşdirməyə başlayıb. Yerli mənbələrin verdiyi xəbərə görə, sərhədin müxtəlif istiqamətlərində tank kolonları, artilleriya batareyaları və zirehli texnika hissələri müşahidə edilir. Əməliyyat çərçivəsində həmçinin sərhəd zonasında hərbi mövqelər möhkəmləndirilir və əlavə ehtiyat qüvvələr cəmləşdirilir.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, bu addım Hindistanın 1960-cı ildə imzalanmış “Sular haqqında müqavilə”ni pozaraq İnd çayının Pakistan istiqamətində axınını dayandırmasından sonra atılıb. Qeyd olunan müqaviləyə əsasən, İnd çayı və ona bağlı çayların suları Pakistanın istifadəsinə buraxılmışdı. Lakin Hindistanın son qərarı İslamabadda kəskin narazılıq yaradıb və rəsmi dairələr bu addımı ölkənin su təhlükəsizliyinə birbaşa təhdid kimi qiymətləndiriblər.
İslamabad rəsmiləri bəyan ediblər ki, Hindistanın İnd çayının axınını dayandırmaq cəhdi Pakistanın su ehtiyatlarına ciddi zərbə vura və kənd təsərrüfatı sektorunda böyük böhran yarada bilər. “İnd çayının suyu bizim həyati resursumuzdur. Onun istiqamətinin dəyişdirilməsi və ya axınının kəsilməsi birbaşa müharibə elan etmək kimi qəbul ediləcək", — deyə Pakistan Xarici İşlər Nazirliyi bildirib.
Bölgədə vəziyyətin gərginləşməsi beynəlxalq təşkilatların və böyük güc dövlətlərinin də narahatlığına səbəb olub. Bir çox analitiklər qeyd edir ki, iki nüvə silahına sahib ölkə arasında belə bir su böhranı nəinki regional sabitliyi, həm də qlobal təhlükəsizliyi təhdid edə bilər.
Hazırda Pakistan diplomatik kanallar vasitəsilə məsələnin həllinə çalışsa da, ordunun hərbi hazırlığını artırması vəziyyətin istənilən an daha da kəskinləşə biləcəyini göstərir. İki ölkə arasında əvvəllər də sərhəd qarşıdurmaları müşahidə olunsa da, bu dəfə su resursları ətrafında yaranan böhran vəziyyətə yeni və daha təhlükəli bir ölçü qazandırıb.
Fatimə Nəbiyeva
09:58 27.04.2025
Oxunuş sayı: 845