Aİ-də uşaq zorakılığı materialları artır

Avropa İttifaqında yerləşən internet saytlarında uşaqlara qarşı zorakılıq materiallarının sayı ciddi şəkildə artıb.
İnternet İzləmə Fondunun (IWF) illik hesabatına əsasən, 2024-cü ildə uşaq istismarı ilə bağlı məzmun ehtiva edən veb səhifələrin 62 faizi Aİ ölkələrində yerləşib.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, təkcə Niderlandda 83 mindən çox URL qeydə alınıb. Bolqarıstan, Rumıniya, Litva və Polşa da ev sahibliyi edən ölkələr arasında ilk sıralardadır.
Məlumatlara görə, nümayiş olunan uşaqlar əsasən 7–10 yaş arasında olub. Qız uşaqları oğlanlardan dörd dəfə çox hallarda istismar edilib. Süni intellektlə yaradılan istismar məzmununun da artdığı qeyd olunub.
IWF-in rəhbəri uşaqların onlayn təhlükələrə qarşı müdafiəsinin gücləndirilməsini vacib sayıb. Aİ isə 2011-ci ildən qüvvədə olan qanunvericiliyin yenilənməsi istiqamətində tədbirlər görür.
Ekspertlər böyük texnoloji şirkətləri bu materialları izləmək və aradan qaldırmaqda daha məsuliyyətli davranmağa çağırırlar.
Zəhra Ağayeva
14:45 26.04.2025
Oxunuş sayı: 1019