Pakistanlı jurnalist Azərbaycanda səfərdədir




Çin Mərkəzi Televiziyasının (CCTV) beynəlxalq icmalçısı, siyasi analitik Malik Ayub Sumbal Azərbaycana səfər edib.
Bununla bağlı Crossmedia.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.
Pakistanlı jurnalist Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, önünə gül dəstəsi qoyub. Şəhidlər xiyabanında və II Fəxri xiyabanda olan qonaq ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini yad edib.
Jurnalist ölkəmizə səfəri çərçivəsində Şuşa, Xankəndi və Ağdama gedib, bölgədəki cari vəziyyətlə yaxından tanış olub.
Malik Ayub Sumbal Şuşada Mehmandarovun malikanəsini, Yuxarı Gövhər Ağa məscidini, Güllələnmiş heykəlləri, “Xan qızı” bulağını, Vaqifin məqbərəsini, Cıdır düzünü, Şuşa qalasının Gəncə qapısını ziyarət edib. Qonağa şəhərdə aparılan quruculuq işləri ilə bağlı məlumat verilib.
Sonra Xankəndiyə yola düşən qonaq Qarabağ Universitetinə gedib, ali təhsil ocağının fəaliyyəti ilə yaxından tanış olub. Ardınca XVIII əsrdə Qarabağ xanı Pənahəli xanın göstərişi ilə inşa edilən, Azərbaycan memarlığının parlaq nümunələrindən sayılan Əsgəran qalasını ziyarət edib. Jurnalistə qalanın tarixindən bəhs olunub.
Sumbal Ağdam İmarət Kompleksində Xurşidbanu Natəvanın məzarını, Cümə məscidini ziyarət edib. Sarıcalı kəndində aparılan bərpa və yenidənqurma işlərinin şahidi olub.
Ölkəmizə səfəri çərçivəsində qonaq Diasporla İş üzrə Dövlət Komitəsində də olub, gənc könüllülər və əməkdaşlarla görüşüb. Qarabağ haqqında təəssüratlarını bölüşən jurnalist regionda aparılan bərpa və yenidənqurma işlərini yüksək qiymətləndirib.
Görüşdə jurnalist gənclərin suallarını cavablandırıb. Qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Qonaq qeyd edib ki, könüllülərin fəaliyyəti cəmiyyətin inkişafına böyük töhfələr verir və dayanıqlı inkişafa dəstək olur.
Pakistanlı jurnalistin öz təcrübələrini bölüşməsi, gənclərin daha dərin düşünməsi və fərqli baxış bucaqları əldə etməsi baxımından əhəmiyyətli olub. Belə görüşlərin təşkili gənclərə fərqli perspektivlər qazandırmağa kömək edir, onların dünyagörüşünü genişləndirir.
Belə səfərlər beynəlxalq media orqanlarının bölgədəki vəziyyəti daha yaxından izləməsi və dünyaya obyektiv məlumat çatdırması baxımından böyük həmiyyət kəsb edir.
Qeyd edək ki, Malik Ayub Sumbal “Tovuz to Karabakh: A Comprehensive Analysis of War in South-Caucasus” (“Tovuzdan Qarabağa: Cənubi Qafqazda müharibənin hərtərəfli təhlili”) adlı kitabın müəllifidir. Müasir Azərbaycanın inkişafında Ümummilli Lider Heydər Əliyevin xidmətlərindən bəhs edən məqaləsi İtaliyanın nüfuzlu “İl Nodo di Gordio” beyin mərkəzinin saytında yayımlanıb.
11:10 22.04.2025
Oxunuş sayı: 788