Avropa Birliyi Azərbaycana hörmətlə yanaşmalıdır - Deputat

Azərbaycan Respublikasının yürütdüyü müstəqil daxili və xarici siyasəti bəzi dünya dövlətləri qısqanclıqla qarşılayır. Dövlətimizin xüsusən suverenliyini bərpa etdikdən sonra artan nüfuzu və beynəlxalq aktora çevrilmə yolunda atdığı qəti addımlar dünyada birmənalı qarşılanmır. Birtərəfli münasibətdə qala bilməyən dövlətlər və qurumlar sırasında biz Avropa ittifaqının da adını çəkə bilərik. Azərbaycana qarşı müəyyən siyasət planı qura bilməyən Avropa ittifaqı gah Azərbaycanla normal münasibətlər qurma yolunda addımlar atır gah da Azərbaycana qarşı qətnamələr qəbul edir. Prezident İlham Əliyev bu məsələyə aprelin 9-da ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda çıxışı zamanı münasibətində toxunub: "Avropa Komissiyasında əyləşənlər gözlərindən eynəyi çıxarsınlar və dünyaya realist nöqteyi-nəzərdən baxsınlar, Azərbaycan kimi ölkələri dəyərləndirsinlər və Qafqazı sevdikləri ilə sevmədiklərinə bölməyə cəhd etməsinlər, yaxşı tərəfdaş kimi davransınlar. Biz buna hazırıq".
Mövzu ilə bağlı Milli Məclisin deputatı Aydın Mirzəzadə Crossmedia.az-a açıqlama verib: "Avropa birliyi ilə Azərbaycan münasibətləri gah yüksəliş gah eniş mərhələsində olur və görünən ondan ibarətdir ki, Avropanın rəsmiləri Avropa üçün çox aktual bir problem olduqda Azərbaycanın imkanlarından istifadə etmək və Azərbaycanla xoş münasibətlər qurmağa çalışırlar. Ancaq problemləri həll etdikdən sonra isə az qala Azərbaycanı problemlərə salmağa çalışırlar. Azərbaycan özünə qarşı birmənalı münasibət istəyir. Necə ki, bu münasibəti özü Avropa birliyinə qarşı həmişə sərgiləyir. Vaxtaşırı Avropa Birliyindən Azərbaycana qarşı dost olmayan bir addım, Avropa parlamentinin qərəzli bəyanatlar qəbul etməsi Azərbaycanı düşündürməyə bilməz. O baxımdan cənab prezident Avropa Birliyindən Azərbaycana hörmətlə yanaşmağı tələb edir. Bu mesaj eşidilməlidir. Azərbaycan özünün nüfuzunu və adını həmişə yüksək səviyyədə qoruyur və qoruyacaqdır".
Ayhan Ağarzayev
17:00 11.04.2025
Oxunuş sayı: 1758