Türkiyə F-16 planını dondurdu, hədəf yenidən F-35 oldu

Türkiyə F-35 proqramına qayıtmaq üçün səylər göstərir və bu məqsədlə F-16 ilə bağlı müqaviləni müvəqqəti olaraq dondurub.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, Türkiyə və ABŞ prezidentləri arasında telefon danışığından sonra iki ölkənin hökumətləri Rusiya istehsalı olan S-400 hava hücumundan müdafiə sistemləri məsələsinin həllinə dair danışıqlara başlayıblar.
Əgər Vaşinqton Türkiyəni yenidən F-35 proqramına qəbul etsə, Ankara F-16 üzrə 1,4 milyard dollarlıq avans ödənişini F-35 proqramına yönləndirə bilər.
Başqa mənbədə isə qeyd edilib ki, bu ödənişin yönləndirilməsi çətinlik yaratmayacaq, çünki hər iki tip döyüş təyyarəsi ABŞ-ın müdafiə sənayesi nəhəngi “Lockheed Martin” tərəfindən istehsal olunur.
Əgər Türkiyə F-35 proqramına yenidən daxil edilərsə, artıq bu ölkə üçün tikilmiş 6 təyyarəni dərhal ala bilər. Ankara ümumilikdə ABŞ-dan 40 ədəd F-35 döyüş təyyarəsi almağı planlaşdırır.
Lakin İsrail və Yunanıstan bu satışın qarşısını almaq üçün Vaşinqtonda lobbiçilik aparırlar. İsrail uzun müddətdir ki, ABŞ silahlarının Yaxın Şərq ölkələrinə satışına faktiki veto qoyaraq bölgədəki hərbi üstünlüyünü qorumağa çalışır.
Bundan əvvəl “Middle East Eye” (MEE) agentliyi məlumat vermişdi ki, Ankara S-400 sistemlərini müvəqqəti olaraq Suriyada yerləşdirməyi nəzərdən keçirir. Bu addım ABŞ sanksiyalarının aradan qaldırılmasına töhfə verə bilər.
Pərvin Hacıyeva
19:49 17.04.2025
Oxunuş sayı: 1107