Avstraliyada ANZAK Günü qeyd olundu



ANZAK Günü münasibətilə Avstraliyanın Sidney şəhərində silsilə tədbirlər keçirilib. Çanaqqala döyüşlərinin 110-cu ildönümünə həsr olunmuş mərasimdə Avstraliya Azərbaycan Assosiasiyası və Güney Azərbaycan Demokratik Türk Birliyi də iştirak edib.
Tədbir çərçivəsində Çanaqqala şəhidlərinin nəvələri Alaattin Dölek, vəkil Ayşe Doğan, Gaye Nur Kalay, Alanur Sariye Söyler və layihə koordinatoru, Mut Yüksək Məktəbinin direktoru Koray Gidirişlioğlu, eləcə də müəllim Filiz Atilla ANZAK əsgərlərinin nəvələri ilə bir araya gəliblər. Layihənin Sidney mərhələsinin təşkilatçılığına RSL Müharibə Veteranları Dərnəyinin Türk şöbəsinin rəhbəri Mehmet Evin rəhbərlik edib. Auburn Gelibolu məscidi ərazisində keçirilən tədbirin koordinasiyasını məscidin din xadimi Abdülhalim Erkoç həyata keçirib.
Tədbirdə Sidneyin Baş Konsulu Belgin Ergüneş, Avstraliyanın keçmiş millət vəkilləri, yerli bələdiyyə nümayəndələri, Koreya müharibəsi veteranları, yerli və xarici qonaqlar, müxtəlif QHT nümayəndələri iştirak ediblər. Baş Konsul çıxışında qeyd edib ki, keçmişin acılarını unutmadan barış və qardaşlıq içində yaşamaq mühümdür. O, Çanaqqala savaşında həlak olan mehmetçiklərimizi və ANZAK əsgərlərini dərin ehtiramla yad etdiklərini bildirib.
Məscidin din xadimi Abdülhalim Erkoç Avstraliya mediasına verdiyi açıqlamada bildirib ki, 1915–1916-cı illərdə baş tutan Çanaqqala döyüşləri təkcə hərbi münaqişə deyil, həm də insanlıq və dostluq hekayələrinə şahidlik edib. Savaş zamanı türk və ANZAK əsgərləri arasında qarşılıqlı yardım və anlayış nümunələri göstərilib. Erkoç, Mustafa Kamal Atatürkün 1934-cü ildə ANZAK analarına ünvanladığı və “Sizin övladlarınız artıq bizim övladlarımızdır” sözlərinin yer aldığı məktubu da xatırladıb.
Tədbir çərçivəsində Gelibolu məscidinin həyətində Avstraliya hərbi bandosunun müşayiəti ilə yürüş təşkil olunub, Auburn Türk Dostluq Divarına əklillər qoyulub. Mərasimdə Mersin Universitetinin rektoru professor Erol Yaşar, Mersin Gələcək Platformasının sədri Hasan Gezer, Mut Yüksək Məktəbinin direktoru Koray Gidirişlioğlu, RSL Müharibə Veteranları Dərnəyinin Türk Şöbəsinin rəhbəri Mehmet Evin və din xadimi Abdülhalim Erkoç da daxil olmaqla layihəyə dəstək verən bütün şəxslərə təşəkkür edilib.
Sonda Gelibolu Məscidində Anafartalar Qrupu komandanı Qazi Mustafa Kamal Atatürk və onun silahdaşları başda olmaqla bütün şəhidlərin ruhuna dua oxunub. Mərasim zamanı Türkiyə Baş Konsulu, Avstraliya Ordusunun generalı Deniz More, Şimali Kipr Türk Cümhuriyyətinin Dernek Başkanı Müge xanım və Güney Azərbaycan Demokratik Türk Birliyinin Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Mikayıl Berabər tərəfindən Gelibolu məscidinin həyətində dostluq ağacı əkilib.
Aydan Quliyeva
19:55 25.04.2025
Oxunuş sayı: 966