Dünya yenidən formalaşmağa can atır - lV Antalya Diplomatik Forumu

lV Antalya Diplomatik Forumunda dünyanın bir çox dövləti və önəmli təşkilatları birgə iştirak edir. Həmçinin Azərbaycan da prezident İlham Əliyevin başçılığı ilə öz nümayəndə heyəti ilə forumda iştirak edir. Forum çərçivəsində Prezident İlham Əliyevin forumdakı iştirakı təkcə Türkiyə ilə strateji tərəfdaşlığın və türk dünyası ilə inteqrasiyanın davamı deyil. Bu, eyni zamanda Azərbaycanın özünü müstəqil, çoxtərəfli və etibarlı aktor kimi təqdim etmək strategiyasının bariz ifadəsidir.
Ölkəmiz hazırda təkcə Avropa İttifaqının enerji təhlükəsizliyində açar rol oynayan tərəfdaş deyil, həm də Cənubi Qafqaz, Xəzər hövzəsi və hətta Mərkəzi Asiyada mürəkkəb siyasi proseslərə moderasiya edən regional gücdür.
Forumla və forumdan əldə edilə biləcək nəticələrlə bağlı Milli Məclisin deputatı Aydın Hüseynov Crossmedia.az-a açıqlama verib:
"2025-ci ildə özünün kulminasiya nöqtəsinə yüksələn beynəlxalq münasibətlər sistemində maraqlı hadisələr baş verməkdədir. Sanki dünya yenidən formalaşmağa, yeni iqtisadi əlaqələr qurmağa can atır. Türkiyənin Antalya şəhərində 11-13 aprel tarixlərində keçirilən IV Forumun “Parçalanmış dünyada diplomatiyanın bərpası” adlandırılması da təsadüfi sayıla bilməz. Bəli, dünya ölkələri yeni münasibətlərin qurulması üçün parçalanma mərhələsindən keçir. Forumda dünyanın müxtəlif ölkələrindən dövlət rəhbərləri, diplomatik nümayəndələr, nazirlər və mütəxəssislər iştirak edirlər. Antalya IV Forumu dövlət və hökumət başçıları, xarici işlər nazirləri, diplomatlar, akademiklər və digər yüksək səviyyəli şəxsləri bir araya gətirərək qlobal və regional məsələləri müzakirə etməyə imkan verir”.
Deputat qeyd edib ki:
"Forum Cənubi Qafqazda müharibədən sülhə keçidi təmin edən tədbir kimi də tarixə düşə bilər: “Forum çərçivəsində qlobal təhlükəsizlik, iqtisadi inkişaf, iqlim dəyişikliyi və digər aktual beynəlxalq məsələlər müzakirə olunur. Ermənistanla Azərbaycan arasında hələ də sülh müqaviləsi imzalanmayıb. İrəvan sülh imitasiyasını davam etdirir, sülhə hazır olduğunu desə də, əməldə bunun əksini edir, atəşkəsi pozur, şərti sərhədlərimizə üçüncü ölkələrin hərbi qulluqçularını dəvət edir və onlar isə “mülki müşahidə missiyası” adı altında təxribatla məşğul olurlar. Bu barədə qarşı tərəfə etirazlar göndərilsə də heç bir faydası olmayıb. Azərbaycanın Ermənistanın təxribatlarına misli ilə cavab vermək gücü var, amma rəsmi Bakı yenə də diplomatiyaya üstünlük verir. Müharibənin yenidən alovlanmasını istəmir, davamlı sülhə çalışır. Eyni zamanda Azərbaycan Antalya IV Diplomatiya Forumunda aparılan müzakirələrdə öz mövqeyini nümayiş etdirir. Qalib ölkə olaraq sülhün tərəfdarı olduğunu göstərir. Ermənistanın sülhə qarşı olan siyasi gedişlərini neytrallaşdırmaq üçün beynəlxalq birliyin gücündən istifadə etmək variantı barədə də düşünür”.
Ayhan Ağarzayev
20:44 11.04.2025
Oxunuş sayı: 1684