Azərbaycan- Suriya münasibətləri necə inkişaf edəcək? -Deputat açıqladı

Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” adlı beynəlxalq forumda çıxışı zamanı Suriya ilə bağlı mühüm açıqlama verib. Dövlət başçısı çıxışında Suriyanın əvvəlki rəhbərliyinin Azərbaycana qarşı ermənipərəst və anti-Azərbaycan mövqeyini sərt şəkildə tənqid edib.
“Əfsuslar olsun ki, əvvəlki rəhbərlik dövründə Suriya ermənipərəst, anti-Azərbaycan mövqeyindən çıxış etdi”, – Prezident bildirib. O, Ermənistan və ovaxtkı Suriya rəhbərliyi arasında sıx təmasların olduğunu vurğulayıb və bu gün Ermənistanın Suriyaya humanitar yardım göstərmək cəhdlərini riyakarlıq adlandırıb: “Ümid edirik ki, Suriya hökuməti tərəfindən belə ikiüzlü insanlara yenidən meydan verilməyəcək. Biz Suriya hökumətini dəstəkləyirik”.
Dövlət başçısının Suriya ilə bağlı səsləndirdiyi fikirlər barədə Crossmedia.az-a danışan Milli Məclisin deputatı Jalə Əliyeva sözügedən tezisin ikitərəfli münasibətlərin bundan sonrakı inkişafı üçün bir istiqamət olduğunu bildirib: "Prezident İlham Əliyev forum çərçivəsində çıxışında bir çox aktual, bütün dünya gündəmini narahat edən məsələlərə toxundu. Bu məsələlərin içərisində Azərbaycan-Suriya münasibətləri də var idi. Suriyanın əvvəlki rəhbərliyinin Azərbaycan əleyhinə anti-Azərbaycan mövqeyini bir daha pisləyən prezident eyni zamanda hazırda Ermənistan tərəfindən Suriyaya müəyyən humanitar yardımların göstərilməsinə cəhd edildiyini bildirib".
Parlamentari qeyd edib ki, səslənən fikirlər Bakı - Dəməşq ikitərəfli münasibətlərinin bundan sonra inkişaf edəcəyini bildirir.
Fatimə Məmmədova
15:48 11.04.2025
Oxunuş sayı: 7051