Akademik İsa Həbibbəyli Manas televiziyasında çıxış edib

Qırğızıstana səfəri çərçivəsində AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Manas Universitetində “Mediamanas” mərkəzində olub.
AMEA-dan bildirilib ki, görüşdə akademik İsa Həbibbəyli Manas televiziyası və radiosunda yayımlanan verilişdə geniş müsahibə verib. Müsahibədə akademik İsa Həbibbəyli AMEA ilə Manas Universiteti arasında əməkdaşlıq protokolu imzalandığını və bu protokolun iki qurum arasında gələcək birgə fəaliyyət üçün böyük imkanlar açdığını vurğulayıb. Eyni zamanda, Qırğızıstan MEA ilə anlaşma memorandumu imzalandığını və “Çingiz Aytmatov Ensiklopediyası”nın “Çingiz Aytmatov və Azərbaycan” cildi ilə bu əməkdaşlığa real olaraq başlandığını söyləyib.
Akademik İsa Həbibbəyli Çingiz Aytmatovun iki ölkə arasında mükəmməl körpü olduğunu və böyük yazıçı haqqında “Çingiz Aytmatov haqqında söz” adlı kitab yazdığını bildirib. Müsahibədə Çingiz Aytmatovun irsindən geniş bəhs olunub.
12:30 18.04.2025
Oxunuş sayı: 789