Bu səfər iki dövlət arasında tarixi əlaqələrin davamlılığını göstərir - AÇIQLAMA

Azərbaycan və Gürcüstan arasında formalaşmış münasibətlər hər iki ölkə üçün strateji əhəmiyyət kəsb edir. Tarixi əlaqələr bugünkü əməkdaşlığa güclü təməl yaradır. Xəzər və Qara dəniz regionunda enerji təhlükəsizliyi, regional nəqliyyat şəbəkəsinin inkişafı, o cümlədən Bakı-Tbilisi-Qars və Bakı-Tbilisi-Ceyhan kimi layihələr bu tərəfdaşlığın mərkəzində dayanır. İkitərəfli əməkdaşlıq yalnız iqtisadi və enerji sahələri ilə məhdudlaşmır. Təhsil, mədəniyyət, turizm, elm və ictimai-humanitar sahələrdə də əlaqələr genişlənir, xalqlar arasında dostluq daha da möhkəmlənir. Bu münasibətlərin davamlılığı gələcəkdə daha böyük regional və qlobal layihələrin gerçəkləşdirilməsi üçün zəmin yaradır. Gürcüstan Prezidenti Mixeil Kavelaşvili aprelin 15-də Azərbaycana ilk xarici səfərini etməsi bu əlaqələrin inkişafının əsas göstəricilərindəndir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Pərvanə Vəliyeva bildirib ki, Gürcüstan Prezidenti ilk xarici səfərini Azərbaycana edib: “Səfər çərçivəsində bir sıra dövlət rəsmiləri ilə görüşlər keçirilib. Bu səfər iki dövlət arasında tarixi əlaqələrin davamlılığını və regionun sabitliyinə verdiyi töhfələri bir daha nümayiş etdirir. Azərbaycan və Gürcüstanın əsrlər boyu davam edən dostluq və mehriban qonşuluq əlaqələri bu gün də müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etməkdədir. Azərbaycan və Gürcüstan arasında enerji əməkdaşlığı təkcə ikitərəfli deyil, həm də qlobal miqyasda xüsusi əhəmiyyət daşıyır. Belə ki, Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi mühüm enerji layihələri Avropanın enerji təhlükəsizliyinə töhfə verir. Bakı-Tbilisi-Qars dəmiryolu şərq və qərb arasında qısa və səmərəli alternativ bağlantı yaradır”.
Deputatın sözlərinə görə, Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələrinin inkişafında bu dövlətlərin Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr, iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası komissiya və parlamentlərarası əlaqələr üzrə işçi qrupu platformaları vacib rol oynayır: “İkitərəfli əlaqələr beynəlxalq təşkilatlar çərçivəsində də uğurla davam etdirilir. BMT, ATƏT, GUAM kimi bir sıra beynəlxalq platformalarda ölkələrimiz bir-birinin milli maraqları ilə bağlı məsələlərə hər zaman həssaslıqla yanaşır və bir-birinə dəstək nümayiş etdirirlər. Azərbaycan 11 ölkəyə Gürcüstan tranzit vasitəsilə təbii qaz ixrac edir və bu sayın artacağı gözlənilir. Bu əməkdaşlıq Gürcüstanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Bundan əlavə, iki ölkə yaşıl enerji layihələrinin də icrasında birgə addımlar atırlar. Xüsusilə bərpa olunan enerji mənbələri üzərində işlər, hər iki hökumətin məsuliyyətini və gələcək inkişaf perspektivlərini ortaya qoyur. Azərbaycan və Gürcüstan arasındakı strateji tərəfdaşlıq regionda sabitlik, inkişaf və təhlükəsizliyin təmin olunmasında həlledici rol oynayır. İki dövlət arasında siyasi, iqtisadi, enerji və nəqliyyat sahələrində əməkdaşlıq uğurla davam edir”.
Nəzrin Salmanova
19:02 17.04.2025
Oxunuş sayı: 1119