Ceyhun Bayramov: Son 20 ildə Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayıb

Sloveniya şirkətləri Azərbaycanda mövcud olan biznes və investisiya imkanlarını araşdırmağa dəvət edilib.
Crossmedia.az ki, bunu Azərbaycan xarici işlər nazir Ceyhun Bayramov Azərbaycan-Sloveniya bizes forumunda çıxışı zamanı bildirib.
Nazir deyib ki, Azərbaycan əlverişli geostrateji mövqeyi, regionda lider iqtisadiyyatı, müasir infrastrukturu və güclü dövlət dəstəyi ilə beynəlxalq biznes üçün cəlbedici mühit yaradır: “Sloveniya işgüzar dairələrini Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrində aparılan bərpa və yenidənqurma işlərində, xüsusilə investisiya layihələrinin araşdırılması baxımından fəal iştirak etməyə dəvət edirik. Azərbaycanla Sloveniya arasında hərtərəfli əməkdaşlığın genişləndirilməsi mövzusunda danışarkən, turizm sektorunun potensialını nəzərdən qaçırmaq olmaz. Hər iki ölkənin zəngin mədəni irsi, möhtəşəm təbiəti və tarixi abidələri qarşılıqlı turizm üçün geniş imkanlar yaradır”.
O bildirib ki, bundan əlavə, ölkələr arasında iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi, həmçinin əməkdaşlığın yalnız paytaxt şəhərlərlə məhdudlaşmaması, regionlararası biznes əlaqələrinin inkişafı əməkdaşlığımızın şaxələndirilməsi və qarşılıqlı investisiyaların təşviqi baxımından faydalı olacaq: “Son 20 ildə Azərbaycan etibarlı tərəfdaş kimi Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayıb".
Nazirin sözlərinə görə, bu cür biznes forumlar mütəmadi keçiriləcəyinə ümid edir və gələcəkdə istər ümumi, istərsə də tematik forumlar ikitərəfli ticarətimizin və qarşılıqlı investisiyaların artmasına yeni təkan verəcək.
C.Bayramov həmçinin deyib ki, gələn il Azərbaycanla Sloveniya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi tamam olsa da, ölkələr arasındakı dostluq və əməkdaşlıq son 30 illə məhdudlaşmır: "80 il əvvəl Azərbaycanın qəhrəman oğlu Mehdi Hüseyn partizan döyüşlərində "Mixaylo" adı ilə tanınaraq, Sloveniyanın faşist işğalından azad olunması uğrunda canından keçərək xalqlarımız arasında qardaşlıq əlaqələrinin təməlini qoyub".
Onun sözlərinə görə, Azərbaycanla Sloveniya arasında son dövrlərdə baş tutan yüksək səviyyəli təmaslar, dərinləşən siyasi dialoq, iqtisadi əməkdaşlığın davamlı artımı, birgə işçi qrupun iclası və biznes forumu tərəflərin geniş sahələr üzrə əməkdaşlığını inkişaf etdirməklə qarşılıqlı marağını və güclü siyasi iradəsini aydın şəkildə nümayiş etdirir: "Biz inanırıq ki, İşçi Qrupun iclaslarını ticarət, investisiya, enerji, əlaqəlilik, informasiya texnologiyaları, kənd təsərrüfatı, əczaçılıq, turizm, təhsil və mədəniyyət kimi müxtəlif sahələrdə əməkdaşlığımızı gücləndirmək üçün əsas mexanizm kimi istifadə etməliyik. Biz bu müzakirələr çərçivəsində qəbul olunmuş qərarların tam icrası üçün bütün zəruri birgə səyləri səfərbər etməliyik. İş adamları, bu günkü biznes forum şirkətlərimizin nümayəndələri və işgüzar dairələri arasında birbaşa əlaqələrin qurulması, qarşılıqlı faydalı əməkdaşlıq sahələrinin müəyyən edilməsi və uyğun layihələrin həyata keçirilməsi baxımından çox önəmli bir platformadır".
14:45 17.04.2025
Oxunuş sayı: 1009